Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin adının dəyişdirilməsi və “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

22 may 2024, 15:54

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu adlandırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

3. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 689 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adında və 1-ci hissədə “Ali Hərbi Məktəbinin” sözləri “Hərbi İnstitutunun” sözləri ilə əvəz edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi” aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Daxili Qoşunlarının Hərbi İnstitutunun

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu (bundan sonra − İnstitut) ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali hərbi təhsil müəssisəsidir.

1.2. İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası daxili işlər nazirinin əmr və sərəncamlarını rəhbər tutur.

1.3. İnstitutun fəaliyyətinin əsas məqsədi ali təhsilin bakalavriat səviyyəsi üzrə ali hərbi təhsilli zabit kadrları hazırlamaq, hərbi elmlər sahəsində tətbiqi elmi tədqiqat işlərinin aparılmasını həyata keçirmək və hərbi qulluqçuların əlavə təhsilini təşkil etməkdir.

1.4. İnstitut hüquqi şəxsdir, onun müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, döyüş bayrağı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin adı və öz adı həkk olunmuş möhürü, ştampları və blankları vardır.

1.5. İnstitutun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. İnstitut məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.6. İnstitut öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.7. İnstitut “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilir.

1.8. İnstitutda siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

1.9. İnstitut Bakı şəhərində yerləşir.

2. İnstitutun fəaliyyət istiqamətləri

 

2.1. İnstitutun fəaliyyətinin əsas istiqamətləri tədris, təlim-tərbiyə, metodiki və elmi tədqiqat işlərindən ibarətdir.

2.2. Tədris işi hərbi-nəzəri və hərbi-praktiki biliklərə yiyələnmiş ali hərbi təhsilli zabit kadrları hazırlamaqdan, bütün növ tədris məşğələlərinin planlaşdırılmasından və həyata keçirilməsindən, təcrübi məşğələlərə rəhbərlik etməkdən, dəyişən heyətin tədris materialını mənimsəməsinin qiymətləndirilməsindən ibarətdir.

2.3. Təlim-tərbiyə işi şəxsiyyətin formalaşması üçün mütəşəkkil məqsədyönlü proses olmaqla, hərbi vətənpərvərlik, mənəvi-əxlaqi, hüquqi və fiziki tərbiyə məsələlərinin həllinə kompleks yanaşma əsasında tədris prosesi ilə birgə aparılır.

2.4. Təlim-tərbiyə işinin mahiyyəti aşağıdakılardan ibarətdir:

2.4.1. dəyişən heyətə vətənpərvərlik hissləri aşılamaq, onları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlara əməl etmək, habelə insan və vətəndaş hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyə etmək;

2.4.2. dəyişən heyətə dövlətə, xalqa sədaqət, xidməti borcun yerinə yetirilməsinə məsuliyyətlə yanaşma, yüksək intizam və mənəviyyat, mətinlik, fiziki dözümlülük və hərbi peşəkarlıq keyfiyyətləri aşılamaq;

2.4.3. dəyişən heyətin hərbi nizam-intizamını və döyüş hazırlığını təmin etmək;

2.4.4. dəyişən heyətin milli və ümumbəşəri dəyərlərə yiyələnməsini təmin etmək.

2.5. Metodiki işin məqsədi bütün növ tədris məşğələlərinin keçirilməsi metodikasını təkmilləşdirmək, onun keyfiyyətini və effektivliyini artırmaq, rəhbər heyətin, professor-müəllim heyətinin və dəyişən heyətin komandirlərinin peşəkarlıq səviyyəsini artırmaqdır.

2.6. Metodiki işin əsas formaları aşağıdakılardır:

2.6.1. tədris məşğələlərinin, təlim-tərbiyə işinin aparılması və təminatı üçün tədris-metodiki sənədlərin işlənilməsi;

2.6.2. rəhbər heyətin, professor-müəllim heyətinin və dəyişən heyətin komandirlərinin pedaqoji ustalığının artırılması, bu məqsədlə tədris-metodiki toplantıların, müşavirələrin və elmi-metodiki konfransların keçirilməsi;

2.6.3. tədris məşğələlərinə nəzarətin həyata keçirilməsi;

2.6.4. pedoqoji (metodiki) təcrübənin keçirilməsi və onun nəticələrinin tədris prosesində tətbiqi;

2.6.5. tədris və təlim-tərbiyə prosesi metodikasına İnstitutun Elmi Şurasında və kafedra iclaslarında baxılma.

2.7. İnstitutun elmi tədqiqat fəaliyyəti hərbi elmin müvafiq sahələrinin inkişafına və tətbiqi elmi tədqiqatların nəticələrinin tədris prosesində tətbiqinə yönəldilir.

2.8. Elmi tədqiqat işinin mahiyyəti aşağıdakılardan ibarətdir:

2.8.1. dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, məcmuələr, mühazirə, elmi-metodiki və konfrans materialları, həmçinin məlumat bülletenləri hazırlamaq;

2.8.2. tətbiqi elmi tədqiqat işlərinin aparılmasını təşkil etmək və həmin sahədə metodiki kömək göstərmək.

 

3. İnstitutun vəzifələri və hüquqları

 

3.1. İnstitutun vəzifələri aşağıdakılardır:

3.1.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

3.1.2. təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək;

3.1.3. ali təhsilin bakalavriat səviyyəsi və əlavə təhsil üzrə təhsil proqramlarını həyata keçirmək;

3.1.4. İnstitutun profilinə uyğun olaraq tətbiqi elmi tədqiqatlar aparmaq və elmi-metodiki sənədləri hazırlamaq;

3.1.5. təhsil proqramlarına (kurikulumlara) uyğun tədris-metodiki sənədlər hazırlamaq;

3.1.6. İnstitutun Elmi Şurasının işini təşkil etmək;

3.1.7. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, İnstitutun fəaliyyət istiqamətləri üzrə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.8. İnstitutun daimi heyətinin əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.9. İnstitutun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.10. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.11. İnstitutda dövlət sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.12. İnstitutun informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.13. İnstitutun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə təkliflər vermək;

3.1.14. İnstitutun maddi-tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görmək;

3.1.15. İnstitutda kargüzarlığı və vətəndaşların qəbulunu normativ hüquqi aktların tələblərinə uyğun təşkil və təmin etmək;

3.1.16. dəyişən heyətin “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq attestasiyasını keçirmək;

3.1.17. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil haqqında dövlət sənədini və təhsilə dair digər sənədləri vermək;

3.1.18. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, onun monitorinqini keçirmək, dəyişən heyətin intellektual, mədəni və mənəvi inkişafını təmin etmək, peşəkarlıq xüsusiyyətlərinin formalaşdırılmasına nəzarət etmək;

3.1.19. İnstituta hər il təsdiq edilən dövlət büdcəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları (bundan sonra - Daxili Qoşunlar) üçün nəzərdə tutulmuş vəsait çərçivəsində ayrılan büdcə vəsaitindən, habelə kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.20. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn, habelə bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün İnstitutun aşağıdakı hüquqları vardır:

3.2.1. şəxsi heyət üçün idman, sağlamlıq, iaşə və məişət xidmətlərini təşkil etmək;

3.2.2. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.3. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.4. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.5. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.6. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.7. İnstitutun hərbi qulluqçularına və mülki işçilərinə fəxri adlar, dövlət təltifləri və mükafatlar verilməsi üçün Azərbaycan Respublikası daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı (bundan sonra − Daxili Qoşunların komandanı) qarşısında vəsatət qaldırmaq;

3.2.8. Daxili Qoşunların təlim mərkəzlərindən istifadə etmək;

3.2.9. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn, habelə bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

4. İnstitutun strukturu və idarə olunması

 

4.1. İnstitutun strukturuna rəhbərlik, kafedralar, şöbələr və xidməti bölmələr daxildir.

4.2. İnstitutun strukturunu, ştat cədvəlini və xərclər smetasını Azərbaycan Respublikasının daxili işlər naziri təsdiq edir.

4.3. İnstitutun rəhbərliyi rektordan və prorektorlardan ibarətdir.

4.4. İnstitutun rektoru Azərbaycan Respublikası daxili işlər nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, prorektorlar isə Daxili Qoşunların komandanının təqdimatına əsasən Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

4.5. İnstitutun rektoru bilavasitə Daxili Qoşunların komandanına tabedir. İnstitutun rektoru İnstitutun bütün şəxsi heyətinin birbaşa rəisi olmaqla, onların fəaliyyətini təşkil edir, ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

4.6. İnstitutun rektoru:

4.6.1. İnstitutun fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.6.2. İnstitutun struktur bölmə rəhbərlərinin səlahiyyətlərini və digər şəxsi heyətin vəzifə öhdəliklərini müəyyən edir;

4.6.3. İnstitutda daxili intizam və günün nizam qaydalarını təsdiq edir;

4.6.4. İnstitutun ştat vahidlərinin sayına və strukturunun təkmilləşdirilməsinə dair Daxili Qoşunların komandanına təkliflər verir;

4.6.5. İnstitutun maddi vəsaitlərinin uçotunu təşkil edir, onlardan istifadəyə nəzarət edir;

4.6.6. Azərbaycan Respublikası daxili işlər nazirinin əmr və sərəncamlarında, habelə Daxili Qoşunların komandanının əmrlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

4.6.7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hüquqi aktlarının icrasını fəaliyyət istiqamətlərinə uyğun olaraq təşkil edir və bu işə nəzarəti həyata keçirir, habelə İnstitutun fəaliyyəti ilə bağlı icrası məcburi olan daxili əmr və göstərişlər verir;

4.6.8. şəxsi heyətə hərbi rütbələr verilməsi, şəxsi heyət üzvlərinin təltif edilməsi, vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Daxili Qoşunların komandanı qarşısında vəsatət qaldırır;

4.6.9. dəyişən heyətdən olan hərbi qulluqçunun İnstitutdan xaric edilməsi məqsədilə Daxili Qoşunların komandanına təqdimat verir;

4.6.10. İnstitutun daimi və dəyişən heyətinin pul təminatını, əməyinin ödənilməsini və mükafatlandırılmasını təşkil edir;

4.6.11. İnstitutda kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini və məxfilik rejiminə riayət olunmasını təmin edir;

4.6.12. İnstitutda vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir.

4.7. İnstitutun 2 (iki) prorektoru vardır. Prorektorlar İnstitutun rektoruna tabe olmaqla, şəxsi heyətin birbaşa rəisləridirlər.

4.8. Tədris, metodiki və təlim-tərbiyə işlərinə bilavasitə rəhbərliyi İnstitutun tədris işləri üzrə prorektoru, elmi tədqiqat işlərinə bilavasitə rəhbərliyi isə Hərbi elmi şöbənin rəisi həyata keçirir.

4.9. İnstitutun ali idarəetmə orqanı İnstitutun ictimai əsaslarla fəaliyyət göstərən Elmi Şurasıdır (bundan sonra − Elmi Şura).

4.10. Elmi Şuranın tərkibi İnstitut rektorunun təqdimatı ilə Daxili Qoşunların komandanı tərəfindən təsdiq edilir. Elmi Şuranın tərkibinə İnstitutun rektoru (Elmi Şuranın sədri), prorektorları, şöbə və kafedra rəisləri (müdirləri) daxildirlər. İnstitut rektorunun Daxili Qoşunların komandanı qarşısında qaldırdığı vəsatətə əsasən, Elmi Şuranın tərkibinə digər şəxslər də daxil edilə bilərlər. Elmi Şuranın professor-müəllim heyətindən, elmi işçilərdən, habelə başqa mütəxəssislərdən ibarət olan digər üzvləri həmin kollektivlərin iclaslarında gizli səsvermə yolu ilə, iclasda iştirak edən şəxslərin sadə səs çoxluğu ilə seçilirlər. Elmi Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Elmi Şuranın iclaslarında qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul olunur.

4.11. İnstitutun tədris işləri üzrə prorektoru Elmi Şura sədrinin müavinidir. Elmi Şura üzvlərindən biri açıq səsvermə yolu ilə, Elmi Şuranın iclasında iştirak edən üzvlərin sadə səs çoxluğu ilə Elmi Şuranın katibi seçilir. Elmi Şuranın səlahiyyət müddəti 3 (üç) ildir. Elmi Şuranın yenidən yaradılmasını və ya üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini İnstitut rektorunun vəsatəti əsasında Daxili Qoşunların komandanı həyata keçirir.

4.12. Elmi Şuranın qərarları İnstitut rektorunun əmrləri ilə elan olunur.

4.13. Elmi Şura:

4.13.1. bu Nizamnamədə dəyişiklik edilməsinə dair təkliflər hazırlayır;

4.13.2. İnstitutun perspektiv inkişaf və cari planlarına dair qərarlar qəbul edir;

4.13.3. təhsil, metodiki iş, təlim-tərbiyə işi, maddi-tədris bazası, redaksiya-nəşriyyat, döyüş hazırlığı məsələləri ilə bağlı qərarlar qəbul edir;

4.13.4. İnstitutun struktur bölmələrinin hesabatlarını dinləyir;

4.13.5. professor-müəllim heyətinə və əməkdaşlara elmi-pedaqoji fəaliyyətə görə elmi adların verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq vəsatət qaldırır;

4.13.6. İnstitutda tədris prosesinin, tədris-metodiki işin və elmi tədqiqat işlərinin planlaşdırılmasını, təşkilini və həmin sahəyə nəzarəti həyata keçirir;

4.13.7. İnstitutun struktur bölmələrinin vəzifələrini təsdiq edir;

4.13.8. İnstitutda elmi tədqiqat işlərinin istiqamətlərini müəyyən edir;

4.13.9. İnstitutun fəaliyyət istiqamətləri, idarə olunması və tədrisin təşkili ilə bağlı digər məsələlərə baxır.

4.14. Dəyişən heyətdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə əməletmə vərdişi yaratmaq və İnstitutda nizam-intizamı təmin etmək məqsədilə intizam orqanları − Ali İntizam Şurası və Tabor İntizam Şurası yaradılır. İntizam orqanlarının strukturu, vəzifələri və hüquqları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunur.

 

5. Tədris işinin təşkili və elmi tədqiqat fəaliyyəti

 

5.1. İnstitutda tədris işi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Nizamnamə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq normativ hüquqi aktları əsasında təşkil olunur və aparılır.

5.2. İnstitutda ali təhsilin aşağıdakı səviyyələri üzrə təhsil proqramları (kurikulumlar) həyata keçirilir:

5.2.1. bakalavriat;

5.2.2. əlavə təhsil.

5.3. İnstitutda təhsil əyani formada təşkil olunur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, İnstitutda əlavə təhsil üzrə digər təhsilalma formaları tətbiq edilə bilər. Tədris dili Azərbaycan dilidir.

5.4. İnstitutda tədris məşğələlərinin əsas növlərini − mühazirə, seminar, tematik mükalimə (kollokvium), praktiki məşğələlər, məsləhət saatı, elmi tədqiqat işləri təşkil edir. Ayrı-ayrı fənlər üzrə Elmi Şuranın qərarı ilə müəyyən edilmiş digər növ məşğələlər də keçirilə bilər.

5.5. İnstitutda mütəxəssis hazırlığı elmlə təhsilin vəhdəti əsasında həyata keçirilir.

5.6. İnstitutda aparılan elmi tədqiqat işləri tətbiqi xarakter daşıyır.

5.7. İnstitut apardığı elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiq olunmasını və onların elmi məqalələr, metodiki vəsaitlər şəklində dərc olunmaqla, elmi forumlarda məruzə edilərək yayılmasını təşkil edir.

5.8. İnstitutda həyata keçirilən elmi tədqiqat fəaliyyətinin məqsədləri aşağıdakılardır:

5.8.1. tətbiqi elmi tədqiqatlar aparılmasını və elmi-texniki işlərin həyata keçirilməsini təmin etmək;

5.8.2 kadrların elmi potensialından səmərəli istifadə etməklə təlimin keyfiyyətini yüksəltmək;

5.8.3. professor-müəllim heyətinin ixtisas səviyyəsini artırmaq;

5.8.4. tədris prosesi ilə elmi fəaliyyətin vəhdətini təmin etmək;

5.8.5. elmi tədqiqatların nəticələrinin tədris prosesində və Daxili Qoşunların praktiki fəaliyyətində tətbiqi barədə vəsatət qaldırmaq;

5.8.6. elmi tədqiqat işlərinin əsas istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və ümumiləşdirmək;

5.8.7. Daxili Qoşunlar üçün analitik, məsləhət və proqnozlaşdırma fəaliyyətini həyata keçirmək;

5.8.8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarının layihələrinin hazırlanmasında iştirak etmək;

5.8.9. yerli və xarici ekspertlərin iştirakı ilə elmi seminarlar, konfranslar, simpoziumlar və digər tədbirlər keçirmək.

5.9. İnstitutda elmi tədqiqat fəaliyyəti Elmi Şuranın təsdiq etdiyi perspektiv inkişaf və cari planlara uyğun olaraq həyata keçirilir.

 

6. İnstituta qəbul

 

6.1. Azərbaycan Respublikası vətəndaşlarının İnstituta qəbulu “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir.

6.2. İnstituta qəbul yerlərinin sayı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

6.3. İnstitutda ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmaq üçün namizədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi tələblər əsasında həmin Nazirlik tərəfindən seçilirlər.

6.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq İnstitutda ali təhsilin bakalavriat səviyyəsinə qəbul biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.

6.5. Abituriyentlərin İnstituta kursant qismində qəbulu İnstitut rektorunun əmri ilə təsdiq olunur.

6.6. Hərbi qulluqçuların İnstitutda əlavə təhsili Daxili Qoşunların komandanının müvafiq əmri ilə həyata keçirilir.

6.7. İnstituta qəbul edilən və əvvəllər hərbi and içməmiş dəyişən heyət Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi” ilə müəyyən olunmuş qaydada hərbi and içir.

 

7. Daimi və dəyişən heyət

 

7.1. İnstitutun şəxsi heyəti daimi və dəyişən heyətdən ibarətdir.

7.2. Daimi heyətə rəhbərlik, dəyişən heyətin komandirləri, professor-müəllim heyəti və elmi heyət, digər hərbi qulluqçular və mülki işçilər daxildir.

7.3. Daimi heyətdən olan hərbi qulluqçuları Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının daxili işlər naziri və Daxili Qoşunların komandanı vəzifəyə təyin və vəzifədən azad edir. Hərbi qulluqçular istisna olmaqla, daimi heyətdən olan digər şəxsləri İnstitutun rektoru Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul və işdən azad edir.

7.4. Daimi heyətdən olan hərbi qulluqçuların hüquq və vəzifələri Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, habelə bu Nizamnamə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.

 

7.5. Hərbi qulluqçular istisna olmaqla, daimi heyətin tərkibinə daxil olan digər şəxslərin, o cümlədən İnstitutun inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat, mühəndis-texniki, tədris-köməkçi heyətinə aid şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Nizamnamə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.

7.6. Daimi və dəyişən heyət vəzifə öhdəlikləri və təlim-tərbiyə prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə yalnız Daxili Qoşunların komandanının razılığı ilə cəlb oluna bilərlər.

7.7. Professor-müəllim heyətinə şöbə və xidməti bölmələrin rəisləri (müdirləri), onların müavinləri, kafedra rəisləri (müdirləri), professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutan hərbi qulluqçular və mülki işçilər aiddirlər.

7.8. Professor-müəllim heyətinin say tərkibi, tədris yükündən asılı olaraq, Daxili Qoşunların komandanının əmri ilə müəyyən edilir.

7.9. Professor-müəllim heyəti vəzifələrinə təyinat zamanı elmi ada və elmi dərəcəyə, vəzifənin profilinə uyğun ali təhsilə və pedaqoji təcrübəyə malik şəxslərə üstünlük verilir.

7.10. Professor-müəllim heyətinin üzvləri məşğələlərin keçirilməsi zamanı dəyişən heyətin rəisləri hesab olunurlar. Professor-müəllim heyətinin tədris məşğələlərinin keçirilməsi zamanı verdiyi göstərişləri dəyişən heyət mütləq yerinə yetirməlidir.

7.11. Tədris, təlim-tərbiyə, metodiki və elmi tədqiqat işləri kafedraların planları, həmçinin tədris ili üçün fərdi planlar əsasında professor-müəllim heyəti tərəfindən həyata keçirilir.

7.12. Professor-müəllim heyəti və elmi işçilər təlim-tərbiyə sahəsində uğurlarına və nailiyyətlərinə görə hərbi qulluqçulara münasibətdə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə, digər işçilərə münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ilə yanaşı, dövlət mükafatları, fəxri adlar, orden və medallar, döş nişanları və fəxri fərmanlarla təltif edilə bilərlər.

7.13. Pedaqoji işçilərə fəxri adların verilməsi Azərbaycan Respublikası Prezidentinin aktları ilə tənzimlənir.

7.14. Professor-müəllim heyətinə və elmi işçilərə hərbi və əmək intizamını pozduqlarına görə intizam tənbehi tədbirləri hərbi qulluqçulara münasibətdə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə, digər işçilərə münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada tətbiq edilir.

7.15. Professor-müəllim heyətinin və elmi işçilərin beynəlxalq tədbirlərdə iştirakına, onların mediada İnstitut adından çıxışlarına Daxili Qoşunların komandanı razılıq verir.

7.16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici ölkələrin ali hərbi təhsil müəssisələrində Daxili Qoşunlara ayrılmış yerlərdə təhsil almaq məqsədilə İnstitutun kursantları həmin ölkəyə Daxili Qoşunların komandanı ilə razılaşdırmaqla ezam edilə bilərlər.

7.17. Dəyişən heyət İnstitutda təhsil alan kursantlar və dinləyicilərdir.

7.18. Kursantlar − İnstitutda ali təhsilin bakalavriat səviyyəsində təhsil alan, zabit hərbi rütbəsi olmayan hərbi qulluqçulardır.

7.19. Dinləyicilər − İnstitutda əlavə təhsil alan hərbi qulluqçulardır.

7.20. Dəyişən heyətin tərkibinə daxil olan hərbi qulluqçuların pul, əşya, ərzaq, tibbi xidmət və yaşayış sahəsi (yataqxana) ilə təminatı dövlət tərəfindən həyata keçirilir.

7.21. Dəyişən heyətin təhsil müddətində hüquq və vəzifələri bu Nizamnamənin 7.4-cü bəndində nəzərdə tutulan normativ hüquqi aktlarla müəyyən olunur.

7.22. Hərbi liseylərin məzunları və hərbi rütbəsi olmayan mülki şəxslər sırasından İnstituta qəbul edilmiş kursantlara “əsgər” hərbi rütbəsi verilir. İnstituta qəbul olunana qədər həqiqi hərbi xidmət keçmiş və hərbi rütbə almış kursantlar üçün həmin hərbi rütbələr saxlanılır.

7.23. Taqım komandirinin müavini, tədris qruplarının, manqalarının komandirləri İnstitut rektorunun əmri ilə müvafiq kursun kursantları arasından təyin olunurlar. Bu vəzifələrə təyin edilmiş kursantlara qanuna müvafiq qaydada “kiçik çavuş”, “çavuş” və “baş çavuş” hərbi rütbəsi verilir.

7.24. Dəyişən heyətdən olan hərbi qulluqçular təhsildə əldə etdikləri yüksək göstəricilərə, elmi tədqiqat işlərində fəal iştiraka və hərbi xidməti borcun nümunəvi yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada həvəsləndirilirlər.

7.25. Hərbi və tədris intizamını pozduqlarına görə dəyişən heyətdən olan hərbi qulluqçulara Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə nəzərdə tutulmuş qaydada intizam tənbehi tədbirləri tətbiq edilir.

7.26. Kursantlar və dinləyicilər aşağıdakı əsaslardan biri olduqda İnstitutdan xaric edilirlər:

7.26.1. öz arzusu ilə;

7.26.2. digər ali təhsil müəssisəsinə keçirilməsi ilə əlaqədar (kursantlara münasibətdə);

7.26.3. səhhətinə görə (hərbi-həkim komissiyasının qərarına əsasən);

7.26.4. təhsildə müvəffəqiyyətsizliyə görə;

7.26.5. semestr ərzində tədris planında nəzərdə tutulmuş məşğələlərin ümumi saat hesabının 30 faizdən çoxunda üzrsüz səbəbdən iştirak etmədiyinə görə;

7.26.6. hərbi intizamı və ya İnstitutun daxili intizam qaydalarını kobud şəkildə, yaxud dəfələrlə pozduğuna görə (Ali İntizam Şurasının qərarı əsasında);

7.26.7. hərbi qulluqçu şərəfini ləkələyən hərəkətlər törətdiyinə görə (Ali İntizam Şurasının qərarı əsasında);

7.26.8. törətdiyi cinayət əməlinə görə məhkum olunduqda.

7.27. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvəffəqiyyətsizliyə, təhsili davam etdirmək istəmədiyinə və intizamsızlığa görə İnstitutdan xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər.

7.28. Dəyişən heyət tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə dəyişən heyətin təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

7.29. Dəyişən heyətdən olan hərbi qulluqçunun İnstitutdan xaric edilməsi İnstitutun rektorunun təqdimatına əsasən Daxili Qoşunların komandanının əmri ilə həyata keçirilir.

7.30. İnstitutda təhsilini başa vurmayan şəxslərə, onların müraciəti əsasında, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir.

7.31. İnstitutda ali təhsilin bakalavriat səviyyəsini bitirmiş kursantlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi − diplom, həmçinin İnstitut tərəfindən döş nişanı və Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə “leytenant” hərbi rütbəsi verilir.

7.32. Əlavə təhsil üzrə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil proqramını mənimsəmiş və imtahanlarda müvəffəqiyyət qazanmış dəyişən heyətə əlavə təhsilin istiqaməti üzrə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd verilir.

 

8. Daimi və dəyişən heyətin vəzifələri və hüquqları

 

8.1. Daimi heyətdən olan professor-müəllim heyətinin və elmi işçilərin vəzifələri aşağıdakılardır:

8.1.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

8.1.2. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək;

8.1.3. dəyişən heyətin tədris materiallarını mənimsəməsini təmin edən üsul və vasitələri seçmək, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək;

8.1.4. ixtisas və elmi-pedaqoji səviyyələrini yüksəltmək;

8.1.5. elmi tədqiqatla məşğul olmaq, elmi tədqiqat işlərinin nəticələrindən Elmi Şuranın tövsiyəsi ilə tədris prosesində istifadə etmək və bu nəticələrin Daxili Qoşunların praktiki fəaliyyətində tətbiq olunmasına kömək göstərmək;

8.1.6. dərslik və dərs vəsaitlərinin, tədrisin qabaqcıl forma və metodlarını təmin edən elmi-metodiki materialların işlənilib hazırlanmasında, müasir texniki vasitələrin tətbiqində iştirak etmək;

8.1.7. vətəndaşlıq və xidməti borcunu ləyaqətlə yerinə yetirmək;

8.1.8. dəyişən heyətə Azərbaycan Respublikasının müstəqilliyinə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

8.1.9. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq və ziyalılıq nümunəsi göstərmək;

8.1.10. attestasiyadan keçmək;

8.1.11. dəyişən heyətdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

8.1.12. dəyişən heyəti elmi fəaliyyətə cəlb etmək;

8.1.13. dəyişən heyətin fərdi keyfiyyətlərini öyrənmək, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, onlardan dərs tapşırıqlarının yerinə yetirilməsini və hərbi nizam-intizama riayət olunmasını tələb etmək;

8.1.14. dəyişən heyəti zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;

8.1.15. dəyişən heyətin müstəqil hazırlığına, tədris materiallarını mənimsəməsinə köməklik göstərmək;

8.1.16. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;

8.1.17. İnstitutun rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;

8.1.18. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

8.2. Daimi heyətdən olan professor-müəllim heyətinin və elmi işçilərin hüquqları aşağıdakılardır:

8.2.1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, o cümlədən müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

8.2.2. bu Nizamnaməyə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək;

8.2.3. İnstitutda vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;

8.2.4. əlavə təhsil almaq, elmi dərəcəsini yüksəltmək;

8.2.5. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq;

8.2.6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada Daxili Qoşunların əməli fəaliyyətini əks etdirən aidiyyəti materiallarla tanış olmaq;

8.2.7. əvəzçilik yolu ilə elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq;

8.2.8. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

8.2.9. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodiki vəsaitlərlə təmin olunmaq;

8.2.10. bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

8.3. Dəyişən heyətin vəzifələri aşağıdakılardır:

8.3.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

8.3.2. təhsil proqramlarında (kurikulumlarda) nəzərdə tutulmuş imtahanları vermək;

8.3.3. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

8.3.4. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək, hərbi andın, hərbi nizamnamələrin, Azərbaycan Respublikası daxili işlər nazirinin və Daxili Qoşunların komandanının əmr, təlimat, göstəriş və sərəncamlarının, bu Nizamnamənin, habelə İnstitutun daxili intizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;

8.3.5. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;

8.3.6. məxfilik qaydalarına əməl etmək;

8.3.7. İnstitutun əmlakına qayğı ilə yanaşmaq;

8.3.8. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

8.3.9. sağlam həyat tərzi keçirmək;

8.3.10. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

8.4. Dəyişən heyətin aşağıdakı hüquqları vardır:

8.4.1. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

8.4.2. İnstitutun mövcud infrastrukturundan (tədris, elmi tədqiqat, informasiya, mədəni-məişət xidmətlərindən, idman kompleksindən, tibb məntəqəsindən, yataqxanadan, laboratoriyadan, kitabxanadan) istifadə etmək;

8.4.3. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

8.4.4. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

8.4.5. İnstitutun elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək;

8.4.6. təhsilin, intizamın və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlərin müzakirəsində, Elmi Şuranın işində, İnstitutda fəaliyyət göstərən özünüidarəetmə orqanlarında, hərbi-elmi cəmiyyətin işində və idman bölmələrində iştirak etmək;

8.4.7. həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

8.4.8. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiadalarda, bilik yarışlarında, fənn müsabiqələrində, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;

8.4.9. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

8.4.10. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;

8.4.11. bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

9. Maliyyə-təsərrüfat fəaliyyəti

 

9.1. İnstitut dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

9.2. İnstitut maddi dəyərlilərin, pul vəsaitinin vəziyyəti və onlardan istifadə barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsi qarşısında hesabat verir.

9.3. İnstitutun maddi-tədris bazası müəyyən olunmuş ixtisaslar üzrə tədris planlarına, proqramlarına və müasir tədris metodikasına uyğun olaraq, dəyişən şəxsi heyətin hazırlığını təmin etmək üçün nəzərdə tutulmuş maddi və texniki vasitələr kompleksidir.

9.4. İnstitutun maddi-tədris bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, silah və hərbi texnika, hərbi tədris əmlakı, laboratoriya avadanlığı, tədrisin texniki vasitələri, tədris-metodiki materiallar, elmi və bədii ədəbiyyat, xüsusi texnika, nəqliyyat vasitələri, avadanlıq, tədris-idman bazaları, təlim mərkəzi və digər hərbi obyektlər, habelə başqa qiymətli maddi-texniki təchizat vasitələri təşkil edir.

9.5. İnstitutun maddi-tədris bazası dövlət əmlakı hesab olunur və ondan səmərəli istifadə edilməlidir.

9.6. İnstitutun istifadə etdiyi bina və qurğuların, torpaq sahələrinin xidməti təyinatının dəyişdirilməsinə Daxili Qoşunların komandanının razılığı olmadan yol verilmir.

9.7. İnstitutun maddi-tədris bazasının inkişafı və təkmilləşdirilməsi Daxili Qoşunların komandanı tərəfindən təsdiq edilmiş perspektiv inkişaf planları və cari planlar əsasında həyata keçirilir.

 

10. Beynəlxalq əməkdaşlıq

 

10.1. İnstitutun xarici əlaqələri və beynəlxalq əməkdaşlığı, həmçinin kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə xarici ölkələrin dövlət orqanları arasında bağlanılmış sazişlər əsasında həyata keçirilir.

10.2. İnstitutun ali təhsil sahəsində beynəlxalq əlaqələri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 

11. İnstitutda uçot və hesabat

 

11.1. İnstitut “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

11.2. İnstitut “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

11.3. İnstitut statistik və maliyyə hesabatlarını Daxili Qoşunların komandanına təqdim edir.

 

12. İnstitutun yenidən təşkili və ləğvi

 

12.1. İnstitutun yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

12.2. İnstitut ləğv edildikdə onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2024-cü il 

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07