İlham Əliyev Davosda Niderland Krallığının Baş naziri ilə görüşüb

19 yanvar 2023, 20:44
İlham Əliyev Davosda Niderland Krallığının Baş naziri ilə görüşüb

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Niderland arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd olundu, bu xüsusda Niderland şirkətlərinin Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində yaxından iştirak etdiyi vurğulandı.

Mark Rutte Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni və Avropa ölkələrinin qazla təchizatında oynadığı rolu xüsusi qeyd edərək, buna görə təşəkkürünü bildirdi.

Söhbət zamanı Şərq-Qərb nəqliyyat dəhlizinin və onun tərkib hissəsi olan Orta Dəhlizin artan əhəmiyyəti qeyd edildi, regional məsələlər barədə fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi haqqında məlumat verdi. Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqlar prosesinin vacibliyini vurğuladı, ölkəmizin bu proses çərçivəsində danışıqların davam etdirilməsinə hazır olduğunu dedi.

Prezident İlham Əliyev Azərbaycanın Laçın-Xankəndi yolunda cərəyan edən son hadisələr barədə məlumat verdi, Ermənistanın yolun guya blokadada olması barədə yalan məlumatlar yaydığını və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını qeyd etdi. Dövlətimizin başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının Azərbaycan ictimaiyyətinin və vətəndaş cəmiyyəti təşkilatlarının haqlı narazılığına səbəb olduğunu bildirdi.

Hazırda yolda Rusiya sülhməramlılarının, Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə lazımi humanitar yüklərin, mülki şəxslər və mülki təyinatlı yüklərin sərbəst keçidinin təmin edildiyi diqqətə çatdırıldı, kriminal ünsürlərin həmin ərazilərdən çıxarılmasının vacibliyi bir daha vurğulandı.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50