Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin TƏSVİRİ

09 fevral 2012, 16:30

Əlavə I

Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 7 fevral tarixli Fərmanı ilə
təsdiq edilmişdir

1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (bundan sonra – vəsiqə) 85,6 mm x 54 mm ölçülüdür. Vəsiqə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinə uyğundur.
2. Vəsiqənin üz tərəfinin sol hissəsində vəsiqə sahibinin 26 mm x 35 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulmuşdur. Fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun olmalıdır. Fotoşəklin altında vəsiqənin etibarlılıq müddətini və vəsiqə sahibinin kiçildilmiş təsvirini əks etdirən “Dəyişən Lazer Təsvir” yerləşdirilir.
3. Vəsiqənin üz tərəfinin:
3.1. yuxarı sol küncündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngli təsviri verilir, bayrağın təsvirindən sonra “AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞININ ŞƏXSİYYƏT VƏSİQƏSİ” sözləri, həmin sözlərin altında “IDENTITY CARD OF THE CITIZEN OF THE REPUBLIC OF AZERBAIJAN” sözləri yazılır;
3.2. orta hissəsində “SOYADI/SURNAME”, “ADI/GIVEN NAME”, “ATASININ ADI/ PATRONYMIC”, “CİNSİ/SEX”, “DOĞULDUĞU TARİX/DATE OF BIRTH”, “QAN QRUPU/BLOOD GROUP”, “VƏSİQƏNİN NÖMRƏSİ/CARD NO” (iki latın hərfindən və yeddi rəqəmdən ibarətdir), “FƏRDİ İDENTİFİKASİYA NÖMRƏSİ/PERSONAL NO”, “ETİBARLILIQ MÜDDƏTİ/DATE OF EXPIRY”, “VƏSİQƏ SAHİBİNİN İMZASI/HOLDER’S SIGNATURE” sözləri yazılır.
4. Vəsiqənin üz tərəfində vətəndaşın soyadı, adı və atasının adı yalnız Azərbaycan Respublikasının dövlət dilində yazılır, vətəndaşın cinsi isə “kişi” və “male” və ya “qadın” və “female” sözlərinin baş hərfləri göstərilməklə “K/M” və ya “Q/F” kimi qeyd olunur.
5. Vəsiqənin arxa tərəfinin:
5.1. yuxarı hissəsində “Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün vəsiqəni verən orqana bir ay müddətində müraciət etməlidir.” sözləri qeyd olunur;
5.2. orta hissəsinin solunda elektron daşıyıcı (çip), aşağı hissəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun olaraq maşınla oxuna bilən üçzolaqlı optik nəzarət oxunuşu hissəsi yerləşir.
6. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun olaraq ingilis dilində olmalıdır.
7. Vəsiqədə Azərbaycan Respublikasının dövlət rəmzləri, xəritəsi və tarixi abidələri təsvir olunur. 

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50