Qaxda “İçəribazar” qala kompleksində tikinti və yenidənqurmadan sonra açılış mərasimində İlham Əliyevin nitqi

17 noyabr 2011, 13:10
Qaxda “İçəribazar” qala kompleksində tikinti və yenidənqurmadan sonra açılış mərasimində İlham Əliyevin nitqi

-Sizi ürəkdən salamlayıram. Qaxda yenidən olmağımdan çox şadam, çox məmnunam. Bildiyiniz kimi, bu, Qaxa mənim birinci səfərim deyil. Hər dəfə Qaxda olanda, yenilikləri görəndə çox sevinirəm. Rayon inkişaf edir, gözəlləşir, belə gözəl memarlıq əsərləri yaradılır. Deyə bilərəm ki, müasir Azərbaycanda belə gözəl guşələrin yaradılması yəqin ki, Qaxdan başlayıb.

Bizim tarixi bölgələrimiz çoxdur, bu cür gözəl tarixi binalarımız da, abidələrimiz də vardır. Ancaq tarixi binaları bu səviyyədə bərpa etmək üçün əlbəttə ki, böyük səylər göstərilmişdir. Bu kiçik qəsəbə böyük məhəbbətlə, zövqlə və tarixi həqiqəti saxlamaq şərti ilə yaradılmışdır. Əslində burada gördüklərimiz qədim tarixdən bizə miras qalan əsərlərdir. Ancaq bax bu gözəl binaları bu səviyyədə bərpa etmək, burada sözün əsl mənasında turizm mərkəzini yaratmaq böyük peşəkarlıq və məharət tələb edirdi. Mən çox şadam ki, Qaxın tarixi simasını əks etdirən bu kiçik guşə artıq fəaliyyətə başlayır. Burada sənətkarlar öz sənətlərini təqdim edirlər, açıq səma altında gözəl səhnə yaradılıbdır. Bir sözlə, belə guşələr Azərbaycanda daha da çox olmalıdır.

Çünki bir daha demək istəyirəm ki, bizim çox zəngin tariximiz, abidələrimiz vardır. Onların hamısı bərpa olunmalıdır. Həm Bakıda, həm bütün bölgələrdə. Tarixi abidələr baxımından Azərbaycan çox zəngin dövlətdir. Biz bu abidələri qorumalıyıq, bərpa etməliyik və xüsusilə ölkəmizin tarixi yerlərində qədim üsluba üstünlük verməliyik. İndi Qaxda çoxsaylı yeni binalar tikilir və tikiləcəkdir. Bu binalar da Qaxa xas olan üslubda tikilməlidir. Mən bunu alqışlayıram.

Azərbaycanın bölgələri öz müxtəlifliyi ilə fərqlənir, seçilir. Hər bir bölgə, hər bir rayon üçün ayrıca bir şəhərsalma inkişaf planı hazırlanmalıdır. Bəzi yerlərdə artıq işlər başlamışdır, bəzi yerlərdə yaxın zamanlarda başlanacaqdır. Əlbəttə ki, bu gözəl yerlər turistləri cəlb edəcəkdir. Bu bölgənin inkişafı daha çox turizmlə bağlı olacaq və Azərbaycan bu məsələlərlə çox ciddi məşğuldur. Bu il Azərbaycanda “Turizm ili” elan edilmişdir. Paytaxtda, bölgələrdə gözəl mehmanxanalar açılıb. O cümlədən Qaxda yeni mehmanxananın açılışında da iştirak etmişəm. Deyə bilərəm ki, ən inkişaf etmiş ölkələrdə olan şəraitlə bu mehmanxanadakı şərait arasında heç bir fərq yoxdur. Bu, onu göstərir ki, investorlar Azərbaycanın gələcəyinə inanır. Baxmayaraq ki, Qax paytaxtdan uzaqda yerləşir, indi tikilən və gələcəkdə tikiləcək yollar, aeroportlar Qaxı paytaxt ilə birləşdirir. Bir də ki, burada yaradılan şərait, bütün bu gözəl təbiət bizi ruhlandırır.

Ancaq əgər şərait yaradılmasa heç kim gəlməz, nə ölkə daxilindən, nə də ki, xaricdən. Gözəl təbiət və təbii şərait böyük üstünlüyümüzdür, xüsusilə Qax kimi mənzərəli yerlərdə. Ancaq burada yaradılan infrastruktur, xidmət obyektləri də bu təbiətə uyğun olmalıdır və mən bunu görürəm. Bir daha demək istəyirəm ki, mən artıq bir neçə dəfə burada olmuşam və hər dəfə Qaxda olanda, yenilikləri görəndə çox sevinirəm.

Turizm obyektləri ilə bərabər, rayonun gündəlik problemləri də həllini tapır. Bildiyiniz kimi, indi bütün infrastruktur layihələrinin icrası üçün konkret işlər görülür. Biz Qaxın su təchizatı ilə bağlı böyük layihəni başlamışıq. İki il ərzində şəhərin və bəzi ətraf kəndlərin su problemi yüz faiz həll olunacaqdır, kanalizasiya da həmçinin. Bu, təkcə Qax üçün deyil, bütün bölgələr üçün ciddi problemdir. Hər bir bölgədə bu layihələr icra olunur və indiki vəziyyət, əlbəttə ki, bizi qane edə bilməz. Su fasilələrlə, qrafiklə verilir. İndi Bakının bəzi bölgələrində də su fasilələrlə verilir və bu vəziyyəti dəyişmək üçün biz ciddi tədbirlər görürük. Hər bir bölgədə, hər bir rayonda bu işlər, o cümlədən qazlaşdırma aparılır, yollar, həmçinin kənd yolları çəkilir və rayonun inkişafı ilə bağlı bütün məsələlər öz həllini tapacaqdır. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Dövlət vəsaiti ayrılır. Özəl sektor da bu işlərə qoşulur, investorlar, iş adamları daha da geniş şəkildə qoşulmalıdırlar ki, ölkəmizin iqtisadiyyatı hərtərəfli inkişaf etsin.

Qaxın inkişafı üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında konkret tapşırıqlar verilmişdir. Onlar icra edilir. Proqram 2013-cü ildə başa çatacaqdır. Əminəm ki, o vaxta qədər rayonun əsas infrastruktur, sosial və iqtisadi problemləri öz həllini tapacaq. Bütün infrastruktur yenidən qurulacaq və ondan sonrakı dövr üçün biz yeni proqram hazırlayacağıq. Bu proqram artıq sürətli inkişaf proqramı olacaqdır. Çünki 2003-2013-cü illərdə diqqətimizi daha çox infrastruktur layihələri cəlb etmişdir. Yollar, elektrik enerjisi təchizatı, qazlaşdırma, su-kanalizasiya layihələri, məktəblərin tikintisi, xəstəxanalar, idman qurğuları. Növbəti iki il ərzində ölkə miqyasında bu məsələlər öz həllini tam şəkildə tapmalıdır. Ondan sonrakı dövrdə də əlbəttə ki, həyat yeni tələbləri qoyacaq qarşımızda. Həyat yerində durmur. Azərbaycan inkişaf edir və çox uğurla inkişaf edir.

Mən bir daha sizi ürəkdən salamlayıram, sizi alqışlayıram. Burada gördüyüm mənzərə əlbəttə ki, rayon rəhbərliyi tərəfindən icra edilir. Bu təşəbbüsü rəhbərlik irəli sürmüşdür, ancaq bilirəm ki, qaxlılar bu işlərdə böyük fəallıqla iştirak etmişlər. Mən əlbəttə əminəm ki, biz hamımız indi sevinirik, fəxr edirik ki, belə gözəl tarixi diyarda belə gözəl əsərlər yaradılıb.

Sizə yeni uğurlar arzulayıram.

X X X

 Bu gün çox tarixi bir gündür. Hələ Sovet İttifaqı dönəmində ulu öndər Azərbaycanın milli bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi elan etmişdir. O bayrağı dövlət rəmzi kimi o vaxt Naxçıvanın Ali Məclisi qəbul etmişdir və eyni zamanda, Azərbaycan Ali Sovetinin qarşısında vəsatət qaldırılmışdır ki, bu bayraq Azərbaycan dövlətinin rəsmi bayrağı kimi elan edilsin. Ancaq, əfsuslar olsun ki, bu təşəbbüsə dərhal reaksiya verilməmişdir. Halbuki verilməli idi. 

Bu addım və ondan sonrakı addımlar müstəqilliyimizi yaxınlaşdırdı. Müstəqilliyimiz labüd idi, yəni, bu qaçılmaz idi. Aydın idi ki, Sovet İttifaqı dağılmaq ərəfəsində idi. Ancaq bu müstəqilliyi yaxınlaşdırmaq və tezliklə əldə etmək üçün hər halda Azərbaycanda ilk addımlar məhz ulu öndər tərəfindən Naxçıvanda atılmışdır. Həm milli bayrağın dalğalanması, Yeni Azərbaycan Partiyasının yaradılması, Sovet İttifaqının saxlanılması haqqında referendumun Naxçıvanda keçirilməməsi – bütün bu addımlar çox böyük siyasi iradə və cəsarət tələb edirdi. Çünki o zaman hələ Sovet İttifaqının nə vaxt dağılması haqqında qəti fikir yox idi və bugünkü Azərbaycan bax o çətin anlarda atılmış addımların nəticəsində həm formalaşmış, həm özünü qoruya bilmişdir. Xüsusilə 1993-cü ildə ölkəmiz üçün ən ağır vəziyyətdə yenə Heydər Əliyev artıq respublika miqyasında bütün məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı böyük bəlalardan xilas edə bilmişdir. Bu il biz müstəqilliyimizin 20 illiyini böyük sevinclə, böyük qürur hissi ilə, gözəl nəticələrlə qeyd edirik. Ölkə daxilindəki nəticələr göz qabağındadır. Hara getsən, hansı bölgəyə səfər etsən görərsən ki, hər yerdə inkişaf, hər yerdə tərəqqi, hər yerdə nikbinlik ovqatı vardır. Bundan sonra daha da yaxşı olacaqdır. Beynəlxalq səviyyədə, qeyd etdiyiniz kimi, uğurlarımızın bariz nümunəsi dünya birliyinin bizimlə olması nəticəsində özünü göstərmişdir. Bu, böyük tarixi qələbədir, gördüyümüz işlərin nəticəsidir. Bu hadisə Azərbaycanın dünyadakı imicinin nə qədər yüksək səviyyədə olmasını göstərir. 

Mən tam əminəm ki, ölkə qarşısında duran bütün vəzifələr icra ediləcəkdir. Daxili və xarici siyasətlə bağlı artıq bunu tam qətiyyətlə demək mümkündür. Daxili siyasət, iqtisadi inkişaf Azərbaycanda ən yüksək səviyyədədir. Bütün mötəbər beynəlxalq təşkilatlar da bunu qeyd edirlər. Azərbaycanda son illər ərzində yaşanan inkişaf tarixdə heç bir ölkədə olmamışdır, bəlkə də olmayacaqdır. Xarici siyasətlə bağlı dostlarımızın sayı artır, dünya birliyi Azərbaycanın yanındadır və bizə inanır. Bizim ən ağır problemimiz torpaqlarımızın hələ də işğal altında qalmasıdır. Biz çalışırıq ki, bu problemi danışıqlar yolu ilə həll edək. Ancaq hələ ki, bu, mümkün deyildir. Danışıqları aparmaqla yanaşı, biz əlbəttə ki, ölkəmizi gücləndiririk. Ölkənin gücü təkcə maliyyə və iqtisadi meyarlarla ölçülmür. Hər bir bölgənin gücü, hər bir rayonun potensialının artırılması bizi gücləndirir. Gücümüz ondadır ki, bizdə iqtidarla xalq arasında birlik, inam, həmrəylik və əlbəttə ki, güclü ordumuz var. Biz ordumuzu böyük dərəcədə gücləndirə bilmişik və bu gün bizim ordu istənilən anda torpaqları hərbi yolla azad edə bilər. Biz bunu bilirik, düşmənlərimiz də və bu məsələ ilə məşğul olan vasitəçilər də bunu bilirlər. Çünki müasir dünyada nəyi isə gizlətmək mümkün deyildir. Biz heç qarşıya belə məqsəd də qoymamışıq ki, nəyi isə gizlədək.

Əksinə, biz Azərbaycanda keçirilən hərbi paradda ordu quruculuğunda əldə edilmiş nailiyyətləri xalqa nümayiş etdirdik.

Bu, həm nümayiş, eyni zamanda, xalq qarşısında hərbi sahədə görülmüş işlərlə bağlı hesabat idi. İndi Ermənistanla Azərbaycan arasında fərq elədir ki, bu, böyük bir uçurumdur və getdikcə daha da genişlənəcəkdir. Vasitəçilər də bunu bilirlər. Son zamanlar vasitəçilər fəallaşmışlar və əlbəttə ki, biz bunu alqışlayırıq. Beynəlxalq təşkilatların rəhbərləri ilə apardığım danışıqlar bunu bir daha göstərir ki, beynəlxalq vasitəçilər çox çalışırlar ki, məsələ tezliklə öz həllini tapsın, müharibə, münaqişə olmasın. Çünki hamı yaxşı başa düşür ki, bu dırnaqarası dondurulmuş vəziyyət çox çəkə bilməz. Həm Azərbaycanın iqtisadi gücü, həm Azərbaycan xalqının səbrinin tükənməsi, həm bizim hərbi potensialımız, demoqrafik üstünlüyümüz, hara baxsan, hansı sahəyə baxsan, hər yerdə Azərbaycan bir neçə pillə üstündür. Gələcəkdə bu fərq yalnız artacaqdır, azalmayacaqdır. Çünki biz bilirik ki, gələcəyimiz necə olacaqdır. İqtisadiyyatımız güclüdür, bizim təbii resurslarımız, insan potensialımız var, Azərbaycan xalqı gənc xalqdır. Bu da çox vacibdir. İndi bəzi ölkələrdə, xüsusilə Avropa ölkələrində xalqların yaşlanması ilə bağlı çox böyük müzakirələr aparılır, narahatlıq ifadə edilir. Azərbaycanın çox böyük insan resursları vardır. Ölkəmizdə təhsilə, elmə göstərilən diqqət Azərbaycan gənclərinin peşəkarlığını artırır. Gənclərimiz peşəkar, bilikli, vətənpərvər olmalıdırlar. Peşəkar, bilikli olmaq üçün dövlət şərait yaratmalıdır, vətənpərvər olmaq üçün əlbəttə ki, dövlət təbliğatı aparılmalıdır. Ancaq ölkədə elə vəziyyət yaradılmalıdır ki, hər bir vətəndaş qürur hissi ilə deyə bilsin ki, o, bu ölkənin vətəndaşıdır. Bu gün biz bunu görürük. Vətəndaşlarımız, gənclərimiz fəxr edirlər ki, Azərbaycan vətəndaşıdırlar.

Hər bir xarici qonaq Bakıya və bölgələrə gələndə əgər qərəzsizdirsə görür və etiraf edir ki, Azərbaycan dünya miqyasında ən yüksək səviyyədədir, Bakı şəhəri dünya miqyasında ən gözəl şəhərlərdən biridir, vaxt gələcək ən gözəl şəhər olacaqdır. Yəqin siz bilirsiniz ki, Bakı ilə bağlı böyük planlarımız vardır. Planlarımız təkcə Bakı ilə bağlı deyildir. Çünki bizim işimiz nəyi isə kiməsə göstərməkdən ibarət deyildir. Yəni, bir vitrin yaratmaq deyildir. Biz ən ucqar bölgələrdə, ən ucqar kəndlərdə müasir infrastruktur yaradırıq, yollar çəkirik, abadlıq işlərini aparırıq ki, hər bir yerdə yaşayan vətəndaş özünü yaxşı, rahat hiss etsin və fəxr etsin ki, Azərbaycan vətəndaşıdır.

Mən əminəm ki, qaxlılar və bütün başqa bölgələrdə yaşayan insanlar fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdırlar. Biz, hər birimiz ölkəmizi öz işimizlə, öz addımlarımızla, ümumi işə verdiyimiz töhfələrlə gücləndirməliyik.

Sizi bir daha salamlayıram, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Hələ görüşlərimiz çox olacaqdır. Çünki Qaxda gələcəkdə açılışlar çox olacaqdır. Yeni binaların, yeni obyektlərin tikintisi nəzərdə tutulur. Ona görə də açılışlar çox olacaq və biz sizinlə görüşəcəyik. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06