08 sentyabr 2012, 10:45

160 saylı klassik gimnaziyanın kollektivindən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Bakı şəhərinin Səbail rayonundakı 160 nömrəli klassik gimnaziyanın çoxmillətli kollektivi Sizin həqiqətən hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu sübut edən Milli Ordumuzun zabiti Ramil Səfərovun əfv olunması haqqında qərarınızı səmimi qəlbdən dəstəkləyir.

Bu faktla bağlı Ermənistan tərəfindən yürüdülən isterik münasibətin mahiyyətini, olmuş həqiqətləri və Ramil Səfərovun hərəkətlərinin motivlərini müstəqil Azərbaycanın bütün resurslarının köməyindən istifadə edərək beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmağınızı Sizdən, cənab Prezident, artıq dərəcədə xahiş edirik.

Dini mənsubiyyətinə görə 77 nəfər günahsız gənci qətlə yetirən norveçli terrorçu Anders Breyvik cəmi 21 il azadlıqdan məhrumedilmə cəzası almış və beynəlxalq ictimaiyyət bu hadisəyə heç bir reaksiya göstərməmişdir. Erməni faşistləri tərəfindən doğma torpaqlarından silah gücünə qovulmuş təxminən bir milyon azərbaycanlıdan birinin oğlu olan zabit Ramil Səfərov isə dəfələrlə erməni zabitləri tərəfindən təhqirə məruz qalaraq öz Vətənini, bayrağını müdafiə etdiyi üçün ömürlük həbs cəzasına məhkum edilmişdir.

Biz Ramil Səfərovun səkkiz illik həbsxana həyatından sonra Vətənə ekstradisiya olunması və əfv edilməsi hadisəsi ətrafında dövr edən isteriyanı, həmçinin dünyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibəti ikili standart hesab edirik.
Biz hər zaman Sizi, cənab Prezident, Azərbaycanın və onun vətəndaşlarının maraqlarının müdafiə olunması yolunda dəstəkləyəcəyik.

Hörmətlə,
160 nömrəli klassik gimnaziyanın kollektivi.

Azərbaycan Respublikası, Bakı şəhəri.