Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin yekun nitqi

07 oktyabr 2013, 15:20
Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin yekun nitqi

- Bu gün bu toplantıda səslənən rəqəmlər bir daha onu göstərir ki, Azərbaycanın iqtisadi inkişafı çox uğurludur. Ölkəmizdə öz həllini tapan sosial məsələlər insanların rifah halının yaxşılaşmasına da xidmət göstərir. İqtisadi islahatların aparılması əlbəttə ki, sosial vəziyyətin yaxşılaşmasına da xidmət edir. Bu belə də olmalıdır. Azərbaycanda iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması bizi fərqləndirən cəhətdir.

Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün güclü iqtisadi əsaslar olmalıdır və bu əsasları yaradırıq. Ölkə iqtisadiyyatını inkişaf etdiririk. Bütün təşəbbüslər - investisiyalarla bağlı olan təşəbbüslər, yeni sənaye komplekslərinin yaradılması ilə əlaqədar proqramlar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın.

Mən çox şadam ki, son illər ərzində bu istiqamətdə çox böyük işlər görülmüşdür. Elə etməliyik ki, bu müsbət dinamikanı bundan sonra da qoruya bilək. Mən hesab edirəm ki, biz buna nail olacağıq. Bu günə qədər görülmüş bütün işlər deməyə əsas verir ki, biz gələcəkdə də inkişafımıza uğurla davam edəcəyik.

Bu ilin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərə gəldikdə, ilin sonuna cəmi üç aydan az vaxt qalır. Əminəm ki, bütün proqramlar artıqlaması ilə icra ediləcəkdir. 2013-cü ili də biz uğurla başa vuracağıq. İlin sonuna qədər Dövlət İnvestisiya Proqramı tam şəkildə icra edilməlidir. Əminəm ki, burada heç bir problem olmayacaqdır. Çünki investisiya portfelimiz kifayət qədər böyükdür. Giriş sözümdə dediyim kimi, doqquz ayda 17,7 milyard dollar investisiya qoyulmuşdur. Bu proses davam etdirilir. Elə etməliyik ki, Dövlət İnvestisiya Proqramının icrasında heç bir yubanma olmasın.

Bu il maaşlar və pensiyalar, sosial ödəmələr artırılmışdır. Sovet dövründən qalan əmanətlər tam şəkildə qaytarılmışdır. Ancaq buna baxmayaraq, inflyasiya 2,3 faiz səviyyəsindədir. Bu, Azərbaycanda uğurla aparılan makroiqtisadi siyasətin təzahürüdür. Çalışmalıyıq ki, ilin sonuna qədər inflyasiyanı bu səviyyədə saxlayaq. Dünya miqyasında inflyasiyanın səviyyəsinə görə Azərbaycan qabaqcıl ölkələrin sırasındadır. Bu sahədə düşünülmüş siyasətin uğuru ona görə önəmlidir ki, Azərbaycanda çox böyük sosial və infrastruktur layihələri icra edilir.

İndi bəzi ölkələri bürümüş böhran iş yerlərinin ixtisarına gətirib çıxarır. İnfrastruktur layihələri demək olar ki, dayanmışdır. İnvestisiyalar böyük dərəcədə azalmışdır. Belə olan halda inflyasiyanı məqbul səviyyədə saxlamaq əlbəttə ki, daha da asandır. Amma Azərbaycanda sosial proqramlar həll edilir. Sosial infrastruktur layihələri icra edilir. Maaşlar, pensiyalar, sosial ödəmələr artırılır. Böyük həcmli infrastruktura investisiya qoyulur. İnflyasiyanı biz cəmi 2,3 faiz səviyyəsində saxlayırıq. Bu, doğrudan da böyük nailiyyətdir.

Növbəti illərdə də makro-iqtisadi sabitlik daim diqqət mərkəzində olmalıdır. Biz süni qiymət artımına yol verməməliyik. Hesab edirəm ki, Azərbaycanda artıq qiymətlərə və istehlak bazarına nəzarət daha da yaxşı səviyyədə təmin edilir. Bu daimi proses olmalıdır. Burada nəzarət, əlbəttə ki, iqtisadi amillər, sahibkarlığın inkişafı və sahibkarların məsuliyyəti məsələləri çox böyük məna daşıyır. Makroiqtisadi sabitliyin qorunması gələcəkdə də imkan verəcəkdir ki, biz iqtisadi inkişafımıza uğurla davam edək.

Bu il ikinci regional inkişaf proqramı başa çatır. Bu proqramların qəbul edilməsi bölgələrdə mövcud vəziyyətin yaxşılaşdırılmasında müstəsna rol oynamışdır. İş yerlərinin açılması, yeni sənaye müəssisələrinin yaradılması, bölgələrdə infrastruktur layihələrinin icrası, o cümlədən sosial infrastrukturun yaradılması bir neçə ciddi məsələnin həllinə gətirib çıxarmışdır. Bölgələrdə iş yerləri açıldı. Bölgələr canlandı. Bölgələrdən böyük şəhərlərə, xüsusilə Bakıya miqrasiya meylləri bir qədər azaldı. Əlbəttə ki, ölkəmizin hərtərəfli inkişafı təmin edildi. Çünki Azərbaycan əhalisinin əksəriyyəti bölgələrdə yaşayır. Bölgələrdə normal şəraitin yaradılması bizim üçün daim prioritet məsələ olaraq qalır. İki dövlət proqramının icrası da hesab edirəm ki, bu sahədə atılmış ən ciddi addım olmuşdur.

Gələn il üçüncü dövlət proqramı qəbul edilməlidir. Bu proqram da dəqiq, konkret olmalıdır. Orada kəndbəkənd bütün məsələlər öz əksini tapmalıdır. Biz artıq yaxşı bilirik ki, hansı bölgədə, hansı rayonda, hansı kənddə hansı problem vardır. Nəzərə alsaq ki, bizim maliyyə, iqtisadi gücümüz artacaqdır, o problemlərin həlli də mümkün olacaqdır. Siyasi iradə həmişə olduğu kimi, yerindədir. Biz növbəti beş il ərzində bölgələrdə mövcud olan bütün sosial və iqtisadi məsələləri həll etməliyik. Əminəm ki, biz buna nail olacağıq.

İnfrastruktur layihələri, su layihələri indi uğurla icra edilir. Bir çox rayonlarda, şəhərlərdə içməli su, kanalizasiya layihələri artıq başa çatmışdır. Digər rayonlarda da bu layihələr icra edilir. Qazlaşdırma, elektrik xətlərinin, kənd yollarının çəkilişi, suvarma məsələlərinin həlli demək olar ki, bölgələri canlandırdı. Bölgələrdə bu gün vəziyyət çox müsbətdir.

Eyni zamanda, bildiyiniz kimi, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı da icra edilir. Proqram qısamüddətlidir, iki ili əhatə edir. Bu ilin sonunda başa çatır. Deyə bilərəm ki, iki il ərzində Bakı qəsəbələrində çox böyük işlər görülmüşdür. Görüləsi işlər hələ çoxdur. Biz gələn il bu proqramı yəqin ki, davam etdirəcəyik. Çünki məktəb tikintisi, içməli su xətlərinin çəkilişi hələ davam etməlidir.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi olmalıdır. Bu sahədə deyə bilərəm ki, yaxşı nəticələrimiz vardır.

Bu yaxınlarda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni binasının açılışı zamanı dediyim fikirləri bir daha qeyd etmək istəyirəm. Korrupsiya Azərbaycanda olmamalıdır. Bu sosial bəlanı biz aradan götürməliyik. Korrupsiya sosial-ədalət prinsiplərini pozur, cəmiyyətin uğurlu inkişafını əngəlləyir. Cəmiyyətin səyləri, dövlət siyasəti sayəsində biz korrupsiyaya qarşı daha da ciddi mübarizə aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə Azərbaycan bu göstəriciyə görə də dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır.

Korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün əsas şərt siyasi iradənin mövcudluğudur və siyasi iradə vardır. Bizim qəbul etdiyimiz qərarlar, qanunvericilikdə əldə edilmiş irəliləyiş, yeni qanunların qəbul edilməsi və elektron xidmətlərin inkişafı, sistem xarakterli tədbirlər artıq hesab edirəm ki, bu sahədə ciddi dönüşün yaranmasına gətirib çıxarmışdır.

Korrupsiya indeksini təhlil edən beynəlxalq qurumlar da Azərbaycanda keçirilən sorğularda cəmiyyətdə bu məsələyə bağlı münasibəti öyrənərək yəqin etmişlər ki, korrupsiyaya qarşı mübarizə məsələlərində dövlətin siyasəti cəmiyyətdə dəstəklənir, təqdirlə qarşılanır. Bu, əminəm ki, gələcəkdə də belə olacaqdır. Çünki bizim siyasi iradəmiz çox güclüdür. Cəmiyyətdə də korrupsiyaya qarşı mübarizədə çox güclü meyllər vardır. Elə etməliyik ki, Azərbaycan qeyd etdiyim kimi, bu sahədə də qabaqcıl ölkələrin sırasında olsun.

Son illərdə Azərbaycanda və ümumiyyətlə, dünyada elektron xidmətlərin inkişafı bizə böyük dəstəkdir və biz Azərbaycanda ən mütərəqqi təcrübəni tətbiq edirik. İnkişaf etmiş ölkələrdə olan təcrübə təqdirəlayiqdir. Biz o təcrübəni Azərbaycanda tətbiq etməliyik. Eyni zamanda, biz bu sahədə öz təşəbbüslərimizi də irəli sürürük. “ASAN xidmət”in yaranması və qısa müddət ərzində cəmiyyətdə böyük rəğbət qazanması bizim siyasi iradəmizin təzahürüdür, eyni zamanda, Azərbaycanın bu sahədə innovasiyalara nə qədər hazır olduğunu göstərir. Cəmi doqquz ay ərzində beş yüz mindən artıq vətəndaş “ASAN xidmət”ə müraciət etmişdir. Növbəti illərdə hər bir bölgədə “ASAN xidmət” yaradılacaqdır. Hələ ki, biz səyyar xidmətlər göstəririk.

Ancaq gələn ilin investisiya xərcləri arasında hər bir bölgədə ən azı bir “ASAN xidmət” mərkəzi yaradılmalıdır ki, biz insanlara bölgələrdə də mütəmadi qaydada xidmət göstərək.

Cəza tədbirləri, əlbəttə ki, hər bir ölkədə olduğu kimi, öz rolunu oynayır və oynamalıdır. Ancaq hesab edirəm ki, bax, bu amillərin birləşməsi korrupsiyaya qarşı mübarizədə bizə kömək göstərəcəkdir. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı, Azərbaycanın dünyada dinamik, inkişafda olan, müasir ölkə kimi tanınması reallıqdır. Bu gün biz bir çox məsələlərdə nümunəyik. Korrupsiyaya qarşı mübarizədə də biz nümunə olmalıyıq, olacağıq.

Biz növbəti aylarda, ilin sonuna qədər elektroenergetika ilə bağlı əlavə tədbirləri görəcəyik. Çünki bu gün bizdə kifayət qədər enerji güclərimiz vardır. Ancaq bəzi rayonlarda, - mən rayonlarda olarkən bu məsələlərlə maraqlanıram, - ötürücü xətlər nasaz vəziyyətdədir. Bəzi hallarda onlar heç zəif küləyə də davam gətirmir. Külək əsən kimi o xətlər yerə düşür, elektrik kəsilir. Ona görə, müvafiq göstərişlər verilmişdir. Bu ilin sonuna qədər, xüsusilə də gələn il ən pis vəziyyətdə olan xətt təsərrüfatları yenilənməlidir. İndi işlər gedir. Bizdə kifayət qədər enerji gücü vardır. Ancaq enerji təsərrüfatı da yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu məsələ də öz həllini tezliklə tapacaqdır. Qeyd etməliyəm ki, son on il ərzində Azərbaycanda 14 elektrik stansiyası tikilmişdir. Burada biz həm ənənəvi enerji növlərindən istifadə edirik və eyni zamanda, Azərbaycanda alternativ enerji növləri də yaradılır.

Qazlaşdırma Azərbaycanda, təqribən 90 faizə yaxınlaşır. Son illərdə bütün şəhərlər qazlaşdırılıbdır. Bu da hesab edirəm ki, tarixi nailiyyətdir. Çünki heç sovet dövründə bizdə bütün rayonlar, şəhərlər qazlaşdırılmamışdı. Elə rayonlar var idi ki, orada heç vaxt qaz olmamışdır. İndi elə şəhər yoxdur ki, orada qaz olmasın. Kəndlərin əksəriyyətində qazlaşdırma işləri təşkil edilibdir. Ancaq hələ ki, qaz almayan kəndlər də vardır. Mən daim bu məsələlərə nəzarət edirəm. Əminəm ki, bir il, maksimum iki il ərzində əksər kəndlərimizə təbii qazın verilməsi təmin ediləcəkdir.

Neft hasilatı sabitləşib. Bu, müsbət haldır. Biz neft hasilatını bu səviyyədə saxlamalıyıq ki, uzun illər bundan sonra bu hasilat bu səviyyədə olsun. Qaz hasilatı isə Azərbaycanda artır və artacaqdır. Çünki həm daxili resurslar hesabına yeni quyular qazılır, eyni zamanda, xarici tərəfdaşlar böyük investisiyalar qoyur. Qeyd etdiyim kimi, Azərbaycan qazı artıq Avropada öz rolunu oynayacaqdır. Avropanın enerji təhlükəsizliyi məsələləri, o cümlədən Azərbaycan qazı hesabına təmin ediləcəkdir. TANAP və TAP layihələrinin icrası nəticəsində Azərbaycan dünyada böyük qaz ölkəsi kimi özünü göstərəcəkdir.

Sənayeləşdirmə ilə bağlı məsələlər öz həllini tapır. Mən giriş sözümdə qeyd etdim ki, Kimya Sənaye Parkının təməli qoyuldu. Bu tarixi hadisədir. Ancaq indi elə etməliyik ki, biz bu parkı qısa müddət ərzində tam şəkildə işə sala bilək. Kimya Sənaye Parkının rezidentləri bu şirkətlər olmalıdırlar ki, onların fəaliyyəti ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır. Onların fəaliyyəti nəticəsində idxaldan asılılıq azalacaqdır və qoyacaqları investisiyalar böyük həcmlərlə ölçüləcəkdir. Beləliklə, biz qısa müddət ərzində bax, indi bu birinci mərhələ üçün ayrılan sahəni təmin edəcək və orada onlarla yeni müəssisə yaranacaqdır. Bu sənaye parkının və ondan əvvəl yaradılmış Sumqayıt texnoparkının fəaliyyəti nəticəsində biz çox böyük sənaye potensialına malik olacağıq. Hər sahədə olduğu kimi, biz bu sahədə də idxaldan asılılığımızı azaltmalıyıq və məhsullarımızla yeni bazarlara çıxmalıyıq. Əlbəttə ki, orada istehsal olunacaq məhsul istənilən ölkəyə ixrac edilə bilər.

Biz ilin sonuna qədər və ondan sonrakı dövrdə xarici investisiyalarımızı da artırmalıyıq. Bu gün Azərbaycan dünyada investor ölkə kimi tanınır və biz xarici maliyyə qurumlarına donor kimi vəsait ayırırıq. Eyni zamanda, böyük həcmdə investisiyaların qoyuluşu təmin edilir. İnvestisiya portfelimiz də, investisiyaların coğrafiyası da genişlənir. Azərbaycan investisiyaları bu gün Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Fransa, Böyük Britaniya, Rumıniya, Yunanıstan və digər ölkələrə böyük həcmlərlə qoyulur. Onların içində əlbəttə ki, ən böyük investisiya Türkiyəyə qoyulacaqdır. On yeddi milyard dollar Azərbaycan sərmayəsi Türkiyənin iqtisadiyyatına qoyulacaqdır və bu göstəriciyə görə Azərbaycan ən böyük investor olacaqdır. İnvestisiya portfelimiz elə bölünməlidir ki, biz özümüzü risklərdən maksimum dərəcədə qoruyaq. Eyni zamanda, investisiya qoyacağımız ölkələrlə də bizim ikitərəfli münasibətlər daha da yüksək pilləyə qalxmalıdır. Çünki bu gün dünyada iqtisadi və maliyyə böhranı davam edir, baxmayaraq ki, 5 il keçibdir. Hələ bilinmir bu böhran nə vaxt başa çatacaqdır.

Dünyada xarici investisiyalara çox böyük tələbat vardır. Bu sahədə Azərbaycan çox dəqiq, düşünülmüş və müdrik siyasət aparır. Əlbəttə, ilk növbədə biz investisiyaları ölkə daxilində qoyuruq, qoyacağıq və növbəti ilin dövlət investisiya proqramı kifayət qədər geniş olacaqdır. Biz, bizə lazım olan sahələri inkişaf etdirmək üçün xarici investisiyalara da açığıq və bu investisiyalar da qoyulur. Özümüz xarici ölkələrə investisiya qoyuruq. Yəni, bu proseslər bir-birini əvəzləmir, ziddiyyət təşkil etmir. Bu, iqtisadi siyasətin təzahürüdür. Azərbaycanda iqtisadi sahədə çox dəqiq, düşünülmüş siyasət aparılır.

Nəqliyyat sektorunda ilin sonuna qədər işlər davam etdiriləcəkdir. Bizim hazırda icra edilən iki böyük nəqliyyat layihəsi vardır. Bakı-Tbilisi-Qars dəmir yolu ki, tikintisi gedir. Ümid edirəm ki, yaxın zamanlarda başa çatacaqdır. Müəyyən səbəblərə görə bir qədər yubanmışdır. Ancaq indi artıq bütün işlər yolundadır, yaxın zamanlarda icra edilməlidir. İkinci böyük layihə Ələt Dəniz Ticarəti Limanıdır. Bu limanın da 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu da Xəzər dənizində ən böyük ticarət limanı olacaqdır. Beləliklə, Azərbaycan bu bölgənin nəqliyyat mərkəzi kimi öz imkanlarını genişləndirəcəkdir. Artıq Azərbaycan bölgənin, regionun logistika və nəqliyyat mərkəzidir. Son 10 il ərzində Azərbaycanda 7 aeroport tikilmiş və yenidən qurulmuşdur. Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin, yeni infrastrukturun, zolaqların tikintisi davam edir. Bu aeroport dünya miqyasında ən rahat və ən gözəl aeroportlardan biri olacaqdır. Dəmir yolları təmir olunur, avtomobil yolları tikilir. Son 10 il ərzində 10 min kilometrə yaxın avtomobil yolları tikilmişdir.

Ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər də daim diqqət mərkəzindədir. Burada artıq deyildi, kənd təsərrüfatı inkişaf edir, iri fermer təsərrüfatları yaradılır və orada məhsuldarlıq orta səviyyədən 2 dəfə çoxdur. Biz iri fermer təsərrüfatlarının inkişafı ilə növbəti illərdə də məşğul olacağıq. Bu il Taxtakörpü Su Anbarının və gələn il isə Şəmkirçay Su Anbarının istifadəyə verilməsi bizə əlavə 250 min hektar torpaqda suvarmanın yaxşılaşmasına və yenidən dövriyyəyə buraxılmasına imkan yaradacaqdır.

Əlbəttə, indidən yeni dövriyyəyə buraxılacaq suvarılan torpaqlarda hansı işlərin görülməsi ilə bağlı konkret təkliflər olmalıdır. Aydındır ki, fermerlər özləri müəyyən edirlər nəyi əkəcəklər. Ancaq biz dövlət subsidiyaları ilə, dövlət tərəfindən göstərilən güzəştlərlə, təşviq mexanizmləri ilə fermerləri lazım olan istiqamətlərə yönəldə bilərik ki, əsas məhsulları 100 faiz Azərbaycanda istehsal edək. Biz bu vəzifəyə, bu məqsədə yaxınlaşırıq. Bəzi pozisiyalar üzrə artıq yüz faiz, yaxud da ki, yüz faizə çox yaxınıq və harada ki, idxaldan asılılıq var, bu asılılıq tamamilə aradan götürülməlidir.

Son illər Azərbaycanda demoqrafik vəziyyət də çox müsbət olmuşdur. Bizdə demoqrafik vəziyyətin yaxşı olması ən böyük üstünlüklərdən, ən böyük nəticələrdən biridir. Bu müsbət dinamika davam etdikcə Azərbaycan daha da güclənəcəkdir. Son on ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Heç bir başqa ölkədə son on il ərzində buna oxşar nəticə müşahidə olunmamışdır. Bu, bizim nailiyyətimizdir. Son on ildə bu ili nəzərə almaq şərti ilə 150 milyard dollar investisiya qoyulmuşdur. Ancaq sabit olan ölkələrə bu qədər investisiya qoyulur. Ancaq gələcəyi proqnozlaşdırıla biləcək ölkələrə bu qədər investisiya qoyulur.

Bizim valyuta ehtiyatlarımız son on il ərzində təqribən 30 dəfə artmışdır. Bu, nəyi göstərir? Biz valyuta ehtiyatlarımızı artırırıq, qoruyuruq. Biz bu məsələlərə çox böyük həssaslıqla yanaşırıq. Bu sahə tam şəffaf olduğu üçün burada ictimai nəzarətin aparılmasına kifayət qədər imkanlar vardır. Çünki Dövlət Neft Fondunun gəlirləri, xərcləri dərc edilir, büdcəyə transfer olanda müzakirə olunur. Mərkəzi Bankın valyuta ehtiyatları da sirr deyil, açıq məlumatdır. Yəni, biz bu sahədə tam şəffaflıq təmin etmişik və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki Azərbaycan vətəndaşları bilməlidirlər ki, ölkənin maliyyə vəziyyəti necədir və dövlət, hökumət öz resurslarını necə qoruyur. Mən deyə bilərəm ki, bu əmanət Azərbaycanda ən yüksək səviyyədə qorunur. Biz valyuta ehtiyatlarımızı növbəti illərdə də artıracağıq.

Son on ildə büdcə xərcləri təxminən 20 dəfə artmışdır. İyirmi dəfəyə yaxın artan büdcə imkan verdi ki, biz böyük işlərə nail olaq.

Son on il ərzində bir milyon iki yüz mindən çox iş yeri açılmışdır ki, onlardan 910 mini daimi iş yeridir. Nəticə etibarilə işsizlik ilin sonuna qədər olan proqnoza görə, 4,8 faizə düşəcəkdir. Yoxsulluq on ildə təxminən on dəfə azalmışdır və 6 faizdən azdır.

Azərbaycanda xarici dövlət borcu cəmi 7-8 faizdir. Son illərdə dəfələrlə pensiya, maaş artmışdır, - pensiya təxminən 10 dəfə, maaş təxminən 6 dəfə, müdafiə xərcləri 20 dəfədən çox.

Son on il ərzində, daha da az bir vaxtda Azərbaycanda müdafiə sənayesi yaradılmışdır ki, bu sənaye heç vaxt Azərbaycanda olmamışdır. Son 7-8 il ərzində onlarla hərbi təyinatlı zavod yaradılmışdır. Hazırda Azərbaycanda 750 adda hərbi təyinatlı məhsul istehsal edilir. Artıq yerli istehsalın yaradılması bu sahədə də asılılığın böyük dərəcədə aşağı salınması deməkdir. Bu gün Azərbaycan hətta silahları ixrac edə bilər və edir.

Son on il ərzində Azərbaycanda 2708 məktəb tikilib və təmir edilib, 500-ə yaxın tibb ocağı tikilib ya təmir edilib, 35 Olimpiya İdman Kompleksi tikilib və indi onların ümumi sayı 40-a yaxındır.

Bu illər ərzində biz enerji siyasətimizdə tarixi nailiyyətlərə çatdıq. Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2007-ci ildə istismara verilmişdir. Bu kəmərlər olmasa idi, indi bizim iqtisadi və siyasi vəziyyətimiz tam başqa ola bilərdi. Bunlar böyük siyasi iradə tələb edən layihələrdir. Bu layihələr Azərbaycanın bu gününü, uğurlu gələcəyini təmin edən layihələrdir. Biz tarixdə ilk dəfə olaraq Xəzər dənizinin neft-qaz resurslarını dünya bazarlarına çıxara bildik. Bizim dünya bazarlarına bilavasitə çıxışımız yoxdur. Biz bu çıxışı əldə etmək üçün mütləq kəmərlər tikməli idik. Bu kəmərlər çox çətin geosiyasi vəziyyətdə, böyük zəhmət, cəsarət hesabına, ulu öndərin neft strategiyasının icrası nəticəsində çəkildi. Biz son on il ərzində bu strategiyanın təmin edilməsində böyük uğurlara imza atdıq.

Bu layihələr özlüyündə yeni layihələrin icrasına gətirib çıxarmışdır. Əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə tikilib istifadəyə verilməsə idi, indi o enerji dəhlizi olmayacaqdı. Enerji dəhlizi olmasa idi, heç kim Azərbaycanın qaz yataqlarına vəsait, investisiya qoymazdı.

Bu iki tarixi layihənin icrası nəticəsində biz yeni enerji dəhlizini yarada bildik. Biz yaratdıq onu, Azərbaycan yaratdı, tərəfdaşlarla, dost ölkələrlə birlikdə. Ancaq bu, bizim təşəbbüsümüz idi. Əsas maliyyə yükü də əlbəttə ki, Azərbaycanın üzərinə düşür.

Ondan sonrakı illərdə bu kəmərlərin səmərəli fəaliyyəti nəticəsində yeni layihələr üzə çıxdı və Azərbaycan keçən il TANAP layihəsinin icrasına dair Türkiyə ilə müqavilə bağlamışdır. Bu da tarixi layihədir. TANAP layihəsi tarixi əhəmiyyətə malik olan layihədir. O layihədən bir il keçməmiş Trans-Adriatik boru kəməri layihəsi haqqında saziş bağlandı - TAP layihəsi. Yəni, bu, bizi Avropaya böyük qazla çıxarmaq üçün tikiləcək bir layihədir. Bundan sonra “Şahdəniz-2” layihəsi ilə bağlı kontraktlar imzalandı. Azərbaycanda böyük qazma qurğuları, platformalar tikilir ki, vaxtilə bizim belə imkanlarımız yox idi.

Bu, özlüyündə Azərbaycana növbəti illərdə on milyardlarla dollar səviyyəsində xarici sərmayənin cəlb edilməsinə gətirib çıxaracaqdır. İndi bizim özəl sektorumuz bu sərmayələrə daha hazırlıqlıdır. Çünki 1990-cı illərin əvvəllərində daha çox kontraktlar xarici şirkətlərlə bağlanırdı. İndi bizim güclü texniki imkanlarımız, peşəkar şirkətlərimiz vardır. Kontraktların böyük əksəriyyəti Azərbaycan şirkətləri tərəfindən icra ediləcəkdir. Görün, bizim sahibkarlar nə qədər fayda götürəcəklər, ölkə iqtisadiyyatına nə qədər sərmayə gələcəkdir. Yəni, enerji sahəsində son on il ərzində görülən işlər tarixi işlərdir. Bunu heç kim inkar edə bilməz. Bu, bizim böyük nailiyyətimizdir, böyük uğurumuzdur.

Bununla bərabər, digər sektorların inkişafı təmin edilmişdir. Biz bu illərdə kosmik sənayeyə malik olan ölkələrin klubuna daxil olduq. Bu gün Azərbaycanın öz peyki vardır. “Azərspace - 1” peykimiz vardır ki, artıq Azərbaycan xalqına və dövlətinə xidmət göstərir. Bu da tarixi nailiyyətdir. Bu peykin adı “Azərspace – 1”dir. Yəni, o deməkdir ki, “Azərspace – 2” də, 3 də olacaq və bu sənaye də Azərbaycanda inkişaf edəcəkdir.

Biz bu illərdə xarici siyasətlə bağlı ən böyük nailiyyətlərə çata bildik və 155 ölkənin dəstəyi ilə iki il bundan əvvəl BMT Təhlükəsizlik Şurasına üzv seçildik. İki il ərzində Təhlükəsizlik Şurasında özümüzü ləyaqətlə, cəsarətlə apardıq, hər bir məsələ ilə bağlı öz mövqeyimizi ifadə etdik. Hesab edirəm ki, bu gün BMT-də bizə olan dəstək daha da artıb, daha da çox ölkə Azərbaycanı etibarlı tərəfdaş və dost ölkə kimi tanıyır. Hazırda - oktyabr ayında biz BMT Təhlükəsizlik Şurasına sədrlik edirik. Azərbaycan hansı ki, cəmi 20 il real müstəqillik dövründə yaşayır, bu illər ərzində dünyanın bir nömrəli qurumu olan Təhlükəsizlik Şurasına üzv olub və indi orada sədrlik edir. Bu, hər bir vətəndaşın qəlbini qürurla doldurur. Biz haqlı olaraq fəxr edirik ki, ölkəmiz belə böyük uğurlara imza atır.

Bu illərdə bizim şəhərlərimiz abadlaşıb, gözəlləşib. Bu illərdə Bakı artıq dünyanın ən gözəl şəhərlərindən biri kimi tanınır. Bakı doğrudan da, dünyanın ən rahat, ən gözəl şəhərlərindən biridir. Paytaxtımız ölkəmizdə gedən bu quruculuğun, inkişafın, abadlaşmanın simasıdır və Azərbaycanın uğurlu inkişafını təcəssüm etdirir.

On il ərzində görülən işlər haqqında danışmaq üçün bir neçə saat, bəlkə də bir neçə gün lazım olacaqdır. Mən sadəcə olaraq əsas məqamları səsləndirdim. Bir neçə gündən sonra prezident seçkiləri keçiriləcəkdir. Əminəm ki, seçkilər ədalətli, şəffaf keçiriləcəkdir. Azərbaycan xalqının iradəsi seçkilərdə tam şəkildə öz əksini tapacaqdır.

Sağ olun. 

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06