Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

16 may 2023, 15:37

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 21-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797; 2014, № 11, maddələr 1351, 1357, № 12, maddə 1539; 2015, № 3, maddə 259, № 6, maddə 689, № 12, maddə 1436; 2016, № 2 (II kitab), maddə 214, № 6, maddələr 970, 988, 1008, № 7, maddə 1246, № 11, maddə 1794; 2017, № 7, maddə 1312, № 11, maddə 1963, № 12 (I kitab), maddələr 2218, 2257; 2018, № 1, maddə 32, № 3, maddə 386, № 6, maddə 1156, № 7 (I kitab), maddə 1434; 2019, № 1, maddə 23, № 7, maddə 1191, № 8, maddə 1380, № 11, maddə 1686; 2020, № 5, maddə 523, № 6, maddə 676, № 7, maddə 832, № 11, maddə 1333; 2021, № 7, maddə 717, № 8, maddə 894; 2022, № 8, maddə 833, № 12, maddələr 1390, 1401; Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 732-VIQD nömrəli və 23 dekabr tarixli 761-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 45-ci maddə üzrə:

1.1.1. adında “icazə verildiyi” sözləri “icazənin verildiyi (müddətinin uzadıldığı)” sözləri ilə əvəz edilsin;

1.1.2. 45.1-ci maddəyə “verilir” sözündən sonra “(müddəti uzadılır)” sözləri əlavə edilsin;

1.1.3. 45.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“45.1.2. bu Məcəllənin 45.1.3-45.1.3-2-ci maddələrində nəzərdə tutulmuş hallar da nəzərə alınmaqla, ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda;”;

1.1.4. aşağıdakı məzmunda 45.1.3-2-ci maddə əlavə edilsin:

“45.1.3-2. nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda;”;

1.1.5. 45.1.6-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“45.1.6-1. Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda;”;

1.1.6. aşağıdakı məzmunda 45.3-cü maddə əlavə edilsin:

“45.3. Dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 100.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir.”;

1.1.7. “Qeyd” hissəsi üzrə:

1.1.7.1. “Qeyd” hissəsinin mətni 1-ci bənd hesab edilsin və həmin bəndin birinci cümləsində “maddəsində göstərilən hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvəqqəti” sözləri “və 52.1.11-ci maddələrində göstərilən hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq müvəqqəti və ya daimi” sözləri ilə əvəz edilsin, ikinci cümləsinə “vətəndaşı olması” sözlərindən sonra “və ya bu Məcəllənin 64.0.1-ci, 64.0.14-cü, 64.0.15-ci, 64.0.15-1-ci və 64.0.16-cı maddələrində nəzərdə tutulan şəxslər olması” sözləri əlavə edilsin;

1.1.7.2. aşağıdakı məzmunda 2-ci və 3-cü bəndlər əlavə edilsin:

“2. Bu Məcəllənin 45.1.6-1-ci və ya 45.1.7-ci maddələrində nəzərdə tutulmuş hallar əsasında azı 1 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamış əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə münasibətdə həmin hallar o vaxt müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün əsas hesab edilir ki, onların dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə olsun.

3. Bu Məcəllənin 45.1.6-1-ci maddəsində nəzərdə tutulan nizamnamə kapitalı ilə bağlı, həmçinin bu Qeydin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan tələblər investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş iqtisadi rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur.”;

1.2. aşağıdakı məzmunda 46.7-1-ci maddə əlavə edilsin:

“46.7-1. Bu Məcəllənin 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində nəzərdə tutulan müraciət hallarında bu Məcəllənin 46.1-ci maddəsində göstərilən sənədlərlə yanaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövriyyəsinə dair vergi orqanından əldə edilmiş sənəd təqdim edilir.”;

1.3. 52-ci maddə üzrə:

1.3.1. 52.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“52.1. Bu Məcəllənin 45.1.1-45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bu Məcəllənin 45.1.8-45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər və bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilir:

52.1.1. atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan Respublikasının vətəndaşı olduqda;

52.1.2. bu Məcəllənin 52.1.3-52.1.5-ci maddələrində nəzərdə tutulmuş hallar da nəzərə alınmaqla, ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda;

52.1.3. Azərbaycan Respublikasının ərazisində azı 200.000 manat dəyərində daşınmaz əmlakı olduqda;

52.1.4. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda müddətli əmanət müqaviləsi əsasında azı 200.000 manat məbləğində pul vəsaiti olduqda;

52.1.5. nominal dəyəri azı 200.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda;

52.1.6. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;

52.1.7. bu Məcəllənin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis olduqda;

52.1.8. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvü olduqda;

52.1.9. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;

52.1.10. Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda, bu şərtlə ki, rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxsin dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə olsun;

52.1.11. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, o şərtlə ki, dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə olsun.”;

1.3.2. “Qeyd” hissəsinin mətni 1-ci bənd hesab edilsin və aşağıdakı məzmunda 2-5-ci bəndlər əlavə edilsin:

“2. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda müddətli əmanət müqaviləsi əsasında azı 200.000 manat məbləğində pul vəsaiti olmaqla Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 200.000 manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir.

3. Dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 200.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir.

4. Bu Məcəllənin 52.1.9-52.1.11-ci maddələrində göstərilən hallar o vaxt Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, həmin şəxslər bu Məcəllənin müvafiq olaraq 45.1.6-45.1.7-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə müvafiq icazə əsasında Azərbaycan Respublikasının ərazisində son 2 il ərzində yaşamış olsunlar.

5. Nizamnamə kapitalının miqdarı və dövriyyə həcminə dair bu Məcəllənin 52.1.10-cu maddəsində nəzərdə tutulan tələblər qeyri-kommersiya hüquqi şəxslərinə şamil olunmur.”;

1.4. 53-cü maddə üzrə:

1.4.1. 53.1.10-cu maddə aşağıdakı redaksiyada verilsin:

“53.1.10. bu Məcəllənin 52.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini təsdiq edən sənədin notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq olunmuş surəti;”;

1.4.2. aşağıdakı məzmunda 53.1.10-1-ci maddə əlavə edilsin:

“53.1.10-1. bu Məcəllənin 52.1.1-ci və 52.1.8-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi;”;

1.4.3. 53.2-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“53.2-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında ən azı 200.000 manat məbləğində pul vəsaiti qoymuş, yaxud nominal dəyəri azı 200.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olan və ya bu Məcəllənin 52.1.2-ci maddəsində göstərilən hallar da nəzərə alınmaqla, Azərbaycan Respublikasının iqtisadiyyatına yatırdığı investisiya məbləğinin cəmi azı 500.000 manat olan şəxslərdən bu Məcəllənin 53.1.7-ci maddəsində nəzərdə tutulan sənəd tələb olunmur.”;

1.4.4. aşağıdakı məzmunda 53.2-2-ci maddə əlavə edilsin:

“53.2-2. Bu Məcəllənin 52.1.10-cu və 52.1.11-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə müraciət hallarında bu Məcəllənin 53.1-ci maddəsində göstərilən sənədlərlə yanaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövriyyəsinə dair vergi orqanından əldə edilmiş sənəd təqdim edilir.”;

1.5. 55.0.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“55.0.9. Azərbaycan Respublikasının ərazisində daimi yaşama icazəsinin alınması üçün əsas olmuş hal aradan qalxdıqda və daimi yaşama icazəsinin alınması ilə bağlı bu Məcəllənin 52.1-ci maddəsində nəzərdə tutulmuş digər əsaslar olmadıqda;”;

1.6. 64-cü maddə üzrə:

1.6.1. 64.0.13-1-ci maddədə “rəhbərləri və onların müavinlərinə” sözləri “rəhbərlərinə və həmin hüquqi şəxsin nizamnamə kapitalında azı 51 faiz paya (səhmə) malik təsisçiyə (təsis etdiyi hüquqi şəxsdə fəaliyyət göstərdikdə)” sözləri ilə əvəz edilsin;

1.6.2. 64.0.16-cı maddədə “vətəndaşlarına” sözü “vətəndaşı olanlara” sözləri ilə əvəz edilsin.

Maddə 2. Keçid müddəa

Bu Qanun qüvvəyə minənədək verilmiş və ya müddəti uzadılmış Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazələrinin əldə edilməsi üçün əsas olmuş hal həmin icazənin sahiblərinə münasibətdə bu Qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi və müddətinin uzadılması üçün əsas hesab edilir və bu barədə müvafiq təsdiqedici sənəd Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 53.1.10-cu maddəsində nəzərdə tutulan sənədə bərabər tutulur.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 23 dekabr 2024
17:46
Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında rəqabətqabiliyyətli qeyri-filiz faydalı qazıntı yataqlarının istismara cəlb edilməsi üçün əlverişli mühit yaradılması...

23 dekabr 2024, 17:46