Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 2 nömrəli Əlavəsi – “İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı”nın “İdxal” hissəsinin üçüncü abzasının “Malların adı” sütununa “o cümlədən” sözlərindən sonra “dərman maddələri,” sözləri əlavə olunsun və həmin sütunda “və tibbi ləvazimatlar” sözləri “, habelə tibb vasitələri” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411 (Cild I); 2024, № 3, maddə 262) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 8.7-1 – 8.7-4-cü yarımbəndlər əlavə edilsin:
“8.7-1. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatını həyata keçirmək, habelə dərman vasitələrinin dövlət reyestrini aparmaq;
8.7-2. Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin siyahısını hazırlamaq, ictimaiyyətin məlumatlandırılması məqsədilə rəsmi internet səhifəsində yerləşdirmək və rübdə bir dəfə yenilənməsini təmin etmək;
8.7-3. dərman vasitələrinin keyfiyyətli, effektiv və təhlükəsiz olmamasına dair əsaslandırılmış faktlar aşkar edildikdə, həmin dərman vasitələrinin dövlət reyestrinə daxil edilməsindən imtina etmək, dərman vasitələrinin dövlət reyestrinə daxil edilmiş və ya “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulan dərman vasitələrinin Azərbaycan Respublikasında tətbiqini qadağan etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaq;
8.7-4. tibb vasitələrinin risk dərəcəsindən asılı olaraq təsnifatını müəyyən etmək;”;
2.2. 22-ci bəndin birinci cümləsinə “vasitələrinin” sözündən sonra “və dərman maddələrinin” sözləri əlavə edilsin.
3. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 94 (Cild I) 2.3-1-ci bəndinə “16-1.1-ci” sözlərindən əvvəl “16.5-ci,” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1242 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti haqqında Əsasnamə”nin 10.7-ci bəndində “vasitələrini, tibbi ləvazimatları, avadanlıq və cihazları” sözləri “və tibb vasitələrini” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1256 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 aprel tarixli 46 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 1.3.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“1.3.3. dərman və tibb vasitələri;”.
6. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun tətbiqi və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 avqust tarixli 2298 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1165) 6-cı hissəsində “2.3-2-ci” sözləri “2.2.3-cü” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 aprel tarixli 46 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 7-ci hissəsinin “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nın 3.3.5-ci yarımbəndində aşağıdakı dəyişikliklər edilsin:
7.1. 3-cü abzasın “Tədbirlər və layihələr”, “Digər icraçılar” və “Nəticə indikatorları” sütunlarında (hər üç halda) “kliniki” sözü “klinik” sözü ilə əvəz edilsin;
7.2. 4-cü abzas üzrə:
7.2.1. “Tədbirlər və layihələr” və “ilkin nəticələr” sütunlarında “dərman və tibbi preparatlar” sözləri “dərman və tibb vasitələri, habelə dərman maddələri” sözləri ilə əvəz edilsin;
7.2.2. “baza ili üzrə göstəricilər” və “aralıq nəticələr” sütunlarında ismin müvafiq hallarında “dərman preparatı” sözləri ismin müvafiq hallarında “dərman vasitələri və dərman maddələri” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2024-cü il