Prezident İlham Əliyev Seynt Vinsent və Qrenadinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Senio Elvin Lyuisin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Diplomat Senio Elvin Lyuis etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Azərbaycanın Seynt Vinsent və Qrenadin ilə beynəlxalq əməkdaşlığının yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı Seynt Vinsent və Qrenadinin BMT-də Azərbaycana verdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalvesin Azərbaycana səfəri zamanı ölkələrimiz arasında əlaqələrin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın bazasının yaradıldığını qeyd etdi. Dövlətimizin başçısı ikitərəfli əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı.
Senio Elvin Lyuis Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalvesin salamlarını dövlətimizin başçısına çatdırdı. O, paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi. Ölkəsinin Azərbaycan ilə əməkdaşlığı genişləndirmək arzusunda olduğunu deyən səfir diplomatik fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirdi.
Dövlət başçısı Baş nazir Ralf Qonzalvesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Seynt Vinsent və Qrenadinin Baş nazirinə çatdırmağı xahiş etdi.