2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclasında İlham Əliyevin giriş nitqi
02 fevral 2013, 19:35
- Bu gün biz Avropa Oyunlarının Təşkilat Komitəsinin birinci iclasını keçiririk. Bildiyiniz kimi, keçən ilin sonunda – dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Avropanın idman-olimpiya ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləmişdir.
Bu, böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranmışdır və ondan sonra Avropa qitəsində də bərpa edilmişdir. Ancaq bu günə qədər Avropa Oyunları keçirilməmişdir. İlk oyunların Bakıda keçirilməsi əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur. Yanvarın 17-də Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılmışdır və bu gün biz Təşkilat Komitəsinin birinci toplantısını keçiririk.
Bu tarixi qərarın qəbul edilməsində əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynamışdır. Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilmişdir. Baxmayaraq ki, biz cəmi 21 ildir müstəqil dövlət kimi yaşayırıq, bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır. Bizim beynəlxalq nüfuzumuzun yüksək səviyyədə olmasını, eyni zamanda, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz də təsdiqləyir. Bu da tarixi bir qərar idi. Müstəqilliyimizin 20-ci ildönümünə təsadüf edən bu tarixi qərar əslində 20 il ərzində görülən işlərin təzahürü idi. Bu gün Azərbaycan dünya birliyinin bir nömrəli qurumunun üzvüdür və keçən ilin may ayında BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir.
Əlbəttə ki, beynəlxalq mövqelərimizin möhkəmlənməsi və təsir imkanlarımızın genişləndirilməsi sayəsində ölkəmizin gələcək maraqları daha dolğun şəkildə təmin ediləcəkdir. Şübhəsiz ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında verilmiş qərarın əsasında məhz bu amil dayanmışdır. Bununla bərabər, ölkəmizin dinamik iqtisadi inkişafı əlbəttə ki, öz rolunu oynamışdır. Hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və bütün beynəlxalq mötəbər qurumlar bunu təsdiqləyir. Keçən il dünyanın aparıcı “Fitch”, “Moody's” və “Standard & Poor's” reytinq agentlikləri ölkəmizin kredit reytinqini artırmışlar. Baxmayaraq ki, bəzi inkişaf etmiş ölkələrin reytinqi aşağı salınmış, bizim reytinqimiz qaldırılmışdır.
Bu yaxınlarda mən Davosda Ümumdünya İqtisadi Forumunda iştirak etmişəm. Deyə bilərəm ki, Azərbaycan və ölkəmizdə gedən proseslər orada diqqət mərkəzində idi. Bu Forum, bildiyiniz kimi, dünyanın siyasi və iqtisadi elitasını cəmləşdirir. Çox sevindirici hal ondan ibarətdir ki, Azərbaycan haqqında dünya ictimaiyyətində, dünya siyasi və iqtisadi elita nümayəndələri arasında çox müsbət imic, müsbət rəy vardır. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı MDB məkanında rəqabət qabiliyyətliliyinə görə birinci, dünya miqyasında isə 46-cı yerdədir. Yəni, bu amillər də əlbəttə ki, oyunların Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsində öz rolunu oynamışdır.
İqtisadiyyatımız son doqquz il ərzində üç dəfə artmış və bu gün iqtisadiyyat şaxələndirilmiş, dayanıqlı iqtisadiyyatdır. İqtisadi inkişafın genişləndirilməsi üçün çox gözəl imkanlar vardır. Eyni zamanda, əlbəttə ki, maliyyə resurslarımız da kifayət qədər böyükdür, çoxdur və bu amil də oyunların Bakıda keçirilməsini şərtləndirdi.
Digər səbəblər də vardır. Ölkəmizdə son illər ərzində yaradılmış idman infrastrukturu dünya səviyyəsinə, dünya standartlarına cavab verir. Hazırda tikilmiş və tikilməkdə olan obyektlər, idman qurğuları bizə imkan verəcəkdir ki, oyunları yüksək səviyyədə keçirək. Çünki hesab edirəm ki, əsas idman qurğuları oyunların keçirilməsinə imkan yaradacaqdır. Əgər əlavə bir idman obyektinin tikilməsinə ehtiyac yaranarsa, biz bunu 2015-ci ilə qədər həll edəcəyik.
Bu oyunların Bakıda keçirilməsi əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənir. Biz bu dəstəyi əvvəlki dövrdə də hiss etmişik. Çünki bildiyiniz kimi, Azərbaycan iki dəfə öz namizədliyini Yay Olimpiya Oyunlarının keçirilməsi üçün vermişdir. O zaman rəy sorğuları keçirilmiş və müəyyən edilmişdir ki, Azərbaycan əhalisi Olimpiya Oyunlarının Bakıda keçirilməsini arzulayır, dəstəkləyir və bu amil də çox mühüm rol oynayır.
Şəhər infrastrukturu müasirləşir. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Həm gözəlliyi, həm tarixi siması, həm də müasirliyi ilə fərqlənir. Şəhər infrastrukturunun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək və biz Bakını bundan sonra da inkişaf etdirəcəyik, daha da gözəlləşdirəcəyik.
Bizim artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsində gözəl təcrübəmiz vardır. Azərbaycanda mütəmadi qaydada dünya, Avropa çempionatları keçirilmişdir. Keçən il ilk dəfə olaraq futbol üzrə qızlar arasında dünya çempionatı yüksək səviyyədə keçirilmişdir. İki həftədən çox bir müddətdə bütün idmançılar və şəhərimizin qonaqları Azərbaycan xalqının qonaqpərvərliyini hiss etmiş və ölkəmizdə gedən sürətli inkişaf prosesini izləmişlər. FİFA və UEFA rəhbərliyi tərəfindən bu çempionatın keçirilməsinə və bizim təşkilatçılıq qabiliyyətimizə çox yüksək qiymət verilmişdir.
Yəni, biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ yeni standartlar tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir və hesab edirəm ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcəkdir.
Hesab edirəm ki, Avropa idman ailəsinin bizə göstərdiyi etimadın təməlində, eyni zamanda, idmançılarımızın uğurları da böyük rol oynamışdır. Çünki Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü göstərir. London Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə - 10 medal qazanmışdır və Avropa ölkələri arasında 15-ci yerə layiq görülmüşdür. Əlbəttə ki, idmançıların uğurlu çıxışları bu oyunların Bakıda keçirilməsinə müsbət təsir göstərmişdir.
Əlbəttə ki, digər amillər də öz rolunu oynamışdır. Ancaq əsas amillər bunlardan ibarətdir. İndi isə hazırlıq dövrü başlayır. Bu, çox məsuliyyətli bir dövr olacaqdır. Çünki Yay Olimpiya Oyunlarından fərqli olaraq bizim hazırlıq üçün cəmi iki il vaxtımız vardır. Çünki bildiyiniz kimi, Yay Olimpiya Oyunlarının hazırlığı üçün 6-7 il vaxt verilir. Yəni, bu ilin sentyabr ayında 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarının şəhəri müəyyən ediləcəkdir.
Yəni, o oyunları keçirəcək ölkə təqribən 6-7 il ərzində hazırlıq işləri görəcəkdir. Bizim isə hazırlıq işlərinin görülməsi üçün cəmi 2 il vaxtımız vardır. Bu, çox böyük məsuliyyətdir. Eyni zamanda, böyük inamdır, böyük şərəfdir. Mən əminəm ki, bütün müvafiq qurumlar bu oyunların yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəməyəcəklər və həmişə olduğu kimi, biz bu dəfə də ölkəmizin qüdrətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın dinamik inkişafını Avropaya və beləliklə, bütün dünyaya nümayiş etdirəcəyik.
Bayaq qeyd etdiyim kimi, oyunları yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsində həm dövlət qurumlarının nümayəndələri, Milli Olimpiya Komitəsinin üzvləri, idmançılar, ictimai sahədə fəaliyyət göstərən insanlar cəmləşib. Təşkilat Komitəsinə isə Mehriban Əliyeva sədrlik edir. Deyə bilərəm ki, Mehriban Əliyeva, eyni zamanda, keçən il “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə rəhbərlik etmişdir. Ümumi rəyə görə, “Eurovision” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirilmişdir və bəlkə də “Eurovision” müsabiqəsinin tarixində belə gözəl müsabiqə keçirilməmişdir. Bütün təşkilati məsələlər öz həllini tapmışdır, qonaqlar həm şəhərimizin gözəlliyi ilə tanış olmuşlar, eyni zamanda, özlərini çox rahat hiss etmişlər. Çünki həm insanların qonaqpərvərliyi, eyni zamanda, şəhərimizdə hökm sürən asayiş, sabitlik öz rolunu oynamışdır. Əminəm ki, Avropa Olimpiya Komitəsinin bizə göstərdiyi etimadı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yüksək səviyyədə doğruldacaq və bu oyunlar Olimpiya Oyunlarının tarixində sadəcə, birinci Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl oyunlar kimi qalacaqdır.