Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Şaker Karqarın etimadnaməsini qəbul etmişdir.
Diplomat fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Mohammad Şaker Karqar etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Xalqlarımız arasında böyük tarixi əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı bu əlaqələri yeni mərhələdə genişləndirməyin zəruriliyini bildirdi. Əfqanıstan Prezidenti Həmid Kərzainin İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən sammitində iştirakına toxunan Prezident İlham Əliyev bu səfərin uğurla inkişaf edən ikitərəfli münasibətlərimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu dedi.
Dövlət başçısı ölkəmizin Əfqanıstanı sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı məsələlərdə bundan sonra da dəstəkləyəcəyini qeyd etdi.
Səfir Mohammad Şaker Karqar Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzainin salamlarını dövlətimizin başçısına çatdırdı. Mohammad Şaker Karqar Əfqanıstan xalqının və hökumətinin Azərbaycanın mövqeyini bütün məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələdə daim dəstəklədiyini vurğuladı.
Dövlət başçısı müxtəlif beynəlxalq təşkilatlarda Əfqanıstanın Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi.
Prezident İlham Əliyev Prezident Həmid Kərzainin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını
Əfqanıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.