İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib

03 mart 2021, 16:15
İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.

Nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

-Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm ki, sizin səfəriniz hərbi sahədə ölkələrimiz arasında əməkdaşlığı gücləndirəcək. Bu günə qədər bu əməkdaşlıq çox səmərəli olmuşdur və biz tərəfdaşlığımızı genişləndirmək arzusundayıq.

Əvvəlcə, müharibə zamanı nümayiş etdirilən həmrəyliyə və dəstəyə görə qardaş Pakistana təşəkkürümü ifadə etmək istəyirəm. Torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibə 44 gün çəkdi və Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatdı. Biz 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdik.

Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi. Pakistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının tərəfdarı kimi çıxış etdi və Ermənistanın təcavüzünü pislədi. Bu, həqiqi qardaşlıq və dostluğun nümunəsi idi. Yəqin bilirsiniz ki, Azərbaycanda insanlar Pakistan xalqı ilə, ölkənizlə bağlı öz hisslərini nümayiş etdirdilər, müharibə zamanı Pakistan bayraqlarını dalğalandırdılar. Bu, bir daha bizim birlik və qardaşlığımızı nümayiş etdirir.

Ölkələrimiz arasında əlaqələrin uzun tarixi var. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir və Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Xalqımız bundan xəbərdardır və biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək tərəfimizdən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının videokonfrans formatında Zirvə toplantısı keçiriləcək və biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığı müzakirə edəcəyik. İkitərəfli münasibətlərimizə bir daha toxunaraq qeyd etmək istəyirəm ki, biz diqqətimizi iqtisadiyyat sahəsində cəmləşdirəcəyik. Buraya energetika və nəqliyyat sahəsi aiddir. Biz ümid edirik ki, Pakistan ölkəmizin ərazisindən keçən mövcud və yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq. Beləliklə də biz əməkdaşlığımızı bu sahədə də genişləndirmiş olacağıq.

Əlbəttə, hərbi sahədə əməkdaşlığımızın böyük potensialı var və əminəm ki, bu gün siz həmkarlarınızla gələcək planlarımızı müzakirə edəcəksiniz. Biz artıq Pakistan müdafiə sənayesinin məhsulları ilə tanışıq. Bildiyiniz kimi, biz Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq. Bununla yanaşı, biz birgə hərbi təlimlər üzərində düşünürük. Hesab edirik ki, artıq bunun vaxtı çatıb.

Biz artıq Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının yaxşı nəticələrinin şahidi olduq. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək mövqelərimizi gücləndirəcəyik və sülhə töhfə verəcəyik. Çünki ölkələrimiz regionda sülh və ədalətin tərəfdarıdır. Biz beynəlxalq hüququn işləmədiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il ərzində icra edilmədiyini, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq olunmadığını, Ermənistanın cəzalandırılmadığını və sonsuz danışıqların dalana dirəndiyini görəndə ədaləti özümüz bərpa etməli olduq. Yəni, beynəlxalq hüquq işləmədiyi halda, o, güc vasitəsilə həyata keçirilməlidir. Biz buna nail olduq və bunu bütün dünyaya nümayiş etdirdik.

Ancaq biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik. Beləliklə, bizim hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunması işinə töhfə verəcək. Bir daha xoş gəlmisiniz. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi və həmkarlarınızla səmərəli iş aparmağı arzulayıram.

XXX

Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza dedi:

-Çox sağ olun cənab Prezident. Əvvəlcə, Sizinlə görüşməkdən böyük şərəf hissi duyuram və bu cür yerinə düşən görüş fürsətinə görə Sizə olduqca minnətdaram. Sizin və Azərbaycan xalqının 44 günlük müharibədə tam Qələbəsi münasibətilə Sizi öz adımdan, Pakistanın bütün Silahlı Qüvvələri və Pakistan xalqı adından təbrik etmək istərdim. Deməliyəm ki, Zəfəriniz eyni istəklə Pakistanda qeyd olundu. Buna görə, Zati-aliləri, cənab səfir hadisələrin gedişatı haqqında bizi daim məlumatlandırırdı. Müharibənin istənilən anında Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatları bizim kütləvi informasiya vasitələrində əsas başlıqla gedirdi. Bir daha tam Qələbəniz münasibətilə Sizi təbrik edirəm.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:44
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının...

10 yanvar 2025, 14:44
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:40
“Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.

2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...

10 yanvar 2025, 14:40
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
13:16
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...

10 yanvar 2025, 13:16
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
13:14
“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 iyun tarixli 742 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən...

10 yanvar 2025, 13:14
SƏNƏDLƏR Qanunlar 10 yanvar 2025
12:52
“Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il oktyabrın 30-da Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikası...

10 yanvar 2025, 12:52