Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində İlham Əliyevin nitqi
19 mart 2012, 14:45
-Əziz dostlar,
Hörmətli xanımlar və cənablar!
Mən sizi və bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə səadət, uğurlar arzulayıram.
Novruz Azərbaycan xalqının ən sevimli bayramlarından biridir. Xalqımız əsrlər boyu bu gözəl bayramı qeyd edir. Hər bir ailədə Novruz əziz bayram kimi qeyd edilir. Müstəqil Azərbaycan ancaq 20 ildir ki, Novruzu dövlət bayramı kimi qeyd edir. İyirmi il ərzində bu bayram, doğrudan da, həm rəsmi bayram kimi qeyd edilir, həm geniş şəkildə, bütün ölkəmizdə hər bir Azərbaycan vətəndaşı baharın gəlişinə sevinir, hər bir Azərbaycan ailəsi bu bayram günlərində bir yerdə olur. Bir neçə il bundan əvvəl Azərbaycanda Novruz bayramının beş gün qeyd edilməsi ilə bağlı imzaladığım Sərəncamın da məqsədi məhz ondan ibarət idi ki, bu Novruz günlərində hər bir Azərbaycan ailəsi bu bayramı qeyd etsin. Şənbə və bazar günlərini də əlavə etsək, bu il bayram günləri yeddi gündür.
Azərbaycan xalqı öz milli mənəvi dəyərlərinə sadiqdir. Dövlətimiz bu dəyərlər üzərində qurulubdur. İyirmi il ərzində milli dəyərlərə münasibətimiz, milli ənənələrimizə hörmətimiz bizi daha da gücləndirdi. Bu gün müstəqil Azərbaycan bu əsaslı və güclü milli təməl üzərində öz gələcəyini qurur. Biz müasir dövlət qururuq, dünyaya inteqrasiya edirik, dünya proseslərində uğurla, fəal iştirak edirik. Ancaq çox güclü milli mənəvi dəyərlərimiz bizim üçün əsasdır.
Biz ümumbəşəri dəyərlərə sadiqik, ümumbəşəri dəyərləri bölüşürük. Milli dəyərlər isə bizim üçün həm keçmişimizə olan münasibətdir, hörmətdir, eyni zamanda, gələcəyə atılan addımlardır. Mən çox şadam ki, Azərbaycanda gənclər də milli mənəvi dəyərlər əsasında tərbiyə olunurlar. Gənclər milli ruhda böyüyürlər. Milli ruhun yüksək səviyyədə olması bizi - azərbaycanlıları bir xalq kimi daim yüksəklərə qaldıracaqdır.
Əsrlər boyu xalqımız müstəqillik arzusu ilə yaşamışdır. Biz müxtəlif ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq milli mənliyimizi heç vaxt itirməmişik. Hər zaman milli dəyərlər, Azərbaycan dəyərləri bizi daha da gücləndirirdi. Xalqımız üçün ən çətin anlarda bir millət kimi özümüzü qorumaq üçün, ilk növbədə, milli dəyərlərimiz, ənənələrimiz, milli bayramlarımız, ana dilimiz öz rolunu oynamışdır.
Bundan sonra müstəqil dövlət kimi Azərbaycan yalnız inkişaf yolu ilə gedəcəkdir. Müstəqilliyimizin qısa tarixi bunu deməyə əsas verir. İyirmi il tarix baxımından kiçik bir dövrdür. Ancaq bu illər ərzində ölkəmiz çox uğurlu yol keçmişdir. Müstəqilliyimizi bərpa etdikdə Azərbaycanda gedən xoşagəlməz proseslər faktiki olaraq müstəqilliyimizi əlimizdən ala bilərdi. Ölkədə hökm sürən xaos, anarxiya, səriştəsizlik, siyasi rəhbərliyin xəyanəti ölkəmizi uçurum kənarına qoymuşdu. Ulu öndər Heydər Əliyevin Azərbaycana gəlməsi, Azərbaycan xalqının ona göstərdiyi etimad və inam vəziyyəti köklü şəkildə dəyişdirə bilmişdir. Ölkəmiz 1993-cü ildən bu günə qədər inkişaf yolunu yaşayır, beynəlxalq mövqelərimiz möhkəmlənir, daxildə vəziyyət müsbət istiqamətdə inkişaf edir. Azərbaycan dünya miqyasında ləyaqətli ölkə kimi özünü tanıtdıra bilmişdir.
İyirmi il ərzindəki uğurlar deməyə əsas verir ki, ölkəmiz bundan sonra da inkişaf edəcək və Azərbaycan dünya miqyasında daha da böyük yerə malik olacaqdır. Keçən ilin oktyabr ayında biz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına seçildik. Bu, deyə bilərəm ki, 20 illik müstəqil həyatımızın və uğurlu siyasətimizin məntiqi nəticəsi olmuşdur. Təsadüfi deyildir ki, BMT Təhlükəsizlik Şurasına seçilməyimiz müstəqilliyimizin bərpasının 20-ci ildönümünə təsadüf etmişdir. Bu, heç də təsadüfi deyildir. Bu, təsadüfdə əslində çox böyük məna, çox böyük rəmzi xarakter vardır. Çünki 20 il ərzində ölkəmiz o qədər inkişaf edib və dünyaya özünü o qədər tanıtdıra bilib ki, dünya birliyi bizə inandı, bizi dəstəklədi. 155 ölkənin Azərbaycana inanması və Azərbaycanı çox fəal şəkildə müdafiə etməsi bizim böyük uğurumuzdur, Azərbaycan dövlətinin böyük nailiyyətidir.
Biz artıq BMT-də fəal işə başlamışıq. Əvvəlki dövrlərdə qeyd etdiyim kimi, biz BMT Təhlükəsizlik Şurasında ədaləti müdafiə edəcəyik. Dünyada buna böyük ehtiyac vardır. Biz beynəlxalq hüququ müdafiə edəcəyik. Çünki bəzi hallarda beynəlxalq hüquq işləmir, beynəlxalq hüquq normaları tapdalanır və bu baxımdan Azərbaycan öz təcrübəsini də ortaya qoyacaqdır.
Bildiyiniz kimi, 20 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr icra edilmir və bu ədalətsizlik bu gün də davam edir. Bəzi hallarda qəbul edilmiş qətnamələr dərhal - saatlar içərisində icra edilməyə başlayır. Bizə gəldikdə isə, 20 ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalıb. Bu, ədalətsizlikdir, bu, beynəlxalq hüququn pozulmasıdır və böyük dövlətlərin beynəlxalq hüququn pozulmasına laqeyd münasibətinin təzahürüdür.
Biz çalışacağıq ki, bu ədalətsizliyə öz imkanlarımızla və bizi dəstəkləyən ölkələrin fəal iştirakı ilə son qoyaq. Beynəlxalq hüquq normaları bərpa edilməlidir. Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ və ətraf bölgələr işğalçılardan azad edilməlidir. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilməyəcəkdir. Azərbaycan suverenliyini, ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcəkdir.
Bizim bu mötəbər quruma seçilməyimiz, eyni zamanda, ölkədə gedən proseslərin məntiqi nəticəsidir. Biz son illər ərzində uğurlu siyasi və iqtisadi islahatlar aparmaqla ölkənin dayanıqlı inkişafına nail ola bilmişik. Bu gün Azərbaycan ilə əməkdaşlıq etmək istəyən ölkələrin, dostlarımızın sayı sürətlə artır. Bizim başqa ölkələrdə diplomatik nümayəndəliklərimizin də sayı artmaqdadır. Yəni, Azərbaycan bu gün nəinki region işlərində, dünya miqyasında müstəqil siyasəti ilə seçilən ölkədir. Biz 20 ildir, sözün əsl mənasında, müstəqil həyat yaşayırıq. Azərbaycan xalqının taleyi Azərbaycan xalqının əlindədir, xüsusilə, böyük dövlətlərin maraqlarının kəsişdiyi bir bölgədə müstəqil siyasət aparmaq böyük siyasi iradə, cəsarət və müdriklik tələb edir.
Mən çox şadam ki, Azərbaycan xalqı həmişə olduğu kimi, özünə xas olan bu gözəl xüsusiyyətlərini ölkəmiz üçün ən çətin anlarda nümayiş etdirir. Biz bundan sonra da müstəqillik yolu ilə uğurla gedəcəyik. Bu gün qarşımızda bütün imkanlar, bütün üfüqlər açıqdır. Beynəlxalq mövqelərimiz möhkəmdir. Daxildə siyasət sabitdir, ictimai-siyasi vəziyyət çox yaxşıdır. Ölkədə böyük sosial proqramlar icra edilir. Bu proqramlar haqqında danışmaq üçün yəqin ki, bir neçə saat vaxt lazım olacaqdır. Sadəcə olaraq iki məqamı qeyd etmək istəyirəm. Keçən il 900 minə yaxın pensiyaçının orta pensiyası əhəmiyyətli dərəcədə, təqribən 40 faizə yaxın artırılmışdır. Bu gün Azərbaycanda orta pensiyanın səviyyəsi orta maaş səviyyəsinin 40 faizini təşkil edir. Bu, inkişaf etmiş ölkələr üçün xas olan nəticədir.
Bu yaxınlarda sovet dövrü əmanətlərinin qaytarılması ilə əlaqədar müvafiq Sərəncam imzalanmışdır. Bu da çox ciddi siyasi addımdır. Çünki müstəqil Azərbaycan dövləti keçmiş əmanətlərin qaytarılması işində hüquqi cəhətdən heç bir öhdəlik daşımır. Ancaq mən hesab etdim ki, bu, ədalətli olar və dövlət büdcəsində böyük məbləğ nəzərdə tutulur ki, biz gələn ilin sonuna qədər bütün əmanətlərin qaytarılmasına nail olaq. Bir daha demək istəyirəm ki, bu, çox ciddi sosial və siyasi addımdır və bizim nə qədər güclü sosial siyasət aparmağımızı əyani şəkildə göstərir.
Əlbəttə, biz nə sosial, nə xarici siyasət sahələrində uğurları güclü iqtisadi baza olmadan əldə edə bilməzdik. Məhz buna görə biz əsas istiqaməti bu sahəyə yönəltdik. Son 8 il ərzində iqtisadiyyatımız 3 dəfə, büdcəmiz təxminən 15 dəfə artmışdır. Bu gün biz güclü iqtisadiyyata malik olan ölkəyik. Bizim böyük valyuta ehtiyatlarımız vardır. Biz öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Əksinə, biz artıq yeni iqtisadi strategiyamızı icra edərkən xarici ölkələrə kreditlərin verilməsinə başlamışıq. Hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Bu, bizə gələcəkdə həm iqtisadi, həm də siyasi cəhətdən böyük iqtisadi və siyasi dividendlər gətirəcəkdir və artıq gətirir. Biz bu siyasəti davam etdirəcəyik, maliyyə resurslarımızı şaxələndirilmiş şəkildə lazım olan layihələrə istiqamətləndirəcəyik.
İqtisadi sahədə əldə edilmiş nailiyyətlər bölgələrdə də öz təsirini göstərir. Hər bir bölgədə canlanma, inkişaf, quruculuq var, abadlıq işləri gedir. Bölgələr, rayonlar arasında sağlam rəqabət aparılır. Bu da məni çox sevindirir. Mən tez-tez bölgələrdə oluram və görürəm ki, hər bir yerdə quruculuq işlərinə böyük həvəs vardır. Hər bir rayonda sakinlər istəyirlər ki, onların şəhərləri, kəndləri daha da gözəl, daha da abad olsun.
Bir sözlə, ölkəmizdə ümumi ruh yüksəkliyi, ümumi quruculuq meyilləri çox güclüdür və bu, onu göstərir ki, Azərbaycan cəmiyyəti sağlam cəmiyyətdir. Bir daha demək istəyirəm ki, bu sağlamlığın əsas mənbəyi milli dəyərlərimizdir. Biz bu dəyərlərə sadiqik və daim bu dəyərləri uca tutacağıq. Eyni zamanda, müasir dünyaya inteqrasiyamız da çox uğurludur. Biz müstəqil dövlət kimi ümumi işlərə öz töhfəmizi veririk, regional proseslərdə fəal iştirak edirik.
Bu gün enerji, nəqliyyat layihələrinin icrasında Azərbaycan bölgədə söz sahibidir. Bizim təşəbbüsümüzlə icra edilən layihələr nəinki bölgə üçün, Avropa üçün, dünya üçün əhəmiyyətlidir. Biz bunu bilirik. Biz gücümüzü yaxşı bilirik. Bilirik ki, Azərbaycanın maraqlarını nəzərə almadan bölgədə heç bir təşəbbüs uğurla nəticələnə bilməz. Biz bu təşəbbüsləri enerji layihələrinin icrası ilə başlamışıq. Sonra isə bu, artıq nəqliyyat sektoruna təsirini göstərməyə başlamışdır. Nəticə etibarilə bu gün siyasi sahədə də istənilən təşəbbüs, bölgədə irəli sürülən təşəbbüs Azərbaycan ilə razılaşdırılmalıdır. Yaxın tarixin mənzərəsi mənim sözlərimi çox gözəl şəkildə təsdiqləyir.
Bizim siyasətimiz isə xoşniyyətlidir. Biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı və qarşılıqlı hörmət, bir-birinin işlərinə qarışmamaq əsasında münasibətləri qururuq. Bu, ədalətli və məntiqi mövqedir. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq. Əlbəttə, heç vaxt imkan verə bilmərik ki, kimsə bizim daxili işlərimizə qarışa bilsin. Baxmayaraq, belə cəhdlər vardır və istisna edilmir ki, bundan sonra da olacaqdır. Halbuki, Azərbaycanın uğurlu inkişafı və bizim güclü iradəmiz artıq bu səylərin səngiməsinə gətirib çıxarmalıdır. Ümid edirəm ki, belə də olacaqdır.
Hər halda seçdiyimiz yol inkişaf yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz. Heç bir qüvvə bizi seçdiyimiz yoldan çəkindirə bilməz. Çünki bu yol Azərbaycan xalqının rifahını təmin edən yoldur. Bu yol Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün seçilibdir. Bu yol tərəqqi, demokratiya yoludur. Ölkəmizin bu böhranlı illərdə uğurlu inkişafı bir daha onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur.
Bu gün keçmişdə bəzən bizə tövsiyələr verən beynəlxalq maliyyə qurumları da artıq razılaşmağa məcburdurlar ki, seçdiyimiz yol düzgün yoldur. Avropada böhran davam edir. İqtisadi-maliyyə böhranının ikinci dalğası yaşanır. Bəzi ölkələr defolt ərəfəsindədir. Bəzi ölkələrdə kredit reytinqləri əhəmiyyətli dərəcədə aşağı salınır. Amma Azərbaycanın kredit reytinqləri yüksəlir. Həmin reytinq agentlikləri Avropa ölkələrinin reytinqlərini aşağı salırlar, bizim reytinqlərimizi artırırlar. Bunu görməmək mümkün deyildir. Bəzi antiazərbaycan qüvvələri nə qədər çalışsalar da, bizdə gedən inkişafı görməmək, bunu inkar etmək mümkün deyildir.
Bu inkişaf həm statistikada, həm də abadlaşan şəhərlərdə, gözəlləşən rayonlarımızda və gözəlləşən Bakıda özünü göstərir. Bakı bizim paytaxtımızdır, Bakı bizim əziz şəhərimizdir. Hər bir azərbaycanlı üçün yaşadığı yerdən asılı olmayaraq, Bakı mərkəzdir. Bu gün Bakı, doğrudan da, paytaxt şəhərinə layiq olan bir şəhərdir. Bakının tarixi gözəlliyi bu gün müasir infrastruktur layihələrinin tamamlanması ilə zənginləşdirilir. Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi inkişaf Proqramı keçən ildən icra edilir və əminəm ki, gələn il uğurla başa çatacaqdır. Bütün qəsəbələrdə sosial struktur layihələri icra ediləcəkdir. Bakı gözəlləşir, Bakıda bütün tarixi binalar bərpa edilir. Bakı bu gün parklar, bağlar, bağçalar şəhəridir. Bakı bu gün dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Bu, reallıqdır.
Şəhərimizin inkişafı ilə bağlı gələcək planlarımız vardır. İlk növbədə, biz tarixi keçmişimizə böyük hörmətlə və ehtiyatla yanaşmalıyıq. “İçərişəhər” Dövlət Qoruğu çox böyük həssaslıqla, ehtiyatla və məhəbbətlə, tarixilik gözlənilməklə yenidən bərpa edilir. Bütün dini abidələrimiz, məscidlərimiz, ictimai yerlər, küçələr abadlaşdırılır. Müasir Bakını təcəssüm etdirən bulvarımız genişləndirilir. Bulvarın tarixi uzunluğu 3,5 kilometr məsafəni əhatə edir. Yeni bulvar tikilir. Yeni bulvar yəqin ki, bir-iki aydan sonra artıq açılacaqdır. Yeni bulvarın uzunluğu 2 kilometrə yaxındır. Bu, gözəl bir bulvar olacaqdır. Yeni bulvardan sonra Dövlət Bayrağı Meydanı başlayır. Dövlət Bayrağı Meydanında tikilən dənizkənarı gəzinti yerləri, - əslində o da bulvarın davamıdır, - 7,5 kilometrdir. Yəni, biz tarixi bulvarımızı bir neçə dəfə artırırıq. Nəticə etibarilə bir-iki aydan sonra vətəndaşlarımız və şəhərimizin qonaqları təqribən 13-15 kilometr məsafədə bu bulvardan istifadə edəcəklər.
Bayraq Meydanında möhtəşəm abadlıq işləri aparılır və yaxın zamanlarda hər bir Azərbaycan vətəndaşı bu imkanlardan istifadə edəcəkdir. Orada indi son tamamlama işləri aparılır. Yeni parklar salınır. Şəhərimizin tarixini əks etdirən, paytaxtımızın rəmzlərindən biri olan funikulyor yenidən qurulur. Gözəl Xalça Muzeyi tikilir. “Bakı Venesiyası” yenidən qurulur və kanallar genişləndirilir. Əminəm ki, orada zövqoxşayan bir mənzərə yaranacaqdır. Parklar abadlaşır. Bütün parklarda quruculuq işləri aparılır. Bu yaxınlarda Koroğlu parkı yenidən qurulubdur. İndi Dədə Qorqud parkında böyük işlər gedir, süni göllər yaradılır.
Yəni, bütün bunları biz insanların rahat yaşaması üçün edirik. Bakıda işləmək və yaşamaq üçün bütün imkanlar vardır. Mən istəyirəm ki, Bakı dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevrilir. Əminəm ki, gün gələcək və biz deyəcəyik ki, Bakı dünyanın ən gözəl şəhəridir. Belə də olmalıdır. Azərbaycan vətəndaşları ən gözəl şəraitdə yaşamalıdırlar. Həm böyük şəhərlərdə, həm kəndlərdə. Hər bir kənd üçün indi konkret proqramlar var və onlar icra edilir.
Əziz dostlar, bu gözəl bayram günlərində hava da bizimlə həmrəydir. Bu qış çox sərt keçmişdir və mən şəxsən xatırlamıram ki, Xəzər dənizi nə vaxtsa donsun. İndi məndən yaşda daha da böyük olanlar xatırlayırlar ki, 1953-cü ildə Xəzər dənizi donmuşdur. Yəni, bu, fövqəladə bir hal idi və biz hamımız səbirsizliklə bu gözəl günəşli günləri gözləyirdik. Bu da çox rəmzi xarakter daşıyır ki, məhz bayram günündə Günəş də bizimlə bərabərdir. Mən arzu edirəm ki, bundan sonra bütün dövrlərdə daim Azərbaycan səmasında Günəş saçsın! Daim bizim yolumuzu Günəş işıqlandırsın. Çünki bizim yolumuz haqq yoludur, ədalət yoludur, inkişaf yoludur.
Bir daha sizi və bütün Azərbaycan xalqını bu gözəl bayram münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına cansağlığı və uğurlar arzulayıram. Sağ olun.