Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Toplantısında İlham Əliyevin nitqi
21 oktyabr 2011, 11:10
- Hörmətli Nursultan Abişeviç!
Hörmətli nümayəndə heyətlərinin başçıları, əziz dostlar!
İlk növbədə, Nursultan Abişeviç, bu zirvə görüşünü yüksək səviyyədə təşkil etdiyinizə və bizə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, mən artıq üçüncü gündür sizin gözəl ölkənizdəyəm. Dünən mənim Qazaxıstana növbəti rəsmi səfərim həyata keçirildi. Bir daha qeyd etmək istəyirəm ki, biz Qazaxıstan ilə ikitərəfli əlaqələrimizin inkişafı üçün gördüyümüz işlərə çox böyük əhəmiyyət veririk. İkitərəfli münasibətlərimiz çoxşaxəlidir, eyni zamanda, türkdilli dövlətlər arasındakı əlaqələrə də çox müsbət təsir göstərir.
Bizim xalqlarımızı ortaq tarix, ortaq köklər birləşdirir. Ancaq Nursultan Abişeviçin qeyd etdiyi kimi, müstəqilliyimizin cəmi 20 yaşı vardır. Bu 20 il ölkələrimiz üçün həlledici illər olmuşdur. Bu illər ərzində ölkələrimizdə dövlətçilik əsasları formalaşdırılmışdır. Bu illər ərzində biz çox əsaslı, köklü iqtisadi və siyasi islahatlar apardıq. İyirmi il keçdikdən sonra görürük ki, ölkələrimiz dünya xəritəsində layiqli yerini tuta bilmişlər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Görüşünün Qazaxıstanda keçirilməsi də hesab edirəm ki, təbiidir. Çünki Qazaxıstan Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı üçün çox böyük töhfə vermişdir. Bu zirvə görüşünün təşkili özlüyündə Qazaxıstanın rolunu bir daha vurğulayır.
Mən çox şadam ki, görüşlərimiz artıq gözəl ənənəyə çevrilmişdir. Bildiyiniz kimi, bir müddət türkdilli dövlətlərin dövlət başçılarının zirvə görüşləri keçirilmirdi. Ancaq son üç il ərzində bu görüşlər mütəmadi keçirilir. 2009-cu ildə Naxçıvanda, 2010-cu ildə İstanbulda və bu gün Almatıda bu görüşlər keçirilir. Əminəm ki, gələcək illərdə də bu ənənə davam edəcək və hər bir görüşün çox böyük mənası vardır. Bu görüşlər nəticəsində qəbul edilən qərarlar birliyimizi daha da gücləndirir. Biz istəyirik ki, bütün türkdilli dövlətlər arasında həm ikitərəfli, həm çoxtərəfli formatda əlaqələr daha da yüksək səviyyəyə qalxsın.
Azərbaycana gəldikdə, bizim bütün türkdilli dövlətlərlə çox gözəl, işgüzar və səmimi münasibətlərimiz vardır. Biz bu münasibətləri yüksək qiymətləndiririk. Biz çoxtərəfli formatda da, müxtəlif təşkilatlar çərçivəsində və beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq edirik. Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək əlbəttə ki, bizi daha da gücləndirir. Biz BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, İƏT və digər təşkilatlarda uğurla fəaliyyət göstəririk.
Azərbaycanın qarşısında duran əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemidir. Münaqişə uzun illərdir ki, həll olunmamış qalır. Bu, nəinki bizim üçün, bütün bölgə üçün ən böyük təhlükə mənbəyidir və ədalətsizlikdir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü uzun illərdir ki, pozulubdur. Azərbaycanlılara qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır. Bu siyasət nəticəsində 1 milyona yaxın azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür, torpaqlarımızın 20 faizi işğal altındadır. Bütün əsas beynəlxalq təşkilatlar məsələ ilə bağlı öz mövqeyini bildirmişlər. İlk növbədə dünyanın ən mötəbər beynəlxalq təşkilatı BMT və onun Təhlükəsizlik Şurası müvafiq qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, orada Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair məsələlər vurğulanır.
ATƏT-in qərarları, İslam Əməkdaşlığı Təşkilatının çoxsaylı qətnamələri, Avropa Şurası, Avropa Parlamenti və digər təşkilatların qərarları münaqişənin həlli üçün çox güclü hüquqi zəmin yaradır. Ancaq əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqların süni şəkildə uzadılması cəhdləri imkan vermir ki, bu məsələ öz həllini tapa bilsin. Bu münaqişə zamanı Azərbaycan, eyni zamanda, terrorizmə də düçar olmuşdur. Ölkəmizdə çoxsaylı terror aktları törədilmişdir və bu terror aktları nəticəsində iki mindən artıq dinc insan həlak olmuşdur.
Fürsətdən istifadə edərək bir daha qardaş Türkiyəyə, türk xalqına bu yaxınlarda törədilmiş terror aktı ilə əlaqədar dərin hüznlə başsağlığı veririk, həlak olanların ailələrinə səbir diləyirik. Biz həmişə olduğu kimi, bu gün də Türkiyənin yanındayıq və Türkiyənin terrorizmə qarşı haqlı işində həmişə dəstəyimizi göstəririk və göstərəcəyik.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı da çox böyük məna daşıyır. Hesab edirəm ki, biz bu potensialdan lazımi səviyyədə istifadə etmirik. Halbuki ikitərəfli əlaqələrdə ticarət dövriyyəsi artır, ancaq bu, real potensialımızı əks etdirmir. Mən hesab edirəm ki, növbəti illərdə biz qarşılıqlı investisiya layihələrinin icrasına daha çox diqqət yetirməliyik. O ölkələr ki, onlar investisiyaları xarici ölkələrə yatırırlar, əlbəttə, öz diqqətini ilk növbədə türkdilli dövlətlərə yönəltməlidirlər. Çünki bu, bizim birliyimizi daha da gücləndirəcək və eyni zamanda, iqtisadi səmərə də verəcəkdir.
Hazırda Azərbaycan şirkətləri xarici dövlətlərə çox fəal şəkildə investisiyalar qoyurlar. Bu investisiyalar milyardlarla dollar həcmindədir. Biz istəyirik ki, bu siyasət davam etdirilsin. Qarşılıqlı investisiyaların qoyuluşu həm ölkələrin inkişafına xidmət göstərəcək, yeni iş yerlərinin açılışına gətirib çıxaracaq, eyni zamanda, iqtisadi əlaqələrimizi də gücləndirəcəkdir. Bu yaxınlarda Azərbaycan şirkəti SOCAR tərəfindən Türkiyədə yeni böyük investisiya layihəsinin təməl daşı qoyulacaqdır. Qoyulacaq bu investisiyaların həcmi bir neçə il ərzində 5-6 milyard dollar səviyyəsində olacaqdır. Əlbəttə bu, ilk növbədə, iqtisadi və kommersiya layihəsidir. Ancaq, eyni zamanda, investisiyalar dost ölkələrə qoyulur. O ölkələrə ki, orada sabitlik var və gözəl investisiya iqlimi mövcuddur. Ölkələrimiz bu məsələdə də, hesab edirəm ki, ön sıralardadır. Bütün beynəlxalq maliyyə qurumları ölkələrimizdə iqtisadi islahatların aparılmasına da çox yüksək qiymət verirlər. Biznes üçün imkanlar da çox yaxşıdır və bütün reytinqlərdə ölkələrimiz qabaqcıl yerdədir. İqtisadi layihələrlə bərabər, əlbəttə ki, mədəni əlaqələrin inkişafı da böyük məna daşıyır. Bu əlaqələr, demək olar ki, bizim təşkilatımızın əsasını təşkil edir. Çünki bizi birləşdirən ortaq mədəniyyətdir, etnik köklərdir. Təbii ki, bu məsələyə xüsusi diqqət göstərilir.
Mən bütün türkdilli ölkələrə minnətdaram ki, bizim təşəbbüsü dəstəkləmişlər və TÜRKSOY Fondunun yaradılması haqqında konkret təkliflər vardır. Əminəm ki, bu Fondun fəaliyyətə başlaması hər bir türkdilli diyarda öz izini buraxacaqdır. Çünki bu Fondun xətti ilə tarixi abidələrin bərpası, kitabların nəşri, mədəni tədbirlərin keçirilməsi mümkün olacaqdır. Hər bir vətəndaş görəcək ki, bu Fondun real nəticələr vardır. Mən, ümumiyyətlə, hesab edirəm ki, biz növbəti mərhələdə, xüsusilə indi Əməkdaşlıq Şurası formalaşdıqdan sonra diqqətimizi daha çox real layihələrə yönəltməliyik. Çünki bu günədək kifayət qədər ciddi bəyanatlar artıq verilmişdir, sənədlər imzalanmışdır. Bu zirvə görüşünün nəticəsində də çox sanballı sənəd qəbul ediləcəkdir. Ona görə, əgər biz növbəti illərdə daha çox konkret layihələrə diqqət yetirsək bu, təşkilatımızın inkişafı və ölkələr arasındakı əlaqələrin möhkəmlənməsi üçün də müsbət rol oynayacaqdır. Biz buna hazırıq və konkret layihələrin icrası ilə bağlı təkliflərimizi də verəcəyik.
Azərbaycan son illər ərzində enerji təhlükəsizliyi məsələlərinə də öz töhfəsini verir. Hazırda bizim enerji resurslarımız müxtəlif yollarla dünya bazarlarına çıxarılır. Bu istiqamətdə vaxtilə Azərbaycan tərəfindən tikintisi başlanmış və uğurla başa çatmış Bakı-Tbilisi-Ceyhan neft kəmərinin önəmini xüsusilə vurğulamaq istəyirəm. Bu kəmər, sadəcə olaraq, Xəzər dənizinin neftini dünya bazarlarına, Aralıq dənizinə çatdırmaq üçün tikilməmişdir. Bu, əslində yeni bir dəhlizdir. İlk növbədə enerji dəhlizi, ondan sonra qaz kəməri həmin dəhliz üzərində tikilibdir. İndi dəmir yolu dəhlizi tikilir və bütövlükdə bu, Şərqi Qərb ilə, Asiyanı Avropa ilə birləşdirən birinci ciddi təşəbbüs idi. Artıq bu kəmər vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, Xəzər dənizinin şərqində yerləşən yataqlardan çıxarılan neft də ötürülür.
Biz tranzit imkanlarımızı qardaş ölkələr üçün təqdim etmişik. Mən çox şadam ki, bizim tranzit imkanlarımızdan bu gün həm Qazaxıstan, həm Türkmənistan istifadə edir. Əminəm ki, gələcək illərdə bu tranzit imkanları daha da genişlənəcəkdir. Bu məqsədlə Azərbaycan hazırda çox böyük investisiyalar qoyur, logistika mərkəzləri yaradılır, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilir və iki–üç ildən sonra bu liman istifadəyə veriləcəkdir. Biz indi nəqliyyat infrastrukturunun yaradılmasına da çox böyük əhəmiyyət veririk. Yeni bərələr, tankerlər alınır, Bakıda yeni müasir gəmiqayırma zavodu tikilir. Aydındır ki, bütün investisiyalar və infrastruktura qoyulan sərmayə təkcə bizim üçün deyil, bütün Xəzəryanı ölkələr üçün də lazım olacaqdır. Çünki Xəzər qapalı dənizdir və təbii ki, orada istehsal olunan gəmilər, tankerlər ancaq Xəzər dənizində çalışacaqdır. Biz bütün işləri görürük ki, gələcəkdə Xəzər dənizinin şərqindən bu tərəfə və əks tərəfə böyük yüklərin qəbuluna hazır olaq.
Nursultan Abişeviç qeyd etdiyi kimi, gələn ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolunun da tikintisi başa çatmalıdır və 2013-cü ildən başlayaraq bu dəmir yolu istismara verilməlidir. Bu, əslində çox böyük iqtisadi və siyasi bir layihədir. Biz bu layihəyə başlayanda əlbəttə ki, ilk növbədə, dəmir yolu ilə Azərbaycanı Türkiyəyə birləşdirmək istəyirdik. Çünki bu dəmir yolu bağlantısı yox idi. Ancaq layihənin icrası onu göstərdi ki, həm Avropada, həm Asiyada bu layihəyə çox böyük maraq vardır.
Əslində bu, yeni dəmir İpək yolunun yaradılması deməkdir. Azərbaycanı Gürcüstan vasitəsilə Türkiyə və Avropa ilə, Avropanı Azərbaycan, Qazaxıstan, digər Orta Asiya ölkələri, Çin ilə birləşdirən bir yoldur. Mən əminəm ki, bu, həm vaxt, həm də iqtisadi göstəricilər baxımından ən əlverişli nəqliyyat yolu olacaqdır. Əminəm ki, bu yol istismara veriləndən sonra on milyon tonlarla ölçülən yüklər bizim ərazimizdən keçəcək və ölkələrimiz, eyni zamanda, təkcə Azərbaycan deyil, bütün ölkələrimiz tranzit ölkələr kimi bu nəqliyyat dəhlizinin fəaliyyətinə öz töhfəsini vermiş olacaqdır. Bu, konkret real layihələrdir. Bu layihələr həm iqtisadi cəhətdən səmərəlidir, həm də kommersiya baxımından əlverişlidir. Eyni zamanda, bu layihələr birliyimizi daha da gücləndirir.
Türk dünyası böyük dünyadır. Biz elə etməliyik ki, türk dünyası daha da sıx birləşsin. Bunu etmək üçün bütün imkanlar vardır. İlk növbədə güclü siyasi iradə vardır. Bu zirvə görüşlərinin mütəmadi keçirilməsi, bu gün birinci Əməkdaşlıq Şurasının keçirilməsi, qəbul ediləcək qərarlar çox ciddi siyasi iradənin mövcudluğunu göstərir. Digər tərəfdən iqtisadi maraqlar da bizim iqtisadi maraqlarımızla üst-üstə düşür.
Bizim - Qazaxıstanın, Azərbaycanın və digər türkdilli dövlətlərin zəngin təbii ehtiyatları vardır. Biz bu ehtiyatları dünya bazarlarına çatdırmaq üçün müxtəlif yollardan istifadə edirik. Bizim Türkiyə kimi dostumuz vardır. Qeyd edildiyi kimi, bizim müstəqilliyimizi ilk tanıyan Türkiyə olmuşdur. Türkiyə böyük ərazidir, böyük iqtisadiyyatdır, böyük nəqliyyat imkanlarına malikdir. Bütün bu səyləri biz birləşdiririk və artıq əməkdaşlığın çox gözəl nəticələri vardır. Əminəm ki, artıq yaradılmış bu möhkəm zəminin üzərində növbəti illərdə biz böyük, gözəl binalar tikəcəyik. Bu, dostluğumuzun, qardaşlığımızın binaları olacaqdır. Qardaşlığımızın böyük tarixi və böyük gələcəyi vardır.
Mən bir daha, Nursultan Abişeviç, Sizə bu təşəbbüsü irəli sürdüyünüz üçün və bu zirvə görüşünü yüksək səviyyədə təşkil etdiyinizə görə minnətdarlığımızı bildirmək istəyirəm. Zirvə görüşünə uğurlar diləyirəm. Sağ olun!