Şəkidə Mərkəzi Xəstəxananın açılışında İlham Əliyevin nitqi
17 noyabr 2011, 19:10
-Sizi təbrik edirəm. Xatırlayıram ki, üç il bundan əvvəl bu gözəl xəstəxananın təməl daşını biz bərabər qoyduq. Üç il ərzində gözəl, müasir xəstəxana tikilibdir və bu gün biz bu xəstəxananın açılışında bərabər iştirak edirik. Bu, gözəl, əlamətdar hadisədir. İndi bu, deyə bilərəm ki, bölgənin bəlkə də ən böyük xəstəxanasıdır. Çox geniş, gözəl, yaraşıqlı binadır. Bütün müasir avadanlıq, bütün şərait vardır, palatalar da genişdir, həkimlər üçün də yaxşı şərait yaradılıbdır. Bu, çox sevindirici haldır, bu, gözəl hadisədir, onu göstərir ki, bütün qərarlarımız icra edilir. Qəbul edilmiş qərarlar vaxtında və keyfiyyətlə icra edilir və xüsusilə sosial sahədə belə gözəl obyektlərin yaradılması çox böyük və əlamətdar hadisədir.
Bütövlükdə Azərbaycanda indi bütün bölgələrdə yeni xəstəxanalar açılır. Demək olar ki, mən hər ay yeni xəstəxananın açılışında iştirak edirəm, bəzi hallarda ayda iki dəfə. Bu, onu göstərir ki, bu proses bu gün bölgədə geniş vüsət almışdır. Bütün bu zonada demək olar ki, müasir xəstəxanalar tikilmişdir, tibbi mərkəzlər yaradılmışdır. Şəkidə yaradılmış bu mərkəz əlbəttə ki, ən müasir mərkəzdir. Bakıda bu sahədə işlər görülür, yeni xəstəxanalar tikilir, təmir edilir. Ağdaşda, Ucarda, Xaçmazda buna bənzər gözəl xəstəxana tikilmiş və bu yaxınlarda istifadəyə verilmişdir. Mən təkcə son bir ayın hadisələrini yada salıram.
Bu xəstəxananın tikintisində işləri Səhiyyə Nazirliyimiz Dünya Bankı ilə birlikdə görmüşlər. Mən çox şadam ki, Dünya Bankı Azərbaycanın sosial sahəsinə də diqqət göstərir. Dünya Bankı ilə əməkdaşlığımız böyük tarixə malikdir. Azərbaycanda bir sıra infrastruktur layihələrinin icrası ilə bağlı birgə fəaliyyət göstərmişik. Bütövlükdə beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi və sosial sahələrdə gedən proseslərə çox müsbət qiymət verirlər.
Regionların inkişafı Proqramının icrası ilə bağlı əvvəlki dövrdə başladığımız işlər bu gün artıq reallaşır və özünü büruzə verir. Regionlarda bütövlükdə işlər yaxşı gedir. Mən bu bölgədə dəfələrlə olmuşam, o cümlədən Şəkidə də dəfələrlə olmuşam. Əminəm ki, bütün bu zona, Qobustan rayonundan tutmuş Balakənə qədər gözəl müasir turizm zonası kimi özünü göstərəcək. Bunu etmək üçün indi bütün infrastruktur layihələri icra edilir, yollar çəkilir. Şəki-Qax avtomobil yolu çəkilir. Yəqin ki, yaxın zamanlarda açılacaqdır. Bu, məsafəni daha da qısaldacaqdır. İnfrastruktur layihələri icra edilir, yeni binalar, qazlaşdırma, suvarma, içməli su layihəsi, o cümlədən Şəki şəhərinin içməli su problemlərinin həlli üçün layihə icra edilir. Onun birinci mərhələsi başa çatmışdır. Yaxın zamanlarda Şəkinin bütün su və kanalizasiya problemləri öz həllini tapmalıdır.
Qazlaşdırma ilə bağlı indi işlər daha da sürətlə gedir. Əlbəttə ki, biz bu bölgəni, xüsusilə Şəkini bölgənin mərkəzi, müasir və qədim turizm şəhəri kimi gərək daha da gözəlləşdirək. Bu məqsədlə müvafiq qərarlar verilmişdir. Əvvəlki dövrdə də sərəncamlar verilmişdir və vəsait ayrılmışdır. Bu yaxınlarda isə Şəkinin inkişafı ilə bağlı xüsusi Sərəncam verilmişdir. Bu Sərəncamın çox böyük mənası vardır. Təkcə ona görə yox ki, bu Sərəncam əsasında Şəkinin abadlaşmasına və tarixi binaların bərpasına beş milyon manat vəsait ayrılmışdır. Əvvəlki dövrdə də vəsait ayrılmışdır, bundan sonra da ayrılacaqdır. Bu Sərəncamın əsas mahiyyəti ondan ibarətdir ki, biz öz tarixi keçmişimizə, tarixi şəhərlərimizə daha da böyük diqqətlə yanaşmalıyıq. Bu, həm gələcəyə yönəlmiş bir addımdır, gələcək fəaliyyətimiz üçün bir istiqamətdir, eyni zamanda, keçmişimizə də olan münasibətdir.
Azərbaycanın hər bir şəhəri, hər bir kəndi bizim üçün əzizdir, doğmadır. Elə bir rayon yoxdur ki, mən orada olmayım. Dəfələrlə olmuşam və bundan sonra da olacağam. Hər bir rayon üzrə proqramlar var, vəsait ayrılır. Ancaq elə tarixi şəhərlər var ki, onların Azərbaycan tarixində, Azərbaycan xalqının formalaşmasında, Azərbaycanda dövlətçilik əsaslarının yaradılmasında xüsusi rolu vardır. Şəki o şəhərlərdəndir.
Deyə bilərəm ki, belə sərəncamların verilməsi Şəkidən başlamışdır. Ondan sonra Şamaxı şəhərinin, Quba şəhərinin inkişafı ilə bağlı oxşar sərəncamlar verilmişdir. Bundan sonra da Azərbaycanın tarixi şəhərlərinin abadlaşması və mədəni irsimizin qorunması üçün əlavə sərəncamlar veriləcək və digər şəhərlər də bu proqramla əhatə olunacaqdır.
Şəki indi yeni inkişaf mərhələsindədir. Bütün dövrlərdə bu şəhər Azərbaycan tarixində xüsusi yerə malik olub. İndi bölgələrin inkişafı ilə bağlı konkret proqramlar icra olunur və ətraf rayonlar da sürətlə inkişaf edir. Məni əvvəlki dövrdə narahat edən məsələlərdən biri də o idi ki, Şəki inkişafda bir qədər ləngiyir, ətraf rayonlar daha sürətlə inkişaf edirdi, abadlıq-quruculuq işləri daha sürətlə gedirdi. Bu məqsədlə bir neçə ciddi addım atılmışdır. İlk növbədə rayon rəhbərliyinin gücləndirilməsi üçün tədbirlər görülmüşdür. Rayon ictimaiyyəti ilə və deputatlarla birgə məsələlər müzakirə edilmişdir. Şəkinin inkişafı ilə bağlı əsas istiqamətlər müəyyən edilmişdir. Rayonun yeni rəhbərliyinə ciddi tapşırıq verilmişdir ki, həm infrastruktur layihələrinin icrası, həm xüsusilə Şəkinin tarixi simasının bərpası ilə bağlı konkret tədbirlər görülsün. Qısa müddət ərzində böyük layihələrin master-planı hazırlanmışdır və mənə təqdim edilmişdir. İndi o planın icrası başlanmışdır.
Biz ilk növbədə rayon sakinlərini narahat edən bütün problemləri qısa müddət ərzində həll etməliyik. 2013-cü ilin sonuna qədər qazlaşdırma, elektrik enerjisi, içməli su, kanalizasiya, yollar - bütün bu məsələlər öz həllini yüksək səviyyədə tapacaq. İçməli su layihəsi əhalinin artımı nəzərə alınmaqla 2035-ci ilə qədər hesablanıb. Ona görə bu məsələ ilə bağlı heç bir problem olmayacaqdır.
Tarixi binaların bərpası və qorunması üçün vəsait ayrılmışdır. Bu da Şəki üçün çox vacib istiqamətdir. Çünki burada kifayət qədər tarixi abidələr vardır. Şəkini müasir beynəlxalq turizm mərkəzinə çevirmək üçün konkret tapşırıqlar verilmişdir. Onsuz da turistlər həm ölkə daxilindən, həm xaricdən gəlirlər və gələcəklər bu tarixi, bu gözəlliyi görmək üçün. Ancaq biz daha da yaxşı şərait yaratmalıyıq. Müasir otellər, turizm kompleksləri, əyləncə yerləri, istirahət parkları, bütün bunlar da yaradılmalıdır. Bu gün vaxtı ilə tikilmiş və indi yenidən qurulmuş Olimpiya İdman Kompleksinin açılışını qeyd etmişik. Bu da bir növ turizm mərkəzidir.
Bu gün yeni mehmanxananın açılışı da nəzərdə tutulur. Qədim Karvansara bərpa edilir. Yeni planlar vardır. Yəni, mən istəyirəm və əminəm ki, siz də bu təşəbbüsləri ürəkdən dəstəkləyirsiniz, Şəki daha da gözəl olsun, daha da cazibədar olsun, daha da gənc olsun. Amma öz tarixi simasını saxlamaqla. Bu işlərdə əlbəttə ki, ictimaiyyətin də çox böyük rolu var və olmalıdır. Bütün bu məsələlər ictimaiyyətlə razılaşdırılmalıdır. Yerli icra orqanlarına göstəriş verilmişdir ki, bu məsələdə geniş ictimai müzakirələr aparılsın. Çünki biz istəyirik ki, görüləcək işlər həm zövqlə, həm keyfiyyətlə, həm də ki, tarixi həqiqətləri nəzər almaq şərti ilə icra edilsin.
Bu gün Şəkinin gələcək inkişafı ilə bağlı konkret proqramlarımız vardır. Bu proqramlar əvvəlki dövrdə də olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində böyük işlər görülmüşdür. Növbəti mərhələ daha da ciddi, təsirli olmalıdır. Nəticələr də daha da gözəl olmalıdır.
Mən bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Bütün həkimləri təbrik edirəm. Həkimlər üçün gözəl şərait yaradılmışdır. O şərait ki, dünyanın inkişaf etmiş ölkələrinin aparıcı paytaxtlarında da bu şərait, bəlkə də bundan bir qədər aşağı səviyyədə var. Amma bu şərait elədir ki, biz indi bu sahədə Azərbaycan standartlarını tətbiq edirik. Həm memarlıq, həm şərait, həm avadanlıq. Bircə qalır ki, biz tibbi xidməti də dünya standartları səviyyəsinə qaldıraq. Mən əminəm ki, biz bu günü də görəcəyik. Əminəm ki, həkimlər burada yaxşı işləyəcəklər, xəstələrə yaxşı xidmət göstərəcəklər. Sizi bir daha təbrik edirəm.
X X X
Prezident İlham ƏLİYEV: İnsanların sağlamlığı bizim üçün prioritet məsələdir. Siz qeyd etdiniz və bu, doğrudan da həqiqətdir ki, biz gərək bütün amilləri nəzərə alaq. Təkcə gözəl xəstəxananın tikilməsi ilə işimiz bitmir. Ekologiya - Allaha şükür ki, burada ekoloji vəziyyət çox yaxşıdır, təmiz hava, indi su layihəsi icra ediləcəkdir. Həkimlər hamıdan yaxşı bilir ki, insanın sağlamlığı üçün içməli su, təmiz qida birinci yerdədir. Yəni, bu məsələlərə də nəzarət gücləndirilir. Tibbi xidmət, profilaktika, diaqnostika – mən demək olar hər bir yeni xəstəxananın açılışında xüsusilə qeyd edirəm, təkrar edirəm, bəlkə də bunu yüz dəfə də təkrar etmək lazımdır ki, hər bir vətəndaş ildə bir dəfə müayinədən keçməlidir. İndi belə şərait hər bir yerdə vardır. Siz qeyd etdiniz, dializ aparatları, indi soruşdum, nazir mənə deyir ki, dializə ehtiyacı olan 34 xəstə vardır. İndi siz deyirsiniz əvvəllər gedirdilər başqa yerlərə, o yerlərə ki, biz bu yaxınlarda tikdirmişik. Əvvəlki dövrdə ümumiyyətlə belə xəstələr əfsuslar olsun ki, həyatdan gedirdilər, yaşamırdılar. Bakıda bəlkə də cəmi bir, ya iki dializ aparatı var idi ki, orada növbə çatmırdı. İndi biz, bütün bölgələrdə, ilk növbədə, diaqnostika mərkəzlərində dializ mərkəzləri yaratdıq və bunun coğrafiyasını elə qurduq ki, gəlib-getmək üçün məsafə məqbul olsun. Hər bir rayonda yeni xəstəxanalar tikilərkən dializ məsələləri nəzərə alınır və indi 28 dializ mərkəzi vardır. Mən buraya gələrkən fikirləşirəm ki, 2008-ci ildə təməli qoyulanda deyirdim bura böyük xəstəxana olacaq, ətraf rayonlardan da gələcəklər. İndi ətraf rayonlarda da yeni xəstəxanalar açılır. Balakəndə böyük xəstəxana, Zaqatalada, Qəbələdə böyük diaqnostika-müalicə mərkəzləri, Oğuzda rayon xəstəxanası tikilmişdir, Qaxda rayon xəstəxanası təmir edilmişdir. İndi Şəkidə xəstəxana açılır. Yəqin ki, bu imkandan daha çox Şəki sakinləri istifadə edəcəklər. Belə də olmalıdır.
Biz bütün işləri planlı şəkildə həyata keçiririk. Birinci mərhələdə hər bir bölgədə müasir tibb mərkəzi yaradılmalı idi. Sonrakı mərhələdə hər bir rayon mərkəzində və ondan sonrakı mərhələdə, indi nazir də eşidir, həm iri xəstəxanalar, həm ambulatoriyalar, kəndlərdə tibb məntəqələri – bütün bunları etməliyik. Eyni zamanda, bu da birbaşa bu məsələyə aiddir - kənd yollarının tikintisi. Çünki kənd yolu yaxşı olsa, onda bəlkə o kənddə heç tibb məntəqəsinə ehtiyac da qalmayacaqdır, rahat gələ bilərlər rayon mərkəzinə. Ona görə kənd yollarının tikintisi ilə bağlı bu il çox ciddi proqram icra edilməyə başlanmışdır. Növbəti illərdə daha da çox vəsait ayrılacaq, o cümlədən Şəki rayonunun kənd yollarına vəsait ayrılacaqdır. Biz elə etməliyik ki, Azərbaycanda hər bir sahədə ən yüksək standartlar olsun. Buna nail olacağıq. Bir daha Sizi təbrik edirəm.