Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 8 oktyabr tarixli Fərmanı
ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Heydər Əliyev Mərkəzi (bundan sonra – Mərkəz) “Heydər Əliyev Mərkəzi”nin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 1886 nömrəli Sərəncamı ilə yaradılmışdır.
1.2. Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin, Heydər Əliyev irsinin dərindən öyrənilməsi, tədqiqi, geniş təbliği, qorunub saxlanılması, hərtərəfli inkişaf etdirilməsi və tətbiqini, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsini, bu sahələrin inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsini, yerli, regional və beynəlxalq tədbirlərin keçirilməsini təmin edən dövlət təsisatıdır.
1.3. Mərkəz bilavasitə Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında hesabat verir.
1.4. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.5. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət, yerli özünüidarəetmə orqanları, yerli, xarici və beynəlxalq təşkilatlarla, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.6. Mərkəz hüquqi şəxsdir, müstəqil balansa, qanunvericiliyə uyğun olaraq istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.7. Mərkəzin fəaliyyəti və saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.8. Mərkəz Bakı şəhərində yerləşir.
2. Mərkəzin fəaliyyət istiqamətləri
2.1. Mərkəzin fəaliyyət istiqamətləri:
2.1.1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı tarixi əşyaların və maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişi və təbliği;
2.1.2. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin, Heydər Əliyev irsinin dərindən öyrənilməsi, tədqiqi, geniş təbliği, qorunub saxlanılması və hərtərəfli inkişaf etdirilməsi;
2.1.3. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dövlət siyasətinin ayrı-ayrı sahələrində tətbiqi;
2.1.4. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı digər qurumlarla əməkdaşlığın qurulması və inkişaf etdirilməsi;
2.1.5. Azərbaycan tarixi, mədəniyyəti, Azərbaycan dilinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği;
2.1.6. elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi və onların inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi;
2.1.7. yerli, regional və beynəlxalq tədbirlərin keçirilməsi;
2.1.8. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Mərkəzə həvalə olunan digər istiqamətlər.
3. Mərkəzin vəzifələri
3.1. Mərkəz bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsinin və Heydər Əliyev irsinin dərindən öyrənilməsini və tədqiqini təşkil etmək, həmin sahələrdə materialların əldə edilməsi, toplanılması, kataloqlaşdırılması, fondlarda qorunub saxlanılması, dərc edilməsi və nümayiş olunmasını təmin etmək;
3.1.2. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsini və Heydər Əliyev irsini geniş təbliğ etmək və bu istiqamətdə tədbirlər həyata keçirmək;
3.1.3. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya, iqtisadiyyat və digər sahələrdə qorunması və inkişaf etdirilməsini təmin etmək üçün tədbirlər görmək və təkliflər hazırlamaq;
3.1.4. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;
3.1.5. internet və digər elektron xidmətlərinin təşkili və göstərilməsini təmin etmək;
3.1.6. Mərkəzin maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil etmək, onların istifadəsinə nəzarət etmək, Mərkəzin fəaliyyətinin səmərəliliyini artırmaq üçün müvafiq tədbirlər görmək;
3.1.7. Mərkəzə ayrılan dövlət büdcəsi və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.8. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.1.9. Mərkəzdə olan arxiv sənədlərinin müəyyən olunmuş qaydada saxlanılmasını və mühafizəsini təmin etmək;
3.1.10. Mərkəzin fəaliyyət istiqamətlərinə aid olan məsələlər üzrə dövlət orqanları, idarə və təşkilatları, habelə beynəlxalq təşkilatlar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən fəaliyyəti əlaqələndirmək;
3.1.11. Mərkəzin sərəncamında olan dövlət əmlakını fəaliyyət istiqamətlərinə uyğun olaraq müstəqil surətdə istifadə etmək;
3.1.12. Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;
3.1.13. Mərkəzin fəaliyyət planını hazırlamaq.
4. Mərkəzin hüquqları
4.1. Mərkəz öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq təkliflər, proqramlar, planlar, tədbirlər hazırlamaq və həyata keçirmək, Azərbaycan Respublikasının Prezidentinə və aidiyyəti dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara baxılmaq üçün təkliflər vermək;
4.1.2. Heydər Əliyevin fəlsəfi və dünya görüşlərinə, Heydər Əliyev irsinə aid materialların elmi, bədii, habelə kütləvi nümayiş etdirilən əsərlərdə və digər təbliğat vasitələrində tətbiqinə dair rəy vermək;
4.1.3. Mərkəzin fəaliyyətini təmin etmək məqsədi ilə qanunvericiliklə qadağan olunmayan fəaliyyət növləri ilə məşğul olmaq;
4.1.4. Mərkəzin fəaliyyəti ilə bağlı normativ hüquqi aktların layihələrini hazırlamaq və (və ya) onların hazırlanmasında iştirak etmək;
4.1.5. Mərkəzin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Azərbaycan Respublikasının Prezidenti qarşısında təşəbbüslə çıxış etmək;
4.1.6. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, müvafiq beynəlxalq ittifaqlar və assosiasiyalara üzv olmaq, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
4.1.7. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, araşdırma, tədqiqat və təbliğat işlərini həyata keçirmək, təkliflər vermək;
4.1.8. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun müxtəlif mükafatlar, Mərkəzin fəxri adlarını və təltiflərini təsis etmək;
4.1.9. qanunvericiliklə müəyyən edilmiş qaydada nəşrlər buraxmaq, habelə kütləvi informasiya vasitələri təsis etmək;
4.1.10. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq konfrans, simpozium, muzey, sərgi, ekspozisiya və digər tədbirlər təşkil etmək;
4.1.11. Mərkəzin sərəncamında olan dövlət əmlakının Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun istifadəsini təmin etmək məqsədi ilə hüquqi və fiziki şəxslər ilə müstəqil surətdə müqavilələr bağlamaq;
4.1.12. tədbirlərin keçirilməsi, müvəqqəti və daimi xidmətlər göstərən strukturların (obyektlərin) yaradılması, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak, müxtəlif növ xidmətlərin göstərilməsi yolu ilə qanunvericiliyə zidd olmayan gəlir əldə etmək;
4.1.13. Mərkəzin vəzifələrinin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxslər və tabeliyində olan qurumlar təsis etmək, həmin hüquqi şəxslər barəsində təsisçi (iştirakçı) funksiyalarını həyata keçirmək;
4.1.14. Mərkəzin vəzifələrinin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi məqsədilə qrantlar, ianələr və digər əvəzsiz köçürmələri almaq, qrantlar, ianələr və təqaüdlər təsis etmək;
4.1.15. Mərkəzin fəaliyyət istiqamətləri üzrə digər şəxslər tərəfindən göstərilən xidmətləri və müxtəlif tədbirləri maliyyələşdirmək, maddi-texniki və təşkilati cəhətdən dəstəkləmək;
4.1.16. Mərkəzin fəaliyyətinə aid olan məsələlərə dair müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək;
4.1.17. Mərkəzin fəaliyyət istiqamətlərinə aid olan məsələlər barədə məlumatları (sənədləri) əldə etmək üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) əldə etmək;
4.1.18. Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək;
4.1.19. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər hüquqları həyata keçirmək.
5. Mərkəzin fəaliyyətinin təşkili
5.1. Mərkəz öz fəaliyyətini aparatı və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir.
5.2. Mərkəzin işçilərinin say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
5.3. Mərkəzin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Mərkəzin direktoru Mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.4. Direktorun Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və bir müavini var. Direktorun müavinləri Mərkəzin direktoru tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
5.5. Mərkəzin direktoru:
5.5.1. Mərkəzin işini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Mərkəzin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, istehsalat-təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.3. Mərkəzin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi və onun hüquqlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görür;
5.5.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin aparatının və tabeliyində olan qurumlarının strukturunu, ştat cədvəli və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
5.5.5. müəyyən edilmiş qaydada Mərkəzin aparatının işçilərini və tabeliyində olan digər qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;
5.5.6. Mərkəzin struktur bölmələrinin, tabeliyində olan qurumların əsasnamələrini və hüquqi şəxslərin nizamnamələrini təsdiq edir;
5.5.7. Mərkəzin işçiləri barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
5.5.8. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.5.9. Mərkəzin adından etibarnaməsiz fəaliyyət göstərir, Mərkəzi təmsil edir, müvafiq beynəlxalq sənədləri imzalayır;
5.5.10. Mərkəzin səlahiyyətlərinə aid edilən məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;
5.5.11. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;
5.5.12. dövlət büdcəsindən ayrılan vəsaitlərin, büdcədənkənar xüsusi vəsaitlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini qurumları arasında bölüşdürür, ayrılmış vəsaitlərin həddi nəzərə alınmaqla işçilərin vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;
5.5.13. Mərkəzdə daxili təhlükəsizliyin təminatı məsələləri ilə əlaqədar qərarlar qəbul edir;
5.5.14. Mərkəzin daxili intizam qaydalarını təsdiq edir;
5.5.15. Mərkəzin əmlakı barədə qanunvericiliyə uyğun olaraq müstəqil sərəncam verir, müqavilələr bağlayır, etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır;
5.5.16. Mərkəzin iş planlarının tərtib olunmasını təmin edir;
5.5.17. Mərkəzin fəaliyyətinin yaxşılaşdırılmasına dair təklifləri, Mərkəzin fəaliyyətinə dair hesabatları Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
5.6. Mərkəzin direktoru öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə tapşıra bilər.
5.7. Mərkəzin direktorunun aylıq vəzifə maaşı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Mərkəzin direktor müavinlərinin və işçilərinin aylıq vəzifə maaşları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
5.8. Mərkəzdə direktordan (Direktorlar Şurasının sədri), direktorun müavinlərindən, Mərkəzin struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbərlərindən ibarət Direktorlar Şurası yaradılır. Direktorlar Şurasının üzvlərinin sayı və tərkibi direktor tərəfindən müəyyən olunur.
6. Mərkəzin maliyyə-təsərrüfat fəaliyyəti
6.1. Mərkəzin əmlakı ona təhkim edilmiş dövlət əmlakından, dövlət büdcəsindən məqsədli təyinatla ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, qanunvericiliklə nəzərdə tutulan digər mənbələrdən daxil olan vəsaitlərdən ibarətdir.
6.2. Mərkəzin əmlakından bu Əsasnamədə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi məqsədilə istifadə olunur. Mərkəz fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlərin maddi-texniki, hüquqi və təşkilati təminatını həyata keçirir.
6.3. Mərkəz öz vəzifələrini yerinə yetirmək məqsədi ilə büdcədənkənar vəsaitləri, hüquqi və fiziki şəxslərin, o cümlədən xarici hüquqi və fiziki şəxslərin, beynəlxalq təşkilatların qrant və ianələrini istifadə etməklə xüsusi fondlar yaratmaq və onlardan istifadə etmək hüququna malikdir.
6.4. Mərkəzin maddi-texniki bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, texniki vasitələr, metodiki materiallar, elmi və bədii ədəbiyyat, nəqliyyat vasitələri, maşın və avadanlıqlar, habelə başqa maddi-texniki təchizat vasitələri təşkil edir.
6.5. Mərkəzə təhkim edilmiş torpaq sahələri onun daimi istifadəsindədir.
6.6. Mərkəz əldə edilən gəlirlərdən və mülkiyyət obyektlərindən elmi və maddi bazanın inkişafı, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, habelə öz fəaliyyəti ilə bağlı digər ehtiyaclar üçün qanunvericiliyə uyğun olaraq istifadə edir.
6.7. Mərkəzin direktorunun əmri ilə Mərkəzin öz maliyyə vəsaitləri hesabına vəzifə maaşlarına əlavə və artırmalar müəyyən oluna, mükafatlar və digər həvəsləndirici ödənişlər verilə bilər.
7. Yekun müddəalar
7.1. Mərkəz Azərbaycan Respublikasında və xarici ölkələrdə nümayəndəliklər təsis edə bilər.
7.2. Mərkəzin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.