Prezident İlham Əliyev ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsinin sədri Dan Börtonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Altkomitənin sədri Dan Börton paytaxtımızda gedən sürətli inkişaf proseslərindən məmnunluğunu ifadə etdi. Dan Börton Azərbaycanın regionda mühüm bir dövlət olduğunu vurğulayaraq ABŞ-ın ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini dedi.
Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı, əlaqələrimizin daha da möhkəmləndirilməsində qanunverici orqanlar arasında əməkdaşlığın önəmini qeyd etdi.
Görüşdə enerji, təhlükəsizlik, Beynəlxalq Sülhməramlı missiyanın tərkibində Azərbaycan sülhməramlılarının uğurlu iştirakı və əməkdaşlığımızın bir sıra digər sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, əlaqələrimizin daha da genişlənəcəyinə əminlik ifadə olundu.
Sonda xatirə şəkli çəkdirildi.