Azərbaycan-Macarıstan biznes forumunda İlham Əliyevin nitqi

11 noyabr 2011, 15:40
Azərbaycan-Macarıstan biznes forumunda İlham Əliyevin nitqi

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Cənab Prezident, mən Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz!

Bu gün Macarıstan-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür - Macarıstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Bu səfər, əlbəttə ki, əlaqələrimizin tarixində xüsusi yer tutacaqdır, çünki bu, birinci rəsmi səfərdir.

Mən üç il bundan əvvəl Macarıstana rəsmi səfər etmişəm və səfərin nəticələri çox uğurlu olmuşdur. Çünki o səfərdən sonra ikitərəfli əlaqələrimizin inkişafında yeni mərhələ başlanmışdır. Əminəm ki, cənab Prezident, Sizin səfəriniz, eyni zamanda, münasibətlərimizin inkişafı üçün çox əhəmiyyətli olacaqdır.

Bu gün keçirdiyimiz görüş və apardığımız danışıqlar, fikir mübadiləsi bir daha onu göstərir ki, aramızda çox səmimi münasibətlər mövcuddur. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Biz münasibətlərimizi dostluq, tərəfdaşlıq prinsipləri üzərində qurmuşuq. Əminəm ki, növbəti illərdə bu əlaqələr ancaq güclənəcəkdir. Bunu deməyə əsas verən amillər kifayət qədər çoxdur. Sizin rəsmi səfəriniz, böyük heyətlə Azərbaycana səfər etməyiniz, - bilirəm ki, Sizinlə bərabər çoxsaylı iş adamları gəlmişlər, - çox əlamətdar hadisədir. Şübhə etmirəm ki, Sizin səfəriniz əlaqələrimizin inkişafına yeni və güclü təkan verəcəkdir.

Əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Əlaqələrimiz tarixi köklər üzərində qurulmuşdur. Bu gün cənab Prezidentlə fikir mübadiləsi əsnasında bu tarixə də nəzər yetirdik. Xalqlarımız arasındakı dostluq əlaqələri böyük tarixə malikdir. Bu çox güclü tarixi zəmin ikitərəfli əlaqələrin inkişafı üçün də əhəmiyyətlidir.

Biz, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında olan əlaqələrin inkişafına töhfələrimizi veririk. Macarıstan bütün dövrlərdə Azərbaycanın Avratlantik strukturlara inteqrasiya siyasətini dəstəkləmişdir. Bu yaxınlarda keçirilmiş Şərq tərəfdaşlığı zirvə görüşü bir daha Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli addım olmuşdur, bir daha göstərmişdir ki, bu əlaqələrin çox gözəl gələcəyi vardır.

Müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar vardır. Bu gün, əlbəttə ki, bu forumda daha çox iqtisadi sahədəki əməkdaşlıq haqqında söhbət açılacaqdır. Mən çox şadam ki, bu biznes forum hər iki tərəfin, hər iki ölkənin iqtisadi imkanlarını bir-birinə təqdim edəcəkdir. Buna böyük ehtiyac vardır.

Əminəm ki, iqtisadi əlaqələrimiz güclənərsə, əlbəttə, bunun bütün sahələrdəki əlaqələrə də çox müsbət təsiri olacaqdır. Biz indi statistik rəqəmlərə baxanda bəzi hallarda təəssüflənirik ki, nə üçün Macarıstan ilə Azərbaycan arasında iqtisadi əlaqələr, yəni ticarət dövriyyəsi istədiyimiz səviyyədə deyildir?! Bunun müxtəlif səbəbləri ola bilər. Hesab edirəm, ən başlıca səbəb ondan ibarətdir ki, biznes dairələri bir-birini yaxşı tanımırlar. Yəni, hər iki ölkənin iqtisadi potensialı haqqında kifayət qədər məlumat yoxdur. Bu məlumatsızlıq istər-istəməz iqtisadi sahədəki əməkdaşlığı əngəlləyir. Ona görə, hesab edirəm, bugünkü biznes forumun başlıca məqsədi ondan ibarət olmalıdır ki, hər iki ölkənin və bir halda ki, bu forum Azərbaycanda keçirilir, ilk növbədə Azərbaycanın iqtisadi imkanları təqdim edilsin. Azərbaycanda reallaşan infrastruktur və sənaye layihələri haqqında məlumat verilsin. Azərbaycanda mövcud olan qanunvericilik bazası, vergilərlə bağlı vəziyyət geniş şəkildə təqdim edilsin.

Azərbaycanın iqtisadi inkişafı planlı şəkildə həyata keçirilir. Əlbəttə, özəl sektorun bu işlərdə çox böyük rolu vardır. Ölkəmizin ümumi daxili məhsulunda özəl sektorun payı 80 faizdən yuxarıdır. Demək olar ki, biz bu sahədə çox köklü iqtisadi islahatları artıq başa çatdırmışıq. Ancaq bununla bərabər, ölkədə reallaşan nəhəng infrastruktur layihələri, təbii ki, dövlət tərəfindən icra edilir. Bizim müxtəlif dövlət proqramlarımız, konkret icra mexanizmlərimiz vardır. Azərbaycanda, misal üçün, gələn il və ondan sonrakı illərdə görüləcək işlər haqqında konkret sənədlər və layihələr mövcuddur. Əminəm ki, Macarıstan iş adamları əgər planlarımızla tanış olsalar, Azərbaycanda daha da səmərəli şəkildə fəaliyyət göstərə bilərlər.

Təkcə keçən il Azərbaycan iqtisadiyyatına 16 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayənin əksər hissəsi yerli - Azərbaycan sərmayəsidir. Bununla bərabər, xarici investisiyaların cəlb edilməsi üçün ölkədə ardıcıl siyasət aparılır və deyə bilərəm ki, MDB məkanında birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan qabaqcıl yerlərdədir. Son on beş il ərzində bütövlükdə Azərbaycan iqtisadiyyatına 100 milyard dollardan çox sərmayə qoyulmuşdur ki, bu da hərtərəfli iqtisadi inkişafımıza güclü təkan vermişdir.

Hazırda bizim iqtisadi siyasətlə bağlı əsas prioritet məsələlərimiz ölkə iqtisadiyyatının şaxələndirilməsidir. Energetika amilindən asılılığımızı azaltmaq, özəl sektoru inkişaf etdirmək üçün konkret tədbirlər görülür. Kiçik və orta sahibkarlığın inkişafı və stimullaşdırılması üçün də konkret proqramlar icra edilir.

Macarıstan şirkətləri Azərbaycanda müxtəlif layihələrdə investorlar kimi iştirak edə bilərlər. Biz bunu, əlbəttə ki, alqışlayırıq və alqışlayacağıq. Burada birgə müəssisələr yaradıla bilər. Azərbaycanda Macarıstan kapitalı ilə təmin edilmiş müəssisələr yaradıla bilər. Nəzərə alsaq ki, qonşu ölkələrlə iqtisadi sahədə əməkdaşlığımız çox uğurludur, bu müəssisələr həm Azərbaycanın artan bazarını təmin edə, eyni zamanda, qonşu ölkələrə də Azərbaycanda istehsal olunan məhsul ixrac edilə bilər. Yəni, həm Azərbaycan bazarı, həm qonşu ölkələrin böyük bazarları burada yaradılacaq birgə müəssisələrin işləməsi üçün yaxşı şərait yarada bilər. Qeyd etdiyim kimi, Azərbaycanda reallaşan müxtəlif infrastruktur layihələrində Macarıstan şirkətləri iştirak etməlidirlər və biz bunu alqışlayırıq. Əminəm ki, bu gün burada veriləcək məlumatlar, təqdimatlar kifayət qədər dolğun olacaqdır. Bu da Macarıstan şirkətlərinə kömək göstərə bilər.

Bununla bərabər, qeyd etməliyəm ki, Azərbaycan şirkətləri də indi xaricə sərmayələrin qoyuluşu ilə bağlı öz təşəbbüslərini irəli sürürlər. Artıq Azərbaycan şirkətləri müxtəlif ölkələrdə uğurla fəaliyyət göstərirlər. O cümlədən şirkətlərimiz Avropa qitəsində böyük investisiyaları reallaşdırırlar, ilk növbədə, energetika, turizm, infrastruktur sahələrində. Bütövlükdə iqtisadi siyasətimizin indiki mərhələdəki prioritetləri ondan ibarətdir ki, biz daha çox xarici bazarlara investisiya qoyuluşu ilə məşğul olmalıyıq. Ölkə daxilində təbii ki, inkişafımız üçün bütün lazım olan investisiya layihələri, bütün infrastruktur layihələri icra edilir. Ancaq hazırda biz siyasətimizi elə qururuq ki, həm məhsullarımızla, həm maliyyə kapitalımızla xarici ölkələrin bazarlarına çıxa bilək. Burada dövlət və özəl sektor arasındakı tərəfdaşlıq mühüm rol oynaya bilər. Biz, əlbəttə ki, bu imkanları da nəzərdən keçirməliyik.

Deyə bilərəm ki, bütövlükdə Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını göstərmişdir. Hətta ən ağır böhranlı illərdə - 2-3 il bundan əvvəl Azərbaycanda iqtisadi artım yenə də böyük rəqəmlərlə ölçülürdü. Bütövlükdə son 7-8 il ərzində Azərbaycanda ümumi daxili məhsul 3 dəfə, yəni 300 faiz artmışdır. Sənaye istehsalı da 3 dəfə artmışdır. Doqquz yüz mindən artıq yeni iş yerləri açılmışdır. Yoxsulluğun səviyyəsi 5 dəfə azalmışdır, dövlət büdcəsinin xərcləri isə 20 dəfə artmışdır. Yəni, bu il yenə də iqtisadi sahədə artım müşahidə olunur və ən sevindirici hal ondan ibarətdir ki, bu artım indi daha çox qeyri-neft sektorunda özünü göstərir. Qeyri-neft sektorundakı artım təxminən 9 faiz səviyyəsindədir. Kənd təsərrüfatında da artım 7 faizdən çoxdur.

Kənd təsərrüfatı məsələlərinə gəldikdə, bu barədə də biz bu gün fikir mübadiləsi apardıq. Macarıstanın bu sahədə çox zəngin təcrübəsi vardır və bu təcrübə bizim üçün də çox böyük maraq kəsb edir. Hesab edirəm ki, bu gün kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq və digər sahələr üzrə məlumatlar veriləcəkdir.

Eyni zamanda, bütövlükdə Azərbaycanın iqtisadi inkişafını xarakterizə etmək üçün enerji sektoru haqqında danışmamaq mümkün deyildir. Bu sahə bizim üçün ənənəvi olmuşdur. Azərbaycan o ölkə, o diyardır ki, dünyada sənaye üsulu ilə ilk neft məhz burada hasil edilmişdir. Dəniz yataqlarından da dünya miqyasında ilk neft Azərbaycanda hasil edilmişdir. Yəni, Azərbaycan qədim neft ölkəsi kimi bütün dünyaya bəllidir və dünyada məşhurdur. İkinci Dünya müharibəsində Azərbaycan Sovet İttifaqının yanacağının 70-80 faizini vermişdir və faşizm üzərində Qələbədə Azərbaycan neftçilərinin müstəsna rolu olmuşdur. Hazırda neftimiz dünya və o cümlədən, Avropa bazarlarına ixrac edilir. Bəzi Avropa ölkələrinin enerji balansında Azərbaycan nefti 25-30 faiz təşkil edir. Yəni, biz tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfəmizi veririk.

Hazırda isə Azərbaycan dünyada qaz ölkəsi kimi də özünü təqdim etməyə başlamışdır və bu sahədə potensial kifayət qədər böyükdür. Azərbaycanda aşkar edilmiş nəhəng qaz yataqları imkan verəcəkdir ki, bundan sonra ən azı 100 il ərzində özümüzü və tərəfdaşlarımızı qazla təmin edə bilək. Bizim kifayət qədər geniş nəqliyyat şəbəkəmiz vardır. Yeddi neft–qaz kəmərimiz fəaliyyət göstərir ki, resurslarımızı müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarır. Bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi üzrə imzalanmış Bəyannamə Avropa ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına da çox müsbət təsir göstərmişdir. Əminəm ki, növbəti illərdə Azərbaycan qaz sahəsində Macarıstanla və digər Avropa ölkələri ilə səmərəli əməkdaşlıq qura biləcəkdir.

Bir daha, cənab Prezident, mən Sizi salamlayıram. Mən forum iştirakçılarını salamlayıram. Əminəm ki, bu forumun çox gözəl nəticələri olacaqdır və bu nəticələr öz növbəsində Macarıstan-Azərbaycan əlaqələrinin inkişafına da töhfəsini verəcəkdir. Diqqətinizə görə sağ olun!

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06