Prezident İlham Əliyev Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Miko Halyasın etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Miko Halyas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Dövlət başçısı Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı.
Estoniyaya rəsmi səfərini və Estoniya Prezidentinin ölkəmizə səfərini xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Estoniya arasında əlaqələrin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.
Ölkələrimiz arasında siyasi və iqtisadi sahədə əməkdaşlığın əsas istiqamətlərinin razılıq doğurduğunu vurğulayan səfir Miko Halyas bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu dedi. Diplomat ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsində Estoniya-Azərbaycan Hökumətlərarası birgə Komissiyanın rolunu qeyd etdi. Estoniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan səfir ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsinə tərəfdar olduğunu bildirdi.
Görüşdə ölkələrimizin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlığı, enerji, informasiya və kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.