“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransında İlham Əliyevin giriş nitqi

20 iyun 2012, 11:35
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransında İlham Əliyevin giriş nitqi

- Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı keçən ilin may ayında təsdiq edilmişdir. Keçən ilin mart ayında isə biz bu salonda gələcək Proqramın konturları haqqında geniş fikir mübadiləsi aparmışdıq. May ayında Proqram təsdiq olunmuş və icra edilməyə başlanmışdır.

Deyə bilərəm ki, Bakı şəhərinin və onun qəsəbələrinin inkişafına dair bu Proqram birinci proqram deyildir. Birinci proqram 2005-ci ildə tərtib edilmişdir. 2005-ci ildə Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafını sürətləndirmək üçün konkret tədbirlər görülmüşdür. O tədbirlər 2006-2007-ci illəri əhatə edir. Bu da təbiidir, çünki bildiyiniz kimi, 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı Proqramı qəbul edilmişdir. Biz əsas diqqəti bölgələrin inkişafına yönəltmişdik. Eyni zamanda, Bakı şəhəri və onun qəsəbələri də diqqətdən kənarda qalmamalı idi. Yəni, bu məntiqi ardıcıllıq onu göstərir ki, ölkə qarşısında, bütün bölgələr qarşısında duran vəzifələr ardıcıllıqla və məqsədyönlü şəkildə öz həllini tapmaqdadır.

Bakı şəhərinin inkişafına dair birinci Proqram qısamüddətli idi. Bu Proqramın icrası nəticəsində müəyyən işlər görüldü. Ancaq şəhər inkişaf edir, əhali artır. Ölkəmizin həm sənaye, həm iqtisadi potensialı artır. Qarşımıza yeni vəzifələr qoyulur.

Beləliklə, bu, daimi proses olmalıdır və buna görə keçən il qarşıya yeni proqramın qəbul edilməsi məsələləri qoyuldu.

Mən çox şadam ki, Proqramın təsdiq edilməsi günündən dərhal sonra qəsəbələrdə və Bakı şəhərində işlər daha da sürətlə getməyə başlamışdır. Bir daha demək istəyirəm ki, bu Proqram ümumi Azərbaycan dövlətinin, Azərbaycanın bölgələrinin sosial və iqtisadi inkişafının sürətləndirilməsi üçün qəbul edilmiş proqramdır. Bütövlükdə 2008-ci ildə hazırlanmış və 2009-cu ildə təsdiqlənmiş Azərbaycanın bütün bölgələrinin inkişafına dair Dövlət Proqramı 2013-cü ilə qədər hesablanıbdır.

Beləliklə, mən əminəm ki, 2013-cü ilin sonuna qədər həm bölgələrdə, həm Bakı şəhərində və onun qəsəbələrində əsas sosial-iqtisadi və infrastruktur məsələləri öz həllini tapacaqdır. Qarşıya məhz belə vəzifə qoyulmuşdur. Əminəm ki, biz bu məqsədə çatacağıq, bu vəzifəni icra edəcəyik. Çünki bu günə qədər qarşımıza qoyduğumuz bütün vəzifələr keyfiyyətlə və vaxtında icra edilmişdir.

Ölkəmizin ümumi iqtisadi inkişafı bizə belə böyük həcmli proqramların icrasına şərait yaradır. Bu iqtisadi inkişafı isə biz yaratmışıq, öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə. Əgər ölkəmizin ümumi sosial və iqtisadi göstəricilərini təhlil etsək görərik ki, son 8-9 il ərzində dünyada Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur. Bütün iqtisadi göstəricilər buna dəlalət edir. Ölkənin iqtisadiyyatı üç dəfə artmışdır. Sənaye potensialı da üç dəfə artmışdır. Yoxsulluq beş dəfə azalmışdır. İşsizlik əhəmiyyətli dərəcədə azalmışdır və bu gün inkişaf etmiş ölkələrdə olan səviyyədən aşağıdır - 5,4 faizdir. Bu illər ərzində ölkəmizdə bir milyondan artıq iş yeri açılmışdır. Bu iş yerlərinin mütləq əksəriyyəti daimi iş yerləridir.

Bu proqramların və təşəbbüslərin icrası nəticəsində ölkəmizin uğurlu inkişafına təkan verildi. Hazırda ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində konkret tədbirlər görülür. Bu tədbirlər öz səmərəsini verməkdədir. Beynəlxalq maliyyə qurumları, kredit reytinq agentlikləri Azərbaycandakı vəziyyəti çox müsbət qiymətləndirirlər. Onlar Azərbaycanda əldə edilmiş nailiyyətləri başqa ölkələr üçün də nümunə kimi təqdim edirlər.

Bildiyiniz kimi, bir neçə ildir ki, dünyada maliyyə və iqtisadi böhran davam edir. Bu böhranın növbəti dalğası başlanmışdır. Ancaq nə 2008-2009-cu illərdə, nə də ki, indiki dövrdə Azərbaycanda bu böhranın fəsadları hiss edilmədi. Azərbaycan vətəndaşlarının maddi rifahı yüksəldi. Azərbaycanda maaşlar, pensiyalar, sosialyönümlü təşəbbüslər ildən-ilə artır, sovet vaxtından qalan əmanətlərin kompensasiya şəklində əhaliyə verilməsi məsələləri həll olunur. İnkişaf etmiş ölkələrdə böhran nəticəsində işsizlik, sosial ədalətsizlik artır, kütləvi iğtişaşlar artıq gündəlik xarakter almışdır. Kütləvi ixtisarlar baş verir. Əmək haqları, pensiyalar kəsilir. Azərbaycanda isə biz bunun əksini görürük. Azərbaycanda sürətli inkişaf, bütün sektorlarda müşahidə olunan canlanma, ildən-ilə sosial məsələlərin həllində əldə edilmiş uğurlar, pensiyaların, əmək haqlarının qaldırılması və keçən il pensiyaların əhəmiyyətli dərəcədə qaldırılması həm sosial ədalət prinsiplərinə uyğundur, eyni zamanda, insanların maddi rifahını yaxşılaşdırmaq üçün çox ciddi vasitədir.

Əlbəttə ki, bizim bu uğurların təməlində iqtisadi islahatlar dayanır. Bu iqtisadi islahatlar bizə imkan verir ki, istənilən sahədə konkret proqramları icra edək. Azərbaycanda icra edilən proqramların özəlliyi ondan ibarətdir ki, bu proqramlar konkret xarakter daşıyır. Bu, hansısa bir şüar xarakteri daşımır, yaxud da ki, təbliğat naminə qəbul edilmir. Hər bir proqramın təməlində konkret vəzifə, maddi resurslar, maliyyə resursları dayanır, əlbəttə ki, texniki imkanlar təhlil edilir.

Bizim texniki imkanlarımız da genişlənir. Əlbəttə ki, proqramların icrasını insanlar təşkil edirlər. Əlbəttə, insanların həm peşəkarlığı, həm də ki, öz vəzifə borclarını şərəflə yerinə yetirmələri məsələləri daim diqqət mərkəzindədir. Mən deyə bilərəm ki, ölkəmizdə bütün proqramların tam əksəriyyəti uğurla icra edilir.

Bizim gələcək iqtisadi inkişafımız çox müsbət olacaqdır. Çünki artıq əldə edilmiş təcrübə və nəticələr bunu deməyə əsas verir. Bizim strateji baxışlarımız da ölkəmizin hərtərəfli inkişafına yönəldilib. “Azərbaycan: 2020” Proqramı və Dövlət Konsepsiyası hazırlanmışdır. Eyni zamanda, 2013-2023-cü illəri əhatə edən gələcək inkişaf proqramının konturları artıq müəyyən edilibdir. Bir müddət bundan əvvəl mən qarşıya vəzifə qoymuşam ki, 2013-2023-cü illərdə Azərbaycanın ümumi daxili məhsulu qeyri-neft sektorunun hesabına iki dəfə artmalıdır. Bu, nəticə etibarilə Azərbaycanı yüksək gəlirli ölkələr sırasına daxil edəcəkdir. Vəzifə məhz belə qoyulub, Azərbaycan inkişaf etmiş ölkəyə çevrilməlidir. Qarşıya bu vəzifə qoyulub və biz bu vəzifəyə çatacağıq.

Bir daha demək istəyirəm ki, ölkəmizin gələcək inkişafı ilə bağlı cəmiyyətdə də heç bir fikir ayrılığı yoxdur. Cəmiyyət, Azərbaycan vətəndaşları təşəbbüslərimizi dəstəkləyir, aparılan siyasəti bəyənirlər. Azərbaycanda hökm sürən sabitlik, vətəndaş həmrəyliyi, vətəndaş birliyi, iqtisadi inkişaf bizim ümumi siyasətimizin təzahürüdür. Siyasi sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ancaq inkişaf özlüyündə həm ölkənin güclənməsinə gətirib çıxarmalıdır, eyni zamanda, ilk növbədə insanların rifah halını yaxşılaşdırmalıdır. Bizdə, Azərbaycanda bu istiqamətdə işlər görülür.

İqtisadi islahatlar bəzi hallarda çox böyük çətinliklər gətirir. Köklü iqtisadi islahatlar, xüsusilə böyük məhrumiyyətlərlə müşayiət olunur. Biz köklü iqtisadi islahatlar aparmışıq. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövrünü uğurlu qət etmişik və sosial məsələlər bu müddət ərzində daim diqqət mərkəzində idi.

İndi inkişaf etmiş ölkələrdə də, konseptual yanaşmalarda da müəyyən dəqiqləşmələr aparılır. Çünki sırf bazar iqtisadiyyatı prinsipləri bəzi hallarda insan amilini tamamilə kənara qoyur. Azərbaycanda isə həm bazar iqtisadiyyatı prinsipləri tam şəkildə bərqərar olunub və iqtisadiyyatımızın 83 faizi özəl sektorda formalaşır, həm də sosial proqramlar icra edilir. Yəni, demək istəyirəm ki, ölkəmizin gələcək iqtisadi inkişafı çox müsbət olacaq və bu, imkan verəcək ki, biz bütün proqramları vaxtında və böyük keyfiyyətlə icra edək.

“Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” artıq bir ildir ki, icra edilir. Ötən ilin may ayında Proqram təsdiqləndi və bu gün biz bir ildə görülən işlər haqqında danışacağıq. Deyə bilərəm ki, Proqram hazırlanarkən mən qəsəbələrdə dəfələrlə olmuşdum. Mən, ümumiyyətlə, mütəmadi qaydada həm bölgələrdə, həm Bakıda, Bakıətrafı qəsəbələrdə oluram, vəziyyətlə yerində tanış oluram. Amma o ərəfədə daha da sıx–sıx gedirdim. Çünki mən istəyirdim ki, bir daha vəziyyətlə yaxından tanış olum, insanların fikirlərini öyrənim və Proqramın tərkibində olan maddələr, onların müəyyən hissəsi yerlərdən gələn təkliflər əsasında oraya salınıb. Çünki qəsəbədə yaşayan insanlar daha yaxşı bilirlər ki, onların problemləri nədən ibarətdir və bu problemlər necə həll olunmalıdır. Əlbəttə ki, biz də bunu bilirdik. Ancaq dəqiqləşdirmə aparmaq üçün mən o ərəfədə daha da sıx-sıx gedirdim. Proqramda demək olar ki, yerlərdən gələn bütün təkliflər öz əksini tapmışdır. Proqram dərc edilmişdir və hər bir vətəndaş onunla tanış ola bilər.

Ancaq bir ilin təcrübəsi onu göstərir ki, ortaya əlavə məsələlər çıxır. Bu məsələləri biz özümüz ortaya çıxardırıq. Çünki icra zamanı əlbəttə, müəyyən məsələlər çıxır ki, bir il bundan əvvəl bu məsələlər o qədər də aktual deyildi. Misal üçün, biz ilk növbədə qəzalı vəziyyətdə olan məktəblərin yenidən qurulması, tikilməsi məsələlərini qarşıya qoymuşduq. Ona görə hansı məktəb qəzalı vəziyyətədir, hansı məktəb qəzalı vəziyyətdə deyil, bunu müəyyən etmək o qədər də asan məsələ deyildir. İndi qəzalı məktəblərin məsələləri həll olunur, ancaq yaxşı təmir olunmayan məktəblərin bərpası məsələləri ortaya çıxır. Beləliklə, biz özümüz təklif veririk ki, bu məqsədlər üçün əlavə vəsait ayrılsın.

Uşaq bağçaları ilə bağlı. Uşaq bağçalarının təmir, tikintisi məsələləri həllini tapmaqdadır. Ancaq mən bu müddətdə də dəfələrlə uşaq bağçalarında olmuşam və görürəm ki, artıq uşaqların müəyyən edilmiş indiki say tərkibi bizi qane etmir.

Çünki bu bağçalar 30-40 il bundan əvvəl tikilmişdir. Şəhərin əhalisi artır, tələbat artır, ailələr var ki, növbədə dayanıb.

Xüsusilə valideynlər öz uşaqlarını yeni təmir edilmiş uşaq bağçalarına yerləşdirmək istəyirlər. Beləliklə, yeni bağçaların tikintisi məsələləri ortaya çıxır. O bağçaların tikintisi üçün ya yeni yerlər ayrılmalıdır, ya mövcud olan yerlərdə əlavə korpuslar tikilməlidir. Yəni, belə məsələlər çoxdur və Proqrama əlavələr ediləcəkdir. Bu məqsədlə hökumətə tapşırıq verilmişdir və büdcəmizin icrası nəticəsində əlavə gəlirlərin əldə edilməsi bizə imkan verir ki, o gəlirlərin müəyyən hissəsini bu Proqramın icrasına yönəldək, beləliklə, Proqramın maliyyə bazasını genişləndirək.

Qəsəbələrdə olan vəziyyət bizə bəllidir. Qarşıya vəzifə qoyulubdur ki, qəsəbələrdə bütün sosial-iqtisadi infrastruktur məsələləri öz həllini tapsın və bu bir il ərzində biz bu işlərin uğurlu icrasını görürük. Bu barədə bu gün daha geniş danışılacaqdır.

Ancaq prinsip etibarilə Proqramda əsas infrastruktur məsələlərinin - ilk növbədə, su və kanalizasiya layihələrinin həlli nəzərdə tutulur. Ümumiyyətlə, heç vaxt, heç bir dövrdə Bakı qəsəbələrində kanalizasiya sistemi olmamışdır. Bakı şəhərində də kanalizasiya sistemi bizim tələblərimizə cavab vermir. Bütün dövrlərdə daim su qıtlığı yaşanmışdır və insanlar bir növ buna öyrəşmişdilər. Halbuki bu, qeyri-normal vəziyyətdir, içməli su daim olmalıdır. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, istiliklə bağlı məsələlər, yolların çəkilişi - həm qəsəbədaxili, qəsəbələrarası yollar, magistral yollar, sosial obyektlərin tikilməsi, məktəblər, tibb məntəqələri, mədəniyyət ocaqları, idman qurğuları. Yəni, elə bir məsələ yoxdur ki, o proqramlarda öz əksini tapmasın.

Yenə də deyirəm ki, bu Proqramın üstünlüyü ondan ibarətdir ki, dövlət tərəfindən, Prezident tərəfindən təşəbbüs olaraq irəli sürülmüşdür. Ancaq Proqramın tərkibində olan məsələlərin bir çoxu xalq tərəfindən təklif formasında göndərilmişdir.

Mən tam əminəm ki, bu Proqramın icrası nəticəsində qəsəbələrdə yaşanan bütün infrastruktur, sosial və iqtisadi problemlər həllini tapacaqdır.

Bununla yanaşı, biz Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə də dəstək olaraq dövlət büdcəsindən əlavə vəsait ayırmaqla bu vəsaiti qəsəbələrdə iş yerlərinin açılmasına yönəltmişik. Çünki bildiyiniz kimi, əvvəlki dövrdə bu fonddan daha çox bölgələrdə gedən iqtisadi inkişaf məsələləri öz həllini tapırdı. Bu da təbiidir. Çünki məqsədimiz bölgələri canlandırmaq olub. Ancaq qəsəbələrdə də iş yerləri problemi, işsizlik vardır. Beləliklə, bu ildən başlayaraq Fondun vəsaitinin müəyyən hissəsi, təqribən 30-40 faizi qəsəbələrdə yeni müəssisələrin yaradılmasına yönəldilibdir. Buradakı foyedə göstərilən stendlərdə artıq o vəsaitlə yaradılan ilkin müəssisələrin şəkilləri də vardır. Bu məsələ də öz həllini tapmalıdır. Çünki qəsəbələrdə təkcə yol, qaz, işıq, su problemləri deyil, eyni zamanda, işsizlik, məşğulluq məsələləri də öz həllini tapmalıdır.

Bu məqsədlərə çatmaq üçün bir daha demək istəyirəm ki, bizdə həm güclü iradə var, həm də imkanlar vardır. Bu məsələləri yerlərdə icra edən qurumlardan da çox şey asılıdır. Bütün qurumlar, şəhər İcra Hakimiyyəti, İqtisadi İnkişaf Nazirliyi, yerli icra orqanları bu vəzifələrə çox vicdanla yanaşırlar. Əminəm ki, bu yanaşma Proqramın sonuna qədər və ondan sonrakı dövrdə də davam edəcəkdir. Çünki bizim vəzifəmiz xalqa xidmət etməkdir. Biz - dövlət işində işləyən insanlar Prezidentdən tutmuş, ən aşağı səviyyəli məmura qədər insanların xidmətində olmalıyıq. Mən bu vəzifəni, öz vəzifəmi belə başa düşürəm və bu doqquz il ərzində belə işləmişəm. Hər kəsdən də bunu tələb edirəm, vicdanla işləmək, peşəkarlıqla xalqa xidmət etmək, ölkəmizi gücləndirmək, doğma Vətənimizi çiçəkləndirmək lazımdır. Bizim işimizdən çox şey asılıdır. Bugünkü Azərbaycan xalqı zəhməti hesabına güclənir. Əlbəttə ki, xalq tərəfindən dəstəklənən iqtidar bu inkişafı öz siyasəti ilə şərtləndirir.

Bütün istiqamətlər üzrə konkret proqramımız, bütün məsələlərlə bağlı fikirlərimiz vardır. Azərbaycan reallıqları onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Biz bundan sonra da milli maraqlarımızın qorunması üçün həm beynəlxalq arenada, həm bölgədə, həm də əlbəttə ki, ölkə daxilində siyasətimizi davam etdirəcəyik. Bu siyasət bir daha demək istəyirəm ki, xalqın iradəsinə əsaslanır. Bu siyasətin təməlində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının həyat şəraitini yaxşılaşdırmaq üçün bütün dövlət qurumları daha da fəal işləməlidir.

İndi isə biz keçirik müzakirələrə.

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06