11:10

Hörmətli cənab Baş nazir,
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir, dost xalqınıza ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycan Birləşmiş Krallıq ilə dostluq və əməkdaşlığa xüsusi əhəmiyyət verir. Sevindirici haldır ki, son otuz ildə ölkələrimiz arasında qarşılıqlı inam və dəstəyə əsaslanan siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz dinamik şəkildə inkişaf etmişdir.
Bu dövr ərzində iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər məmnunluq doğurur. Birləşmiş Krallıq bu günədək Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırmışdır. Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biri olan ölkənizi təmsil edən 600-ə yaxın şirkət Azərbaycanda bir sıra vacib layihələrə cəlb olunub və uğurla fəaliyyət göstərirlər.
Enerji sahəsində sınaqdan çıxmış çoxillik strateji tərəfdaşlıq münasibətlərimizi xüsusi qeyd etmək istəyirəm. 1994-cü ildə “Əsrin müqaviləsi” ilə əsası qoyulmuş enerji sahəsindəki əməkdaşlığımızın bu gün də müvəffəqiyyətlə davam etməsi səmərəli işgüzar əlaqələrimizin və qarşılıqlı etimadın təzahürüdür. Neft-qaz hasilatında etibarlı tərəfdaşımız olan BP şirkəti ilə strateji əməkdaşlığımız məmnunluq doğurur. Cənub Qaz Dəhlizinə Birləşmiş Krallığın verdiyi dəstəyi yüksək qiymətləndirir, layihənin inşasının uğurla başa çatması münasibətilə təbriklərimi yetirirəm.
Əlamətdar haldır ki, bu gün enerji sahəsində əməkdaşlığımız inkişaf edərək yeni müstəviyə çıxmışdır. Azərbaycanın “yaşıl enerji”yə keçid istiqamətində ölkəniz ilə birgə fəaliyyəti qeyri-neft sektorunda əlaqələrimizin şaxələndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda biz Birləşmiş Krallığın şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfəni alqışlayır, bu ərazilərin yenidənqurulması və bərpası işlərində yaxından iştirakını təqdir edirik.
İnanıram ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Birləşmiş Krallığın dost xalqına daim firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 fevral 2022-ci il
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57