Xalq qəhrəmanı Koroğlunun abidəsinin açılışında İlham Əliyevin nitqi
21 fevral 2012, 17:20
- Əziz dostlar! Bu gün şəhərimizin tarixində çox əlamətdar və unudulmaz bir gündür. Bu gün Bakının mərkəzində, şəhərimizin gözəl guşəsində biz böyük şəxsiyyət, Azərbaycan xalqının qəhrəman oğlu Koroğlunun abidəsinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Koroğlu bizim xalq qəhrəmanımızdır. Koroğlu vətənpərvərlik, igidlik rəmzidir. Azərbaycan xalqının qəlbində Koroğlu daim yaşamışdır. Bütün dövrlərdə Koroğlunun xalq qarşısında etdiyi xidmətlər Azərbaycan xalqının xatirəsində yaşamışdır və bu gün də yaşayır.
Koroğlu obrazı vətənpərvərlik, igidlik, mərdlik, şücaət obrazıdır. Koroğlu Azərbaycan xalqına xas olan bütün gözəl xüsusiyyətləri özündə əks etdirir. Vətənpərvərlik kimi bu gün də çox vacib olan amil Koroğlu obrazında bariz şəkildə özünü göstərir.
Müxtəlif dövrlərdə bizim böyük sənətkarlarımız “Koroğlu” mövzusuna müraciət etmişlər. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 1930-cu illərdə yazdığı “Koroğlu” operası bu gün də yaşayır və əbədi yaşayacaqdır. Bütün təntənəli mərasimlərdə “Koroğlu” operasının uvertürası səslənir. Bu, bizim dövlət himnimizlə bərabər Azərbaycan xalqının ayrılmaz böyük dəyəri kimi bu gün də yaşayır.
Ölkəmizin müxtəlif şəhərlərində Koroğlu abidələri ucaldılmışdır. Ancaq Bakıda Koroğlu abidəsi yox idi və bu boşluğu biz indi aradan qaldırdıq. Mən 2009-cu ildə Bakıda Koroğlu abidəsinin ucaldılması haqqında müvafiq Sərəncam imzalamışam. Bizim istedadlı heykəltəraşımız Tokay Məmmədov gözəl və əzəmətli əsər yaratmışdır. Koroğlu abidəsi üçün müvafiq yerin seçilməsi prosesi başlanmışdı. Mən çox istəyirdim ki, şəhərimizin gözəl yerində gözəl, əzəmətli abidə ucaldılsın və bu gün biz bu tarixi hadisənin şahidiyik.
Ölkəmizin müxtəlif bölgələrində, bir daha demək istəyirəm ki, Koroğlu abidəsi vardır. Artıq Bakıda da bu abidə vardır. Artıq bu gündən etibarən bu parka da “Koroğlu parkı” adı verilib.
Gənc nəslin tərbiyə edilməsində “Koroğlu” dastanı çox mühüm bir vasitədir. Çünki gənc nəslimiz vətənpərvərlik ruhunda böyüməli, tərbiyə almalıdır. Müstəqil Azərbaycanın vətəndaşları öz Vətənini, xalqını sevməlidirlər. Koroğlu xalq içərisindən çıxmış, xalq üçün yaşamış gözəl insan, böyük sərkərdə idi. Koroğlu, eyni zamanda, istedadlı insan idi - həm şair, həm aşıq idi. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqının ən gözəl xüsusiyyətləri onda var idi və bizim gənclərimiz keçmişimizdə olan müsbət obrazları da bilməlidirlər, yaxından, dərindən tanımalıdırlar. Biz keçən il müstəqilliyimizin 20 illiyini qeyd etmişik. Ancaq bizim çox böyük, zəngin tariximiz, mədəniyyətimiz vardır. Şifahi xalq yaradıcılığımız vardır. Gözəl əsərlərimiz, dahi şəxsiyyətlərimiz vardır. Bizim vətəndaşlar, xüsusilə gənclər o dahi şəxsiyyətləri tanımalıdırlar.
Koroğlu abidəsinin ucaldılması bir tərəfdən tarixi ədaləti əks etdirir, digər tərəfdən Koroğlu abidəsi bir daha Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu əyani şəkildə göstərir.
Biz öz dahi şəxsiyyətlərimizin xatirəsinə böyük hörmətlə yanaşırıq. Təkcə keçən il Bakıda görkəmli şəxsiyyətlərin abidələri ucaldılmışdır. Keçən il Zivərbəy Əhmədbəyovun, Fikrət Əmirovun abidəsi ucaldılmışdır. Bu gün biz Koroğlunun abidəsinin açılışını qeyd edirik. Yaxın gələcəkdə Bakıda, şəhərimizin gözəl yerlərində Babəkin, Qara Qarayevin, Bülbülün abidələri ucaldılacaqdır. Artıq müvafiq göstərişlər verilmişdir.
Sovet dövründə də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın görkəmli şəxsiyyətlərinin şərəfinə abidələr ucaldılmışdır. Bu gün bu siyasət davam etdirilir. Bu abidələr bir daha onu göstərir ki, Azərbaycan xalqı nə qədər böyük, nə qədər istedadlı xalqdır, bizim nə qədər böyük tarixi şəxsiyyətlərimiz olmuşdur. Onların fəaliyyəti, həyatı, xalqa bağlılığı bizim üçün də bir nümunədir, örnəkdir. Onlar bu yolu bizə göstərdilər. Bu yol ədalət yoludur.
Koroğlu da haqq-ədalətin tərəfində idi. Koroğlu kasıbların tərəfində idi. Koroğlu ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət, sərkərdə, gözəl vətəndaş idi. Biz, bir daha demək istəyirəm ki, gənc nəsli bu müsbət nümunələr əsasında tərbiyə etməliyik. Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar, Vətəni sevirlər. Bizim vətəndaşlar haqlı olaraq qürur hissi keçirirlər ki, biz hamımız Azərbaycan vətəndaşıyıq.
İyirmi il ərzində ölkəmiz böyük və şərəfli yol keçmişdir, bütün sahələrdə böyük uğurlara imza atmışdır. Uğurlarımızın təməlində məhz milli mənəvi dəyərlər dayanır. Güclü iqtisadiyyat yaratmaq olar, bölgədə güclü mövqelərə malik olmaq olar, - halbuki bunun üçün də çox çalışmaq lazımdır, - ancaq milli mənəvi dəyərlər olmadan heç bir ölkə, heç bir xalq inkişaf edə bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulubdur. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulubdur. Milli mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir.
Bu gün ölkəmizdə hər bir sahədə olduğu kimi, milli mənəvi sahədə də dirçəliş, inkişaf vardır. Biz güclü, müasir dövlət qururuq. Ancaq ənənələrimizə, tariximizə, keçmişimizə çox bağlıyıq. Dünyada qloballaşma prosesləri gedir, istər-istəməz bizə də təsir edir. Yəni bu, heç bir ölkədən yan keçə bilməz. Xüsusilə, bu dövrdə milli dəyərlərə diqqət daha da böyük olmalıdır. İnsanlar milli ruhda tərbiyə olunmalıdırlar. Öz Vətəninə, öz keçmişinə, tarixinə, dahi şəxsiyyətlərinə hörmətlə yanaşmalıdırlar. Mən çox şadam ki, bugünkü Azərbaycan reallıqlarını bu amillər müəyyən edir. Bizi bəzi başqa ölkələrdən fərqləndirən məhz odur ki, Azərbaycan dövləti güclü milli təməl üzərində qurulubdur. Eyni zamanda, Azərbaycanda yaşayan bütün millətlərin, bütün dinlərin nümayəndələri ölkəmizin dəyərli vətəndaşlarıdırlar və Azərbaycanın təcrübəsi bu baxımdan diqqətə layiqdir və böyük maraq doğurur.
Bu gün bu abidənin açılışı, eyni zamanda, bu gözəl parkın abadlaşmasına da şərait yaratdı. Abidənin yaradılması ilə bərabər, Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş vermişdik ki, bu park da abadlaşsın, gözəlləşsin. Bakıda böyük quruculuq işləri aparılır. Bütün parklar, bağlar yenidən qurulur, abadlaşır. İnsanlar üçün gözəl istirahət yerləri yaradılır. Bakı doğrudan da indi dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının tarixi gözəlliyi vardır. Tarixi, qədim binalar şəhərimizə gözəllik verir. Eyni zamanda, Bakının müasir meqapolisə çevrilməsi prosesi də uğurla gedir. Bu iki istiqamət arasında heç bir ziddiyyət olmamalıdır və yoxdur. Həm müasir binalar, həm qədim Bakı bir-birini tamamlamalıdır və tamamlayır. Şəhərimizin gözəlləşməsi hər bir Bakı sakini, hər bir Azərbaycan vətəndaşı üçün çox vacib olan məsələdir. Bakıya gələn hər bir qonaq şəhərin gözəlliyinə heyran olur. Bakı da bizim böyük, milli sərvətimizdir.
Mən bu gün bir daha qeyd etmək istəyirəm ki, Koroğlu abidəsinin ucaldılması böyük məna daşıyır. Bu, həm tarixi şəxsiyyətə hörmətimizin əlamətidir, həm keçmişimizə olan münasibətdir, həm də Koroğlunun etdiyi fədakarlığa görə Azərbaycan xalqının qiymətidir. Bu gözəl əsər, əminəm ki, bütün Azərbaycan xalqını sevindirəcəkdir. Koroğlu abidəsi məhz belə olmalı idi. Gözəl, möhtəşəm, qürurlu və əzəmətli.
Bir daha əsərin müəllifinə, görkəmli heykəltəraş Tokay Məmmədova minnətdarlığımı bildirmək istəyirəm. Əsərin yaradılmasında iştirak etmiş bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm. Bakı sakinlərini və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Sağ olun!