Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 674; 2019, № 5, maddə 848, № 11, maddə 1718; 2021, № 2, maddə 125) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adına və 2-ci hissəsinə “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi” aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında
Peşə Təhsili üzrə Dövlət Agentliyinin
ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) peşə təhsili sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, peşə təhsili müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən, Nazirliyin strukturuna daxil olan qurumdur.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Agentliyin saxlanılması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyət istiqamətləri
2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsində iştirak etmək;
2.1.2. müvafiq sahənin inkişafını təmin etmək;
2.1.3. müvafiq sahədə normativ hüquqi bazanın formalaşdırılmasında iştirak etmək;
2.1.4. peşə təhsili müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və əlaqələndirilməsi üçün tədbirlər görmək;
2.1.5. peşə təhsili müəssisələrində nəticəyönlü, şəffaf və səmərəli idarəetmə modelini formalaşdırmaq və bu prosesdə müasir idarəetmə texnologiyalarından istifadəni təmin etmək;
2.1.6. təhsil proqramları vasitəsilə təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və səriştələrin aşılanmasını, onların ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlanmasını təmin etmək;
2.1.7. təhsilverənlərin peşəkarlığının davamlı şəkildə artırılması işini təşkil etmək;
2.1.8. müvafiq sahədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak etmək.
3. Agentliyin vəzifələri
3.1. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy vermək;
3.1.2. müvafiq sahədə dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların layihələrinin hazırlanmasında iştirak etmək və onların həyata keçirilməsini təmin etmək;
3.1.3. peşə təhsili müəssisələrində beynəlxalq standartlara cavab verən təhsil şəraiti və mühitinin yaradılması üçün tədbirlər görmək;
3.1.4. peşə təhsilinin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi məqsədilə müxtəlif istiqamətli layihələri həyata keçirmək;
3.1.5. peşə təhsili müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarət etmək;
3.1.6. peşə təhsili müəssisələrinə tədris-metodiki rəhbərliyi həyata keçirmək;
3.1.7. hər tədris ili üçün peşə təhsili müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbulu barədə təklifləri Nazirliyə təqdim etmək;
3.1.8. peşə təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirmək;
3.1.9. təhsil proqramlarına (kurikulumlara), tədris planlarına və proqramlarına dair təklifləri Nazirliyə təqdim etmək;
3.1.10. peşə təhsili müəssisələrində pedaqoji işçilərin dərs yükü normalarına riayət olunmasına nəzarət etmək;
3.1.11. peşə təhsili müəssisələrində yeni təhsil proqramlarının (ixtisasların) açılmasına dair Nazirliyə təkliflər vermək;
3.1.12. peşə təhsili müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində müvafiq şərait yaradılmasının təşkilinə nəzarət etmək;
3.1.13. cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində təlim-tədris prosesini həmin müəssisələrdəki xüsusi rejimin tələblərinə riayət olunmaqla təşkil etmək;
3.1.14. digər dövlət orqanlarının (qurumlarının) tabeliyində olan təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisələrində təhsilalanların peşəyönümü işinin təşkilini təmin etmək;
3.1.15. müxtəlifsəviyyəli və müxtəlifmiqyaslı müsabiqələr və yarışlar keçirmək;
3.1.16. dövlət peşə təhsili müəssisələrində təhsilalanların xüsusi iş geyim formaları ilə təmin edilməsi üçün tədbirlər görmək;
3.1.17. peşə təhsili və əlavə təhsil müəssisələrinin (dövlət təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinə lisenziya verilməsi ilə əlaqədar rəy verilməsində iştirak etmək;
3.1.18. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, tabeliyində olan peşə təhsili müəssisələrinin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılması nəzərdə tutulan peşə təhsili müəssisələrinin nizamnamələrinə dair Nazirliyə rəy vermək;
3.1.19. peşə təhsili pilləsində təhsilalanların attestasiyasının (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyası istisna olmaqla) həyata keçirilməsinə nəzarət etmək;
3.1.20. müvafiq sahədə planlaşdırmanı, proqnozlaşdırmanı, əlaqələndirməni və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyası istisna olmaqla) həyata keçirmək;
3.1.21. dövlət peşə təhsili müəssisələrinin ümumtəhsil və ixtisas dərslikləri, tədris-metodiki və tədris vəsaitləri, multimedia sistemləri, ədəbiyyatlar, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal tədris resursları və digər texniki vasitələrlə təminatını həyata keçirmək;
3.1.22. tabeliyində olan peşə təhsili müəssisələrinin fənn və ixtisas müəllimlərinə, istehsalat təlimi ustalarına tələbatı barədə məlumatı Nazirliyə təqdim etmək;
3.1.23. dövlət peşə təhsili müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasına, o cümlədən onların mükafatlandırılmasına dair təklifləri Nazirliyə təqdim etmək;
3.1.24. tabeliyində olan peşə təhsili müəssislərində təhsil fəaliyyətinin təşkilində və təlim-tərbiyə prosesində müasir təhsil texnologiyalarının və innovasiyaların tətbiqi üçün tədbirlər görmək;
3.1.25. tabeliyində olan peşə təhsili müəssisələrində çalışan təhsilverənlərin, mühəndis-pedaqoji heyətin əlavə təhsilinin təmin edilməsi üçün müvafiq tədbirləri həyata keçirmək;
3.1.26. peşə təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
3.1.27. tabeliyində olan peşə təhsili müəssisələri üzrə tələb olunan dövlət büdcəsi vəsaitinə dair proqnozları hazırlayaraq Nazirliyə təqdim etmək və ayrılmış vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etmək;
3.1.28. peşə təhsili müəssisələri ilə xarici ölkələrin peşə təhsili müəssisələri arasında təhsilalanların və təhsilverənlərin mübadiləsi proqramlarını əlaqələndirmək;
3.1.29. tədris dilini zəif bilən təhsilalanlar üçün təhsil proqramlarına uyğun hazırlıq kurslarının təşkil edilməsi üçün tədbirlər görmək;
3.1.30. təhsilalanların təhsil müəssisəsinin, ixtisasının dəyişdirilməsinin və təhsil müəssisəsinə bərpa olunmasının həyata keçirilməsini təmin etmək;
3.1.31. peşə təhsili pilləsinin bir səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna nəzarət etmək;
3.1.32. müvafiq sahədə əlverişli investisiya mühitinin yaradılması üçün təklifləri Nazirliyə təqdim etmək;
3.1.33. hüquqi və fiziki şəxslərin iştirakı ilə tədris-istehsalat sahələrinin qurulmasına şərait yaratmaq;
3.1.34. mülkiyyət növündən asılı olmayaraq hüquqi və fiziki şəxslərlə, eləcə də digər qurumlarla müqavilə əsasında, tabeliyində olan peşə təhsili müəssisələrində kadr hazırlığı işini təşkil etmək;
3.1.35. təhsilalanların istehsalat təcrübəsi keçməsini və iş yerində öyrənməni təmin etmək üçün peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlıq müqavilələrinin bağlanılmasını təmin etmək;
3.1.36. tabeliyində olan peşə təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədilə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanılmasını təşkil etmək;
3.1.37. işəgötürənlərin sifarişləri əsasında, tabeliyində olan peşə təhsili müəssisələrində və iş yerlərində əlavə təhsil kursları təşkil etmək;
3.1.38. peşə təhsili müəssisələri məzunlarının məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə işəgötürənlərlə əməkdaşlığı təşkil etmək;
3.1.39. peşə təhsili üzrə ixtisasların təsnifatı barədə Nazirliyə təkliflər vermək;
3.1.40. müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və ümumiləşdirmək;
3.1.41. ömürboyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin tətbiqi üçün tədbirlər görmək;
3.1.42. dövlət peşə təhsili müəssisələrində pedaqoji şuraların təsdiq edilmiş əsasnaməyə uyğun təşkilinə və fəaliyyətinə nəzarət etmək;
3.1.43. müvafiq sahədə statistik məlumatların və hesabatların toplanılmasını, təhlilini və nəticələrin müvafiq orqanlara təqdim edilməsini həyata keçirmək;
3.1.44. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.1.45. peşə təhsili müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndən istifadəsini təmin etmək;
3.1.46. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.47. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.48. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.49. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.50. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
3.1.51. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;
3.1.52. Agentliyin fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;
3.1.53. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4. Agentliyin hüquqları
4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Agentlik aşağıdakı hüquqlara malikdir:
4.1.1. müvafiq sahədə normativ hüquqi aktın qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh olunması, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında təklifləri Nazirliyə təqdim etmək;
4.1.2. peşə təhsili müəssisələrindən fəaliyyət istiqamətlərinə uyğun olaraq hesabat və məlumatlar almaq;
4.1.3. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.4. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər, tədqiqatlar və araşdırmalar aparmaq, monitorinqlər keçirmək, metodiki və analitik materiallar, habelə tövsiyələr hazırlamaq, təkliflər vermək;
4.1.5. müstəqil ekspert və mütəxəssisləri, məsləhətçi təşkilatları, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;
4.1.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq, peşə təhsili müəssisələri işçilərinin həvəsləndirilməsini və mükafatlandırılmasını həyata keçirmək, onlara dövlət təltiflərinin və fəxri adların verilməsi ilə bağlı təklifləri Nazirliyə təqdim etmək;
4.1.7. dövlət peşə təhsili müəssislərində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsinə, maddi rifahının yaxşılaşdırılmasına və onlara dövlət qayğısının artırılmasına dair təklifləri Nazirliyə təqdim etmək;
4.1.8. dövlət peşə təhsili müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə təklifləri Nazirliyə təqdim etmək;
4.1.9. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək, belə tədbirlərin keçirilməsini təşkil etmək;
4.1.10. xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək;
4.1.11. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Agentliyin fəaliyyətinin təşkili
5.1. Agentlik öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) vasitəsilə həyata keçirir.
5.2. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Agentliyin direktoru Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.3. Agentlik direktorunun Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.
5.4. Agentlik direktorunun müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.
5.5. Agentliyin direktoru:
5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi təmsil edir;
5.5.3. müəyyən edilmiş əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin strukturunu, ştat cədvəlini, gəlir və xərclər smetasını təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
5.5.4. strukturuna daxil olan qurumların əsasnamələrini, habelə tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini (nizamnamələrini Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiq etdikləri hüquqi şəxslər istisna olmaqla) təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
5.5.5. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.6. müəyyən edilmiş struktur, işçilərin say həddi və əməyin ödənişi fondu daxilində, Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bu Əsasnamənin 5.5.7-ci yarımbəndi nəzərə alınmaqla) strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirlər daxilində onların gəlir və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edir;
5.5.7. müəyyən edilmiş struktur, işçilərin say həddi və əməyin ödənişi fondu daxilində, tabeliyində olan publik hüquqi şəxslərin (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla) ştat cədvəlinin, əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin və ayrılmış büdcə təxsisatı çərçivəsində gəlir və xərclər smetasının təsdiq edilməsinə razılıq verir;
5.5.8. Agentlik direktorunun müavinləri istisna olmaqla, Agentliyin digər işçilərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin müavinlərini, eləcə də Nazirliklə razılaşdırmaqla, Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, əlavə təhsili üçün müvafiq tədbirlər görür;
5.5.9. strukturuna daxil olmayan tabeliyindəki peşə təhsili müəssisələrinin filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir;
5.5.10. Agentlik direktorunun müavinləri istisna olmaqla, Agentliyin digər dövlət qulluqçularına qanunla müəyyən edilmiş qaydada dövlət qulluğunun ixtisas dərəcələrini verir;
5.5.11. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlik tərəfindən qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir, Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.5.12. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri Nazirliyə təqdim edir;
5.5.13. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;
5.5.14. Agentliyin fəaliyyəti barədə Nazirliyə hesabat verir;
5.5.15. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Agentliyin işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;
5.5.16. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə təqdim edir;
5.5.17. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şuranın yaradılması barədə Nazirliyə təkliflər verir.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2023-cü il