Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin giriş nitqi

07 oktyabr 2013, 15:10
Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin giriş nitqi

- Nazirlər Kabinetinin bugünkü toplantısında biz ilin doqquz ayının sosial və iqtisadi yekunlarını müzakirə edəcəyik. Eyni zamanda, ilin sonuna qədər görüləcək işlər haqqında danışacağıq.

Deyə bilərəm ki, doqquz ay çox uğurlu keçdi, qarşımızda duran bütün vəzifələr icra edildi. Azərbaycan iqtisadiyyatı bu il uğurla inkişaf edir və bu dinamik inkişaf əminəm ki, gələcək illərdə də özünü göstərəcəkdir. Çünki bu günə qədər aparılan islahatlar və əldə edilmiş nəticələr deməyə əsas verir ki, bundan sonra da Azərbaycanın uğurlu inkişafı təmin ediləcəkdir. Bütün makroiqtisadi göstəricilər yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 5,4 faiz artmışdır. Hesab edirəm ki, indiki zəmanədə xüsusilə dünyada hələ də davam edən böhran şəraitində bu, kifayət qədər yüksək göstəricidir və bizə imkan verir ki, biz öz investisiya proqramlarımızı da uğurla icra edək. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz artır, yüksək templərlə artır və ilin əvvəlindən bu günə qədər bu yüksək templər qorunur. Qeyri-neft sektorumuz doqquz ayda 10,4 faiz artmışdır və hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricidir. Eyni zamanda, Azərbaycanda aparılan islahatlar bax, bu nəticəyə gətirib çıxarmışdır. Çünki iqtisadiyyatımızın neft-qaz amilindən asılılığı ildən-ilə daha da azalır və beləliklə, iqtisadiyyatımızın şaxələndirilməsi məsələləri də öz həllini tapır.

Eyni zamanda, bu göstərici ona dəlalət edir ki, ölkə iqtisadiyyatı artıq bundan sonra da öz uğurlu inkişafını təmin edəcəkdir. Çünki hazırda qoyulan investisiyalar, yaradılan yeni iş yerləri, inkişaf üçün hazır olan yeni istiqamətlər, sənaye istehsalının yeni istiqamətləri əminəm ki, gələcək illərdə də qeyri-neft sektorunun yüksək templərlə inkişafını təmin edəcəkdir. Beləliklə, Azərbaycan iqtisadiyyatı neft-qaz amilindən asılılığını gələcəkdə tamamilə aradan götürəcəkdir. Eyni zamanda, əlbəttə ki, qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin nəticəsidir. Çünki mən bu məsələlərlə bağlı fikirlərimi mütəmadi qaydada bildirirəm və qeyd edirəm ki, iqtisadi sahədə əsas prioritet məsələ qeyri-neft sektorunun inkişafıdır. Biz buna da nail ola bilmişik və 10,4 faiz artım bunun gözəl göstəricisidir.

Sənaye istehsalında da artım vardır. Kənd təsərrüfatı təxminən 5 faiz artmışdır və burada da gələcək artım üçün gözəl potensial vardır. İnflyasiya cəmi 2,3 faiz təşkil edir. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri isə 7,6 faiz artmışdır. Yəni, son 10 il ərzində olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı bir neçə dəfə üstələyir və beləliklə, insanların rifah halının yaxşılaşdırılması üçün əlavə imkanlar yaranır.

Makroiqtisadi vəziyyət sabitdir və deyə bilərəm ki, bu parametrə görə Azərbaycan dünya miqyasında birinci onluqdadır. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 39-cu yerdədir. Bu, tarixi nəticədir, böyük qələbədir və dünya miqyasında ilk 40 ölkənin sıralarına daxil olmaq islahatların, düşünülmüş siyasətin, bizim uğurlarımızın nəticəsidir. Əlbəttə ki, bu, Azərbaycanı dünyada sürətlə və dinamik inkişaf edən ölkə kimi təqdim edir və Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsində də bizə kömək göstərəcəkdir.

İnvestisiyaların cəlb edilməsi prosesi gedir. İnvestisiya iqliminə görə Azərbaycan postsovet məkanında və regionda çox cəlbedici ölkədir. Xarici investisiyaların cəlb edilməsi nəticəsində biz 1990-cı illərin əvvəllərində çətin, ağır vəziyyətdən çıxa bilmişik. Bu gün isə xarici investorlar üçün daha da gözəl imkanlar vardır. Çünki ölkə inkişaf edir, infrastruktur yeniləşir, daxili bazarımız genişlənir və xarici bazarlara çıxışlarımız da yaradılır. Belə olan halda xaricdən investisiyaları cəlb etmək məsələləri gələcəkdə də prioritet olaraq qalacaqdır. Baxmayaraq ki, hazırda Azərbaycan artıq xarici investisiyalardan asılı deyil və investisiya portfelimizdə daha çox daxili investisiyalar öz yerini tapmışdır. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulmuşdur ki, onlardan 10,5 milyardı daxili investisiyalardır, 7,2 milyard isə xarici investorların vəsaitidir. Bu da Azərbaycan kimi ölkə üçün çox yüksək göstəricidir və əgər biz bu templəri ilin sonuna qədər saxlaya bilsək, bu il ölkə iqtisadiyyatına təqribən 25 milyard dollara yaxın investisiya qoyuluşu gözlənilir, ancaq bir il ərzində. Nəzərə alsaq ki, keçən il təqribən 20 milyard, ondan əvvəlki illərdə də 20 milyarda yaxın investisiya qoyulmuşdur, təsəvvür etmək çətin deyil ki, bu, ölkə iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyət daşıyan məsələlərdir. İnvestisiyaların cəlb edilməsi Azərbaycanda uzun illər hökm sürən sabitliyin nəticəsidir. Xarici və daxili investorlar ancaq sabit olan ölkələrdə investisiyalar qoyurlar. Azərbaycana qoyulan sərmayə də artıq çoxşaxəli sərmayədir. Əgər əvvəlki illərdə - 1990-cı illərdə daha çox neft-qaz sektoruna sərmayə qoyulurdusa, indi turizm, xidmət, yüksək texnologiyalar, sənaye parklarının yaradılması məsələlərinə daha böyük diqqət göstərilir. Beləliklə, Azərbaycana xarici və daxili investisiyaların qoyulması əminəm ki, ölkə iqtisadiyyatına daha da böyük təkan verəcəkdir.

Bizim valyuta ehtiyatlarımız il ərzində artmışdır. Bu da hesab edirəm ki, çox yaxşı nəticədir. Çünki bizim xərclərimiz də çoxdur, büdcə xərcləri də ildən-ilə artır. Mənim tərəfimdən qarşıya vəzifə qoyulmuşdur ki, valyuta ehtiyatlarımız ildən-ilə artırılmalıdır və biz bu hədəfə çatmışıq. İl ərzində valyuta ehtiyatlarımız artmışdır və hazırda 49,4 milyard dollar təşkil edir.

Bu da 9,4 milyon əhalisi olan ölkə üçün çox böyük göstəricidir. Adambaşına düşən valyuta ehtiyatlarına görə hesab edirəm ki, Azərbaycan dünya miqyasında ön sıralardadır və bu, düşünülmüş, ardıcıl siyasətin nəticəsidir. Biz əlbəttə ki, ölkə qarşısında duran vacib məsələlərin həlli üçün vəsait ayırırıq. İldən-ilə artan dövlət investisiya proqramı, xaricdən gələn investisiyalar, infrastruktur layihələrinə ayrılan vəsait bu məqsədi güdür.

Ancaq, eyni zamanda, biz öz vəsaitimizdən qənaətlə istifadə etməliyik və büdcəmizi elə tutmalıyıq ki, Azərbaycanda valyuta ehtiyatları daim artsın. Bu, bizim üçün həm təhlükəsizlik, iqtisadi və siyasi təhlükəsizlik məsələsidir, eyni zamanda, biz gələcək nəsillər haqqında da düşünməliyik və düşünürük. Gələcək nəsillər üçün elə güclü iqtisadiyyat qurub qoymalıyıq ki, Azərbaycanın gələcək inkişafı ilə bağlı heç bir problemi olmasın. Ona görə maliyyə sahəsində düşünülmüş, ölçülüb-biçilmiş addımlar və vəsaitdən qənaətlə istifadə etməyimiz strateji xarakter daşıyır. Bir daha demək istəyirəm ki, valyuta ehtiyatlarımızın artması Azərbaycanın həm dayanıqlı inkişafını təmin edir və eyni zamanda, xarici tərəfdaşlarla da münasibətlərimiz daha da yüksək səviyyəyə qalxır. Bu gün Azərbaycana istənilən həcmdə xarici maliyyə resurslarını cəlb etmək üçün heç bir problem yoxdur. Sadəcə olaraq biz xarici dövlət borcunu artırmamaq üçün bu sahədə də çox konservativ siyasət aparırıq və bu gün Azərbaycan dünya miqyasında bu göstəriciyə görə də ən qabaqcıl yerlərdədir.

Bizdə xarici borc ümumi daxili məhsulun cəmi 7-8 faizini təşkil edir. Bəzi inkişaf etmiş ölkələrdə bu, 100 faizə yaxındır. Harada bu, 70 faizdir, hesab olunur ki, o ölkədə maliyyə vəziyyəti yaxşıdır. Azərbaycanda isə 7-8 faizdir. Bu, o deməkdir ki, biz bu gün və gələcək üçün elə güclü əsaslar yaradırıq ki, Azərbaycan heç vaxt - nə bu gün, nə 10 ildən, 20 ildən sonra borc problemi ilə rastlaşmasın. Borc problemi çox ciddi problemdir. Bu gün bəzi inkişaf etmiş ölkələrdə baş verən hadisələr məhz o əsassız borcun nəticəsidir.

Bizdə isə dövlət borcu cəmi 7-8 faizdir. Ümumiyyətlə, biz istənilən vaxt bu borcu tamamilə qaytara bilərik. Sadəcə olaraq bəzi iqtisadi və maliyyə məsələləri hələ ki, bunu diktə etmir. Ancaq biz istənilən vaxt xarici dövlət borcumuzu da sıfıra endirə bilərik. Bax, budur bizim əsas iqtisadi parametrlərimiz ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edir. Əlbəttə ki, bütün bu iqtisadi və makroiqtisadi göstəricilər özlüyündə bir göstəricidir. Amma əsas məsələ ondadır ki, bu göstəricilər insanların gündəlik həyatına, ölkəmizin inkişafına, infrastruktur layihələrinin icrasına öz təsirini göstərir.

Əlbəttə ki, bizim güclü sosial siyasətimizin təməlində güclü iqtisadi siyasət dayanır. Biz bütün sosial proqramları icra edirik. Bu il maaşlar və pensiyalar artırılmışdır. Son 10 il ərzində maaşlar və pensiyalar dəfələrlə artırılmışdır. Bu il sovet vaxtından qalan əmanətlərin qaytarılması məsələləri də öz həllini tapmışdır. Azərbaycan dövləti sosial siyasət nümayiş etdirərək bu əmanətlərin qaytarılmasına da nail oldu. Yəni, sosial proqramların həlli daim diqqət mərkəzindədir.
Sosial infrastrukturun yaradılması da uğurla təmin edilir. Bu il 200-ə yaxın məktəb əsaslı təmir edilib, yaxud da yenidən tikilib. Bütün digər sosial obyektlər yeniləşir, müasirləşir. Azərbaycan sosial siyasətin aparılmasında da nümunə ola bilər. Bir daha demək istəyirəm ki, bu proqramın, bu siyasətin təməlində güclü iqtisadi amillər dayanır.

Biz regionların inkişafı ilə bağlı bütün hədəflərə nail ola bilmişik. Bu il ikinci regional inkişaf proqramı başa çatır. Bu proqram artıqlaması ilə icra edilibdir. Təkcə bu ilin 9 ayında 90 minə yaxın yeni iş yeri açılmışdır. Bütövlükdə isə son 10 il ərzində 1 milyon 200 mindən çox yeni iş yeri açılmışdır ki, bu da işsizliyin azaldılmasına gətirib çıxarmışdır. Son məlumata görə Azərbaycanda işsizlik 5 faizdən aşağıdır. İşsizliklə bilavasitə bağlı olan yoxsulluq da aşağı düşür. İlin sonuna hələ iki ay vaxt qalır, ancaq indidən demək olar ki, Azərbaycanda bu ilin yekunlarına görə yoxsulluq 6 faizdən az olacaqdır. Yəni, biz son 10 il ərzində bu istiqamətdə də uğurlar əldə etmişik, yoxsulluğu ardıcıllıqla aşağı salmışıq. Əvvəlki illərdə qeyd etdiyim kimi, Azərbaycanda yoxsulluq kimi sosial problem olmamalıdır. Azərbaycanda insanlar daha da yaxşı yaşamalıdır. Bunu təmin etmək üçün sosial proqramlar əlbəttə ki, icra edilir.

Biznes mühitinin yaxşılaşdırılması istiqamətində də çox ciddi addımlar atılır. Dövlət tərəfindən sahibkarlara böyük güzəştlərlə kreditlər ayrılır. Kənd təsərrüfatının inkişafı üçün çox böyük güzəştlərlə kreditlər ayrılır və infrastruktur layihələri icra edilir. İri fermer təsərrüfatlarının fəaliyyəti üçün dövlət öz üzərinə böyük vəzifələr götürmüşdür. Suvarma ilə bağlı məsələlər, meliorasiya məsələləri – bütün bunlar sahibkarlığa dəstək və təkan verən addımlardır. İqtisadi və sosial məsələlərin kompleks şəkildə həlli əlbəttə ki, ölkə iqtisadiyyatının inkişafını şərtləndirir. Beləliklə, növbəti illərdə əminəm ki, biz bu müsbət dinamikanı qoruyub saxlaya biləcəyik.

Sosial məsələlərin arasında köçkünlərin problemləri xüsusi yer tutur. Biz artıq neçə ildir ki, hər il ən azı 20 min köçkünü evlərlə, mənzillərlə təmin edirik. Yeni gözəl qəsəbələr, şəhərciklər tikilir və bu proses davam etdirilir. Növbəti illərdə də bu proqramlar Dövlət Neft Fondunun vəsaiti hesabına davam etdiriləcəkdir.

Regional vəziyyətlə, regionda baş verən hadisələrlə bağlı Azərbaycanın çox ciddi mövqeyi, müstəqil yanaşması vardır. Biz daim müstəqil mövqe nümayiş etdiririk. Bizim mövqeyimiz beynəlxalq hüquqa, ədalətə söykənir. Bu yanaşma deyə bilərəm ki, dünyada da dostlarımızın sayını artırır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əfsuslar olsun ki, son aylar ərzində heç bir irəliləyiş yoxdur. Ancaq biz bu aylar və əvvəlki illər ərzində Azərbaycanı böyük dərəcədə gücləndirə bilmişik. Bu gün Ermənistan ilə Azərbaycan arasındakı fərq dərinləşir, böyüyür. Azərbaycan dinamik inkişaf edən güclü dövlətdir, Ermənistan isə ildən-ilə zəifləyən və yoxsullaşan bir ölkədir. Son hadisələr bir daha onu göstərdi ki, Ermənistan öz hesabına yaşaya bilmir, asılı vəziyyətdədir. Artıq Ermənistanın yüksək vəzifəli şəxsləri də etiraf etməyə məcbur olmuşlar ki, Ermənistan öz təhlükəsizliyini özü təmin edə bilmir. Bu, əslində iflasın etirafıdır. Bu, əslində məğlubiyyətin etirafıdır.

Çünki əgər bir ölkə 22 ildir müstəqil ölkə kimi özünü təqdim etməyə çalışır, etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, o ölkə müstəqil ölkə kimi yaşaya bilməz. Sadəcə olaraq, buna vaxt lazımdır və əminəm ki, regionda gedən proseslər, güclənən Azərbaycan, tamamilə dəyişən güclər nisbəti bizi məqsədimizə çatdıracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Mənim şübhəm yoxdur ki, belə də olacaqdır. Sadəcə, biz siyasətimizi bundan sonra da davam etdirməliyik. Bizim siyasətimiz həm tarixi ədalətə söykənir, eyni zamanda beynəlxalq hüquq normaları da bizim mövqeyimizi müdafiə edir.

İqtisadi sahədə biz Ermənistandan ən azı 10 dəfə güclüyük. Hərbi sahədə də üstünlüyü əldə edə bilmişik. Sadəcə olaraq, geosiyasi vəziyyət və bölgədə gedən proseslər hələ ki, bizi sülh danışıqlarına sövq edir. Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaqdır və Ermənistan çox ciddi təhlil apararaq, real vəziyyəti dərk edərək ona aid olmayan torpaqlardan çəkiləcək və beləliklə, qan tökülmədən Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.

Ancaq biz onu da bilirik ki, dünyada beynəlxalq hüquq normaları bir çox hallarda kobudcasına pozulur, onlara məhəl qoyulmur, ikili standartlar mövcuddur. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri saatlar içərisində icra edilir. Bizim məsələdə isə 20 ildən artıqdır ki, bu qətnamələr qəbul edilib, amma icra edilmir və heç kim də Ermənistanı məcbur etmir ki, o qətnamələr icra edilsin. Burada əlbəttə ki, biz yenə də ikili standartlarla üzləşirik. Artıq bu, sirr deyildir.

Bizim üçün çoxdan sirr deyildir. Əminəm ki, Azərbaycan xalqı da bu məsələləri yaxşı dərk edir və anlayır ki, ikili standartlar, bəzi hallarda Azərbaycana qərəzli münasibət, Ermənistana əsassız xoş münasibət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində ən böyük əngəldir. Ancaq biz öz səylərimizi davam etdirəcəyik. Biz daha da güclü olmalıyıq. Həm diplomatiyada, siyasətdə, iqtisadi, regional təşəbbüslərdə biz Ermənistanı bundan sonra da təcrid vəziyyətində saxlamalıyıq və saxlayacağıq. Ermənistanda depopulyasiya sürətlə baş alıb gedir. Hər il 80-90 min əhali azalır və belə getsə 5-10 ildən sonra bir milyondan az əhali olacaqdır və demoqrafiya özü bir çox məsələləri həll edəcəkdir.

Bizdə isə demoqrafik vəziyyət çox müsbətdir. Əhali artır. Özü də əhalimizin əksəriyyəti gənclərdir, çox fəaldırlar. Beləliklə, münaqişənin həlli qaçılmazdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağda, Şuşada, Xankəndidə, işğal edilmiş digər torpaqlarda Azərbaycan bayrağı qaldırılacaqdır.

Əvvəlki çıxışlarımda qeyd etdiyim kimi, azərbaycanlılar nəinki işğal edilmiş torpaqlarda, bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bu, bizim suveren hüququmuzdur. Soydaşlarımız nəinki Dağlıq Qarabağdan, tarixi torpağımız olan İrəvandan, Zəngəzurdan, Göyçədən də zorla çıxarılıbdır, deportasiya edilibdir, 1940-1950-ci illərdə, ondan sonra 1980-ci illərdə. Bu, böyük ədalətsizlikdir. Biz o torpaqlara da qayıdacağıq, mütləq qayıdacağıq. Gənc nəsil o arzularla, o fikirlərlə yaşamalıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Ümumiyyətlə, xalqımıza məxsus olan bütün tarixi torpaqlarımızda azərbaycanlılar yaşayacaqlar, yaşamalıdırlar. Bunu etmək üçün biz indidən öz siyasətimizi aparırıq.

Ona görə regionda gedən proseslərdə güclənən Azərbaycan artıq beynəlxalq amilə çevrilibdir. Ümid edirəm ki, bu, Ermənistan rəhbərliyinə çox ciddi siqnal olacaqdır ki, münaqişənin tezliklə həlli, o cümlədən onların da xeyrinədir.

Xarici siyasətlə bağlı olan digər məsələlər uğurla həll edilir. İl ərzində mənim çoxsaylı təmaslarım, həmkarlarımla görüşlərim bir daha göstərir ki, Azərbaycanın dünyada dostlarının, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır və Azərbaycan dünyada çox etibarlı tərəfdaş kimi tanınır. Keçən rübdə yüksək səviyyəli dövlət və hökumət nümayəndələrinin səfərləri bir daha Azərbaycanın xarici siyasətlə bağlı uğurlu addımlarının təzahürüdür. Keçən rübdə İtaliyanın Baş nazirinin Azərbaycana uğurlu səfəri olmuşdur. İtaliya Avropanın, dünyanın aparıcı ölkələrindən biridir. Bizi çox gözəl münasibətlər bağlayır. Tarixdə ilk dəfə İtaliyanın Baş naziri Azərbaycana səfər etmişdir. Səfərin nəticələri çox müsbət olmuşdur. Ondan bir neçə gün sonra Rusiyanın Prezidenti Azərbaycana səfər etmişdir. O səfər də çox uğurlu idi.

Bu səfərin də Rusiya-Azərbaycan strateji əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyəti var idi. Bütün məsələlərlə bağlı əldə edilmiş razılaşmalar gələcəkdə də Rusiya-Azərbaycan əlaqələrinin uğurla inkişaf etməsini təmin edəcəkdir.

Əminəm ki, həm siyasi, həm iqtisadi sahədə bundan sonra da gözəl nəticələr olacaqdır. Ondan bir neçə gün sonra Azərbaycanda Türkdilli Dövlətlərin Zirvə görüşü keçirilmişdir. Türkiyə, Qazaxıstan, Qırğızıstan prezidentləri Azərbaycana gəlmişlər. Yəni, bütün bu səfərlər təxminən bir həftə -10 gün ərzində baş vermişdir. Bu, əslində bir göstəricidir. Çünki həm Avropa ilə, həm qonşularımızla, həm türkdilli dövlətlərlə bizim çox sıx, qarşılıqlı hörmət və etimad əsasında qurulmuş münasibətlərimiz vardır. Bu münasibətlərin bundan sonra da inkişafı şübhə doğurmur.

Bir daha demək istəyirəm ki, Azərbaycanın bütün xarici tərəfdaşlarla münasibətləri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı maraqlar üzərində qurulub. Hesab edirəm ki, müstəqillik dövründə bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də nümunə ola bilər. Biz öz milli maraqlarımızı müdafiə edirik, necə lazımdır müdafiə edirik.

Eyni zamanda, biz bütün ölkələrlə əməkdaşlığa açığıq. Bizim xarici siyasətlə bağlı yanaşmamız əməkdaşlıq üzərində qurulubdur. Biz heç bir ölkənin daxili işinə qarışmırıq. Görəndə ki, kimsə bizim daxili işimizə qarışmaq istəyir əlbəttə ki, buna kəskin reaksiya verilir və biz buna da imkan vermirik. Son on ilin təcrübəsi göstərir ki, belə səylər əbəsdir. Əgər əvvəllər kimsə hesab edirdi ki, Azərbaycana təzyiq etmək, hansısa məsələlərin həllində təsir etmək olar, hesab edirəm ki, indi ölkələrin, xarici, beynəlxalq qurumların əksəriyyəti dərk edir ki, bizimlə diktat dili ilə danışmaq mümkün deyildir. Adekvat reaksiya olacaqdır və ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. Heç kimdən asılı, heç kimin qarşısında gözükölgəli deyil, öz yolu ilə, müstəqillik, inkişaf yolu ilə gedir və bundan sonra da gedəcəkdir. Hər bir ölkə ilə münasibətləri biz bax bu əsaslar üzərində qururuq. Hesab edirəm ki, bu sahədə də qeyd etdiyim kimi, bizim təcrübəmiz bəzi ölkələr üçün çox maraqlı ola bilər.

Doqquz ayda biz digər sahələrdə də uğurlu siyasətimizi aparmışıq. Enerji siyasətində çox önəmli hadisələr baş vermişdir. Bu il Trans-Adriatik qaz kəməri layihəsinə start verilmişdir. Bu layihənin icrası tarixi məsələ olacaqdır. Bu, tarixi layihə olacaqdır. Keçən il Türkiyə ilə Azərbaycan arasında TANAP layihəsinin imzalanması artıq bax bu imkanları yaratdı və bütün qapılar açılmışdır. Bu gün Azərbaycanın təbii resurslarının Avropa və dünya bazarlarına çıxarılması üçün yeni imkanlar yaranır. Trans-Adriatik boru kəməri - TAP hesab edirəm ki, tarixi layihə olacaqdır və Azərbaycana imkan verəcəkdir ki, onilliklər bundan sonra da öz təbii resurslarını əmniyyətli yollarla dünya və Avropa bazarlarına çıxarsın.

Bu yaxınlarda “Şahdəniz-2” layihəsinin fəaliyyəti ilə bağlı qaz kontraktları da imzalanmışdır. Bizim tərəfdaşlarımız, ixrac istiqamətlərimiz artıq müəyyən edilib. Enerji siyasətində də biz öz yolumuzdan dönməmişik, öz siyasətimizi aparmışıq. Elə bir vəziyyət yaratmışıq ki, bu layihələr Azərbaycan xalqına bundan sonra ən azı 100 il xidmət edəcəkdir. Bax, bizim gələcəyə baxışlarımız bundan ibarətdir. Biz 30 il, 50 il, 100 il bundan qabağa baxmalıyıq, Azərbaycanın inkişafını proqnozlaşdırmalıyıq, bölgədə gedən prosesləri düzgün təhlil etməli və düzgün qərarlar qəbul etməliyik və edirik.

Enerji siyasətimizlə bağlı məsələlər nəinki ölkəmiz və regionumuz üçün, dünya üçün əhəmiyyətli məsələlərdir. Azərbaycanın mövqeyindən, Azərbaycanda, Bakıda qəbul edilmiş qərarlardan çox şey asılıdır. Bunu biz də bilirik, bu məsələlərlə bağlı bizimlə əməkdaşlıq edən qurumlar da bilir. Belə olan halda əlbəttə ki, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmamaq prinsipi daha da böyük üstünlük təşkil etməlidir.

Bu il sənayeləşmə ilə bağlı çox ciddi addımlar atılmışdır. Mən bu məsələlərlə bağlı əvvəllər də öz fikirlərimi bildirmişdim. Biz bütün işləri ardıcıllıqla görürdük ki, Azərbaycanda güclü qeyri-neft sənaye kompleksi yaradılsın. Bu il çox əlamətdar bir neçə layihə artıq reallaşmışdır. Beləliklə, Azərbaycanın uğurlu sənaye inkişafı da əminəm ki, bundan sonrakı illərdə özünü göstərəcəkdir. Yeni iş yerlərinin açılması və qeyri-neft ixracının artırılması məsələləri də öz həllini tapacaqdır. Bu yaxınlarda Taxtakörpü su anbarı və Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan su kanalları istifadəyə verilmişdir. Bu, böyük tarixi nailiyyətdir. Biz dağlar arasında süni göl yaratmışıq və müqayisə üçün demək istəyirəm o göl Ceyranbatan gölündən təxminən iki dəfə böyükdür. Suvarma, meliorasiya, kənd təsərrüfatının inkişafı, vətəndaşlarımızın içməli su ilə təminatı böyük dərəcədə yaxşılaşacaqdır. Eyni zamanda, Bakıda gəmiqayırma zavodu istifadəyə verilmişdir. Bu da tarixi nailiyyətdir, çünki bizdə gəmi təmiri zavodları olub, gəmiqayırma zavodu heç vaxt olmayıb. Bu zavod ən müasir texnologiyalar əsasında qurulubdur. Bütün növ gəmiləri istehsal edəcək və beləliklə, xaricdən gəmilərin alınmasına ehtiyac azalacaqdır. Tamamilə aradan götürüləcək demirəm, çünki bizim ehtiyacımız zavodun istehsal gücündən daha da artıqdır. Ancaq əksər məsələlər Azərbaycanda həll olunacaqdır. Bir neçə gün bundan əvvəl Sumqayıtda Kimya Sənaye Parkının təməlini qoyduq. Bu da tarixi hadisədir. Ekoloji cəhətdən təmiz, yəni, bütün çirklənmədən təmizlənmiş təxminən 200 hektar ərazidə yeni sənaye şəhərciyi yaradılacaqdır. Minlərlə, on minlərlə iş yeri açılacaqdır. Yeni müəssisələr, təqribən qırxa yaxın böyük müəssisə yaradılacaqdır. On milyardlarla ölçülən investisiya qoyulacaqdır. Orada istehsal olunacaq məhsul da milyardlarla ölçüləcəkdir. Qeyri-neft sənayemizin və ölkə iqtisadiyyatının inkişafı üçün bunun çox böyük əhəmiyyəti vardır.

Sadəcə olaraq mən bir neçə layihəni qeyd etdim. Bu layihələr kifayət qədər çoxdur. Ancaq bu layihələrin icrası onu göstərir ki, biz istədiyimizə nail ola bilmişik. Son on il ərzində sənayeləşmə ilə bağlı siyasət bax, bu nəticələrə gətirib çıxarmışdır. Əminəm ki, ilin sonuna qədər və ondan sonrakı illərdə bütün bu müsbət meyllər güclənəcək, Azərbaycanın uğurlu inkişafı davam edəcəkdir.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06