Prezident İlham Əliyev Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Damir Dzankonun etimadnaməsini qəbul etmişdir.
Diplomat fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Damir Dzanko etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin Azərbaycana uğurlu səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər zamanı ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı mühüm məsələlərin müzakirə edildiyini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, nəqliyyat, infrastruktur, sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirdi. Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.
Səfir Damir Dzanko Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin inkişafında ölkəsinin dövlət başçısının Azərbaycana tarixi səfərinin əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirən Damir Dzanko Azərbaycandakı diplomatik fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini dedi.
Dövlət başçısı Bakir İzetbeqoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə çatdırmağı xahiş etdi.