Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

08 sentyabr 2010, 19:31

Azərbaycan Respublikasında vətəndaşların rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilsin:

1.1. Aylıq müavinətlər:
1.1.1. Yaşa görə müavinət - 50 manat;
1.1.2. Əlillik "ümumi xəstəlik", "hərbi xidmət dövründə xəstələnmə", "əmək zədəsi və peşə xəstəliyi", "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar", "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" səbəbindən baş verdikdə əlilliyə görə müavinət:
I qrup əlillərə - 55 manat
II qrup əlillərə - 40 manat
III qrup əlillərə - 35 manat;
1.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 55 manat;
1.1.4. ailə başçısını itirməyə görə müavinət - 45 manat;
1.1.5. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət - 30 manat;
1.1.6. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - 50 manat;
1.1.7. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - 35 manat;
1.1.8. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - 30 manat.
1.2. Birdəfəlik müavinətlər:
1.2.1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət - 160 manat;
1.2.2. uşağın anadan olmasına görə müavinət - 75 manat;
1.2.3. dəfn üçün müavinət - 100 manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. "Sosial müavinətlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 avqust tarixli 820 nömrəli Fərmanı (3-cü və 4-cü bəndləri istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.

4. Bu Fərman 2010-cu il sentyabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 sentyabr 2010-cu il. 

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50