“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

03 fevral 2025, 15:46

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci, 1.1.7-ci, 1.1.8-ci, 1.1.11-ci, 5.9-cu, 5.10-cu, 5.11-ci, 6.2-ci (hər iki halda), 6.8-ci, 6.10-cu, 6.11-ci və 9.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 1.1.5-ci, 1.1.8-ci, 5.9-cu, 5.10-cu, 5.11-ci və 9.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 6.2-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur;

1.4. həmin Qanunun 6.8-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 6.10-cu maddəsində “orqan (qurum)” dedikdə odlu silah və onun əsas hissələrinə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 1.1.7-ci və 1.1.11-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinin sosial müdafiəsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində (birinci halda), 6.10-cu maddəsində (təhlükəli maddələrə münasibətdə) və 6.11-ci maddəsində nəzərdə tutulmuş “orqan (qurum)” barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. üç ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.4.1. “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə uyğun olaraq, minatəmizləmə fəaliyyətinə dair tələbləri;

2.4.2. həmin Qanunun 5.9-cu maddəsinə uyğun olaraq, minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması qaydasını;

2.4.3. həmin Qanunun 5.10-cu maddəsinə uyğun olaraq, minatəmizləyənlərə standart əməliyyat prosedurlarına dair təlimlərin keçirilməsi qaydasını;

2.4.4. həmin Qanunun 5.11-ci maddəsinə uyğun olaraq, minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləğini;

2.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 9, maddə 981 (Cild I) 1.1-ci bəndi ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 fevral 2025-ci il 

SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40