İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordeni təqdim edib

23 oktyabr 2019, 16:30
İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordeni təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.

Prezident İlham Əliyev dedi:

-Hörmətli Ramiz müəllim, siz uzun illərdir ki, müxtəlif məsul vəzifələrdə işləyirsiniz. Həm sovet dönəmində, həm müstəqillik dövründə ölkəmizin inkişafına böyük töhfələr vermisiniz. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev sizi hələ gənc yaşlarınızda önəmli vəzifələrə təyin etmişdir. Siz yaxşı bilirsiniz ki, Heydər Əliyev kadrların seçilməsində çox tələbkar idi və onun bir sıra çox ciddi meyarları vardı. Sizi gənc yaşlarında önəmli vəzifələrə təyin etmək onu göstərirdi ki, siz buna layiq idiniz. Siz gənc, istedadlı kadr kimi Ulu Öndərin rəhbərliyi ilə həm sovet dönəmində, həm də müstəqillik dövründə işləmisiniz. Xatırlayıram ki, sovet dövründə, 1970-ci illərdə siz Bakımızın əsas rayonu olan, o vaxt 26 Bakı Komissarı adlandırılan, indiki Səbail rayonunun birinci katibi təyin olunmusunuz və bu vəzifədə böyük uğurlar əldə etmisiniz. Ondan sonra Ulu Öndər sizi Mərkəzi Komitəyə dəvət etmişdir və siz təşkilat şöbəsinin rəhbəri idiniz. Bu, Mərkəzi Komitənin bəlkə də ən aparıcı şöbəsi idi. Çünki bu şöbədə kadr hazırlığı məsələləri diqqət mərkəzində idi. Heydər Əliyev Moskvada, Siyasi Büroda işə başlayanda bilirsiniz ki, onun tövsiyəsi ilə siz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi vəzifəsinə təyin olunmusunuz. Bu da çox önəmli vəzifə idi, yəni, ideoloji işlərə rəhbərlik edirdiniz. Təbii ki, ulu öndər Heydər Əliyev əsassız olaraq bütün vəzifələrdən çıxarılandan sonra sizi də vəzifədən azad etmişdilər və yalnız Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra o, yenə də sizi dəvət etdi. Bu, böyük bir inamın təzahürü idi. Çünki siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirəm ki, o vaxt Heydər Əliyevin yetişdirdiyi, böyük vəzifələr verdiyi bir çox kadrlar ona sadiq çıxmadılar və o, 1993-cü ildə hakimiyyətə qayıdandan sonra həmin kadrlara etibar etmədi. Bir halda ki, sizi dərhal vəzifəyə təyin edib, onu göstərir ki, o, həm sizə inanırdı, eyni zamanda, xalqımız üçün həmin ağır illərdə siz Ulu Öndərə öz sədaqətinizi saxlamısınız və onun rəhbərliyi altında işlədiyiniz dövr ərzində bunu sübut etmisiniz. Heydər Əliyev tərəfindən Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunmusunuz və bu çox önəmli və məsul işdə böyük nailiyyətlər əldə etmisiniz. Son 16 il ərzində isə biz birlikdə işləyirik. Demək olar ki, hər gün əlaqədəyik, gündə bir neçə dəfə təmasdayıq. Ölkəmizin uğurlu, hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Mənim sizə böyük hörmətim var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz və bu gün Azərbaycan dövləti inkişaf edir, qarşıda duran bütün vəzifələr icra olunur. Bu vəzifələrin icrasında sizin böyük rolunuz vardır.

Ancaq həyat yerində durmur, artıq yaşınız səksəni keçib və siz də həmişə deyirdiniz ki, biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun. Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər milli ruhda tərbiyə olunmalıdır. İndi siz də yaxşı bilirsiniz, bu qloballaşma adı altında demək olar ki, bəzi ölkələrin, xalqların milli mənliyi elə bil, silinmək təhlükəsi ilə üzləşib. Qloballaşma adı altında eyniləşmə gedir, bəzi xalqlara yad olan dəyərlər aşılanır və biz buna müqavimət göstəririk. Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar. Ona görə də gənc kadrların qabağa çəkilməsi onlara imkan verir ki, həm təcrübə toplasınlar, həm də artıq yaşlı kadrlar öz məsləhətlərini verməklə onları düzgün yola istiqamətləndirirlər.

Mən bilirəm ki, siz elmi işlərlə də fəal məşğulsunuz, bir çox böyük elmi əsərlərin müəllifisiniz. Bilirəm, sizin də istəyiniz ondan ibarətdir ki, bundan sonra elmi işlərlə məşğul olasınız. Sizin çox böyük potensialınız var və müəllifi olduğunuz kitablar çox böyük diqqətə və qiymətə layiqdir.

Xalq, dövlət qarşısında göstərdiyiniz xidmətlərə görə mən sizi bu gün dövlətimizin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edirəm. Siz bilirsiniz ki, bu orden bir çox hallarda xarici dövlət və hökumət başçılarına verilir, hər kəsə yox. Bu orden doğrudan da xalqımızın, dövlətimizin dostlarına, ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynamış dövlət və hökumət başçılarına, ziyalılara, incəsənət xadimlərinə verilir. Ona görə bu ordenin sizə verilməsi əlbəttə ki, xüsusi məna daşıyır, siz buna layiqsiniz. İlk növbədə, ona görə ki, uzun illər ərzində ulu öndər Heydər Əliyevə və dövlətə sədaqətlə xidmət etmisiniz. Ulu Öndərin adını daşıyan bu orden sizə bütün əsaslar olmaq şərtilə verilir. Əminəm ki, siz gələcək fəaliyyətinizdə də ümumi işimizə dəyərli töhfələr verəcəksiniz. İndi isə icazə verin bu ordeni sizə təqdim edim.

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Ramiz Mehdiyevə təqdim etdi.

Ramiz Mehdiyev dedi:

-Hörmətli cənab Prezident.

Sizə xüsusi təşəkkür edirəm ki, məni dövlətimizin ən yüksək mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etdiniz. Heydər Əliyev Azərbaycan tarixində yaşayıb-yaratmış görkəmli ictimai və siyasi xadimlər sırasında Ümummilli Lider səviyyəsinə yüksəlmiş yeganə şəxsiyyətdir. Onun adına təsis olunmuş bu ali ordenlə təltif olunmaq hər bir dövlət qulluqçusunun, hər bir ictimai və siyasi xadimin arzu etdiyi ali mükafatdır. Bu tarixi məqamı mənə yaşatdığınıza görə bir daha Sizə minnətdarlığımı bildirir, Azərbaycanın inkişafında bundan sonra da yeni nailiyyətlər və uğurlar arzulayıram. Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olmuş, xalqımızın qəlbində əbədi məskən salmış Ulu Öndərin xatirəsi saydığım bu ali mükafat mənim həyatda nail olduğum və qazandığım ən böyük mükafatdır. Buna görə Sizə, cənab Prezident, bir daha öz dərin təşəkkürümü bildirirəm.

Sizə məlum olduğu kimi, cənab Prezident, həyatımın əlli dörd ilini dövlət qulluğunda keçirmişəm. Onun 29 ilini ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yaşamışam. Son 16 ildə isə bilavasitə Sizin rəhbərliyiniz altında çalışmışam. Həyata keçirdiyiniz siyasi-iqtisadi, sosial-mədəni kursun böyük uğurlu nəticələr verdiyinin bilavasitə şahidi olmuşam. Sizin silahdaşınız olaraq çalışmışam ki, tapşırıqlarınızı vaxt itirmədən icra edim. Deyə bilərəm ki, Sizin, cənab Prezident, nadir siyasi şəxsiyyət və görkəmli dövlət rəhbəri kimi fəaliyyətinizi və qiymətinizi gördüyünüz işlər müəyyən edir. Mərd və genişürəkli xalqımız buna böyük qiymət verir.

Son 16 il ərzində Azərbaycan Sizin rəhbərliyinizlə modernləşərək yeni bir keyfiyyət mərhələsinə qədəm qoydu. Ölkənin siyasi, iqtisadi, mədəni həyatı yeniləşərək kökündən dəyişdi. Bu da Azərbaycan xalqının həyat səviyyəsini yüksəltdi, onun problemlərinin böyük qismini həll etdi və dövlətlə xalqı vahid bir platformada birləşdirdi.

Sizin nümayiş etdirdiyiniz praqmatizm, çevik və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma ölkəmizin milli maraqlarının təmin olunmasında önəmli rol oynamış və onun müasir inkişafını təmin etmişdir.

Dövlətin idarə olunmasında, milli maraqların qorunmasında nümayiş etdirdiyiniz uzaqgörənlik, prinsipiallıq, daxili siyasətdə təlqin etdiyiniz yüksək idarəçilik, ciddi və humanist yanaşma bir siyasətçi olaraq Sizin həm siyasətinizi, həm də şəxsiyyətinizi xarakterizə edən ali keyfiyyətlərdir. Biz dünya tarixində öz dəstxəti ilə dərin iz buraxmış məşhur dövlət başçılarının simasında müşahidə etdiyimiz bütün əsas və ən yüksək keyfiyyətləri bu 16 il müddətində, möhtərəm cənab Prezident, Sizdə müşahidə etmişik. Tarix elə gətirdi ki, üçüncü minilliyin başlanğıcında Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətini idarə etmək və gələcəyə aparmaq Sizə nəsib oldu.

Azərbaycanı modernləşdirmək, XXI əsrin çağırışlarının tələblərini nəzərə alaraq, xalqımızı öz ətrafınızda birləşdirmək, dövlətimizi yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyası məhz Sizə nəsib oldu. Bu gün heç kim inkar edə bilməz ki, cənab Prezident, Siz bu ali və tarixi missiyanın öhdəsindən layiqincə gəldiniz. Əgər Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin banisi kimi öz adını tarixə yazdırdısa, Siz müasir və inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu olaraq tarixə düşdünüz.

Böyük dövlət təşkilatçısı olaraq, Siz xalqımızın daxili enerjisini ölkəmizin qarşısında duran vəzifələrin həlli üçün bacarıqla səfərbər edirsiniz. Bu gün Azərbaycan Sizin səylərinizlə inkişaf etmiş ölkələrin siyahısına daxil olubdur.

Çoxşaxəli və uğurlu siyasi fəaliyyətinizin nəticəsi olaraq, Sizin beynəlxalq sahədə çox böyük nüfuzunuz var. Bunu böyük dövlət başçıları qeyd edir, xarici mətbuat və nüfuzlu beynəlxalq qurumların rəhbərləri bildirirlər, Sizi islahatçı Prezident adlandırırlar.

Son 100 ildə ulu öndər Heydər Əliyevlə birlikdə Siz Azərbaycan tarixinə düşmüş ən görkəmli siyasi lider sayılırsınız. Azərbaycan vətəndaşları böyük qürur hissi keçirirlər ki, xalqımızın belə siyasi rəhbəri ilə bir dövrdə yaşayırlar.

Siz müstəqil Azərbaycanın dövlət qulluğu sisteminin yeni bir sivil ənənəsini yaratdınız. Bu gün bütün Azərbaycan cəmiyyəti uzun müddət Azərbaycan dövlətçiliyinə xidmət göstərmiş, dövlət qulluğu sistemində məsuliyyətlə və sədaqətlə çalışmış yüksək vəzifəli şəxslərin ölkə Prezidenti tərəfindən hansı hörmət və izzətlə yola salınması prosedurundan danışır. İnanıram ki, bu ənənə gələcəkdə də dövlət-cəmiyyət münasibətlərində öz xoş izlərini buraxacaq. Bu ənənə vəzifəyə təyin olunan insanlar üçün hansı xoş əhval-ruhiyyəni bəxş edirsə, vəzifəsini başa vurub təqaüdə gedən insanlar üçün də eyni xoş ovqatı aşılayacaqdır. Bu ənənəni yaratdığınız üçün, cənab Prezident, Siz böyük şəxsiyyət kimi bir daha ucaldınız.

Fürsətdən istifadə edib mənim ünvanıma səsləndirdiyiniz bütün xoş sözlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin etməyi özümə borc bilirəm ki, mən Heydər Əliyevlə və onun davamçısı kimi şəxsən Sizinlə birlikdə çalışmağı həmişə özümə şərəf saymışam. Bu xidmətin məsuliyyətini həmişə dərindən dərk etmişəm. Çalışmışam ki, mənim rəhbərlik etdiyim sahələrdə bütün işlər yürüdülən siyasətə uyğun olsun. Mənim fəaliyyətimdə dövlətçilik prinsipi bütün dövrlərdə ümdə olub. Hesab edirəm ki, harada işləməyimdən asılı olmayaraq, hər an məsuliyyət hissini gözləmişəm, ciddi, tələbkar və təvazökar olmağa çalışmışam. Əlbəttə, hər bir digər məmur kimi, mənim də görə biləcəyim işlərin həddi var və indiyə qədər nəyə nail ola bilmişəmsə, o haqda Siz artıq öz fikirlərinizi bildirdiniz.

Sizi əmin etmək istəyirəm ki, möhtərəm cənab Prezident, bundan sonrakı həyatımda və fəaliyyətimdə də mən həmişə Ümummilli Liderin siyasətini, Sizin həyata keçirdiyiniz siyasi kursu rəhbər tutaraq əlimdən gələni əsirgəməyəcəyəm. Sizin həyata keçirdiyiniz siyasət Azərbaycan dövlətinin inkişafına və xalqımızın firavan, təhlükəsiz həyatının qurulmasına xidmət göstərir. Ona görə də düşünürəm ki, hansı mövqedə fəaliyyət göstərməsindən asılı olmayaraq Vətənini sevən hər bir azərbaycanlı bu kursu dəstəkləməlidir, Sizin ətrafınızda olmalıdır və dövlətçiliyə xidmət göstərməlidir. Siz Azərbaycan xalqının, dövlətinin şərəfli Prezidentisiniz. Öz dövlətimizə bütün səylərimizlə xidmət etməliyik və onu qorumalıyıq.

Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun Ramiz müəllim. Mən də xoş sözlərə görə təşəkkür edirəm. Bir daha mükafat münasibətilə sizi təbrik edirəm.

Ramiz Mehdiyev: Çox sağ olun, cənab Prezident.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15