Əziz dostlar, bu gün tarixi bir gündür. Bakıda, Ələt qəsəbəsində yeni Beynəlxalq Dəniz Ticarət Limanının təməl daşını qoyuruq. Bu gözəl hadisə münasibətilə hamınızı ürəkdən təbrik edirəm. Əminəm ki, yaxın zamanlarda burada, bu boş ərazidə möhtəşəm, müasir, ən yüksək standartlara cavab verən ticarət limanı yaradılacaqdır.
Ticarət limanının yaradılması ilə bağlı işlər gedir. Layihələndirmə işləri görülmüş, yerin seçilməsi ilə bağlı tədqiqatlar aparılmışdır. Bütün bu işlər təqdimatda çox əyani şəkildə göstərilib. Bu yerin seçilməsi də təsadüfi xarakter daşımır. Həm dənizin bu hissəsindəki məqbul şərait, eyni zamanda, ərazinin bütün magistral avtomobil yolları ilə bağlı olması, əlbəttə ki, bu yerin seçilməsində xüsusi rol oynamışdır. Bakının bu bölgəsindən şimal, cənub və qərb istiqamətlərinə çox rahatlıqla avtomobil bağlantısı vardır və dəmir yolunun mövcudluğu, əlbəttə ki, bu yerin seçilməsində mühüm rol oynamışdır.
Bir sözlə, mən əminəm ki, yaxın zamanlarda, yəni, nəzərdə tutduğumuz vaxtda Xəzər dənizində böyük, əzəmətli və çox funksional yeni liman tikiləcəkdir. Buna böyük ehtiyac vardır. Çünki hazırkı Bakı Ticarət Limanı tələblərimizə cavab vermir. Bu liman şəhərin mərkəzində yerləşir və əlbəttə ki, sakinlər üçün problemlər yaradır. Nəzərə alsaq ki, hazırda Bakının bulvar hissəsinin genişləndirilməsi və uzadılması layihəsi işlənilir, limanın bu əraziyə köçürülməsi şəhər sakinlərinin gəzinti və istirahəti üçün yeni imkanların yaradılmasına gətirib çıxaracaqdır.
Digər tərəfdən, bugünkü Bakı Dəniz Ticarət Limanı keçən əsrin 30-cu illərində tikilmişdir və sonralar müəyyən mərhələlərdə rekonstruksiya işləri aparılmışdır. Ancaq hazırda Azərbaycanın nə indiki, nə də ki, gələcək inkişafının tələblərinə uyğun deyildir. Ona görə limanın bu ərazidə yaradılmasının əsas məqsədi Azərbaycanda nəqliyyatın təhlükəsizlik məsələlərini uğurla həll etmək, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirmək, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirmək və nəticədə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə şərait yaratmaqdır.
Digər tərəfdən, Azərbaycanda son illər bütün işlər dünya standartları səviyyəsində görülür. Biz bütün böyük investisiya layihələrinə çox ciddi yanaşırıq, böyük təhlillər aparılır, xarici mütəxəssislər cəlb olunur. Bu limanın layihələndirilməsində dünyanın tanınmış xarici şirkəti fəal iştirak etmişdir. Yəni, bizim yanaşmamız bundan ibarətdir ki, Azərbaycanda yaradılan bütün infrastruktur dünya standartlarına cavab verməlidir və uzunmüddətli əhəmiyyət daşımalıdır. Tikiləcək dəniz limanı onilliklər bundan sonra da Azərbaycana xidmət göstərəcək və beləliklə, iqtisadi gücümüzü artıracaqdır.
Mən çox şadam ki, dəniz ticarət limanının fəaliyyətə başlaması nəticəsində, eyni zamanda, birinci mərhələdə 1400, üçüncü mərhələdə 3 min Azərbaycan vətəndaşı işlə təmin olunacaqdır. Bu, özlüyündə böyük sosial məsələlərin həllinə gətirib çıxaracaqdır. Xüsusilə Ələt qəsəbəsində yaşayan vətəndaşlar burada işləyəcəklər, öz xidmətlərini göstərəcəklər. Bir sözlə, Bakının bu ucqar hissəsi inkişaf edəcək, burada sürətli canlanma prosesi başlanacaqdır.
Azərbaycanın coğrafi vəziyyəti belədir ki, biz bütün yolların kəsişməsində yerləşirik. Bu, bizim üstünlüyümüzdür.
Ancaq, sadəcə olaraq, əlverişli coğrafi vəziyyət hələ o demək deyil ki, bu və ya digər şəhər, yaxud da ölkə regional mərkəzə çevrilə bilər. Məhz infrastruktur layihələri, xüsusilə son illər ərzində nəqliyyat sektoruna qoyulan vəsait və aparılan işlər Bakını artıq nəqliyyat baxımından regional mərkəzə çeviribdir. Yeni limanın işə düşməsi nəticəsində əlbəttə ki, bu məsələlərdə rolumuz daha da artacaqdır. Nəzərə almalıyıq ki, tikiləcək liman dünya miqyasında mövcud olan ən böyük limanların sırasında özünəməxsus yer alacaq və beləliklə, Azərbaycan beynəlxalq aləmdə bu sahədə də özünü bir daha göstərəcəkdir.
Biz gələcəkdə Xəzər dənizində əməkdaşlığın dərinləşməsi və iqtisadi islahatların aparılması nəticəsində daha da fəal əməkdaşlıq gözləyirik. Xəzəryanı ölkələrdə iqtisadi inkişaf sürətlə gedir. Bu ölkələr, yəni qonşularımızla Azərbaycan arasında çox səmərəli dostluq münasibətləri mövcuddur. Bu ay Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü keçiriləcəkdir. Ümid edirəm ki, zirvə görüşünün nəticələri uğurlu olacaq və bütün ölkələr arasında əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcəkdir. Bu ölkələrin çox güclü iqtisadi və sənaye potensialı vardır. Xəzəryanı ölkələrdə təbii ehtiyatlar mövcuddur və enerji təhlükəsizliyi baxımından bu ölkələr dünya miqyasında əvəzolunmaz rol oynayır. Biz çalışırıq ki, enerji resurslarının işlənilməsi sahəsində əməkdaşlığımız daha da dərinləşsin.
Nəqliyyat infrastrukturu olmadan bu layihələrin həyata keçirilməsi mümkün deyildir, məhz ona görə biz öz coğrafi vəziyyətimizdən çox səmərəli istifadə etməliyik və edirik. Azərbaycanda güclü nəqliyyat infrastrukturu yaradılır. Bu gün artıq ölkəmizi üç qonşu dövlətlə bağlayan müasir avtomobil yolları tikilir, şimal və qərb istiqamətində bu işlər demək olar ki, tamamlanır. Bu magistral avtomobil yolları yaxın zamanlarda tam şəkildə istismara veriləcəkdir. Cənub istiqamətində işlər gedir və ümid edirəm ki, iki il ərzində cənub avtomobil yolu da yüksək standartlara uyğun olmaq şərti ilə istismara veriləcəkdir.
Azərbaycanda dəmir yolu nəqliyyatına böyük investisiyalar qoyulacaqdır, xüsusi proqram qəbul edilib. Bu günə qədər işlər yüksək səviyyədə aparılır, ancaq əsas işlər növbəti illərdə görüləcəkdir. Hava nəqliyyatına böyük investisiyalar qoyulubdur. Azərbaycanda dörd beynəlxalq aeroport fəaliyyət göstərir və bu aeroportların tikintisi son illər ərzində sürətlə getmişdir.
Azərbaycanda dəniz nəqliyyatı böyük tarixə və ənənələrə malikdir. Xəzər hövzəsində Azərbaycan dənizçiləri xüsusi fəaliyyətə malikdirlər və son illər ərzində tankerlər, quru yük gəmiləri alınmışdır. Beləliklə, Xəzərdə rolumuz artmaqdadır. Yəni, bütün nəqliyyat infrastrukturunun genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində çox fəal və böyük işlər görülmüşdür.
Bu məqsədlər üçün böyük investisiyalar qoyulmuşdur. Deyə bilərəm ki, investisiyaların böyük hissəsini Azərbaycan dövlətinin vəsaiti təşkil etmişdir. Eyni zamanda, biz beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edirik.
Azərbaycanın ümumi iqtisadi inkişafı və maliyyə ehtiyatları bizə imkan verir ki, xarici maliyyə qurumlarından istənilən məbləğdə maliyyə resurslarını ölkəmizə gətirək. Beləliklə, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımız daha da dərinləşir.
Hesab edirəm ki, biz hazırda bölgə və Avropa qitəsi üçün çox vacib olan dəmir yolu layihəsi üzərində fəal işləyirik. Bakı–Tbilisi-Qars dəmir yolu tikilir. Bu layihə bildiyiniz kimi, uzun illər ərzində müzakirə mövzusu idi. Fəqət, ciddi praktiki addımlar atılmamışdı. Ancaq son illərdə üç ölkənin birgə səyləri nəticəsində bu layihənin həyata keçirilməsi üçün praktiki addımlar atılmışdır, Azərbaycan öz tərəfindən maliyyə resurslarını cəlb etmişdir. Bu gün Bakı–Tbilisi-Qars dəmir yolu uğurla tikilir. Əminəm ki, vaxtilə bu layihədən kənarda qalan ölkələr o, həyata keçiriləndən sonra onun imkanlarından bəhrələnəcəklər.
Ən başlıcası bu layihə Azərbaycanın nəqliyyat imkanlarını böyük dərəcədə artıracaq, regional nəqliyyat mərkəzi kimi rolumuzu daha da gücləndirəcək, Avropanı Asiya ilə etibarlı və keyfiyyətli dəmir yolu ilə birləşdirəcəkdir. Yəni, bütün bu amillər bizə diktə edirdi ki, mütləq Azərbaycanda yeni, müasir dəniz ticarət limanı tikilməlidir. Görülən bu işlərin cədvəli və sürət templəri bir-biri ilə bağlıdır. Ümid edirəm ki, bu layihələr nəzərdə tutduğumuz vaxtda icra ediləcəkdir. Beləliklə, bölgədə nəqliyyat sahəsində tamamilə yeni vəziyyət yaranacaqdır. Bu vəziyyəti biz yaradırıq, praktiki addımlarımızla, düşünülmüş siyasətimizlə. Azərbaycanın artan iqtisadi imkanları bu reallıqları təşkil edir. Əgər maliyyə imkanlarımız olmasaydı, biz bu böyük layihələri heç vaxt icra edə bilməzdik. Bakı–Tbilisi-Qars dəmir yolu Azərbaycan tərəfindən böyük maliyyə dəstəyi almaqla icra edilir.
Bu möhtəşəm dəniz limanının tikintisinə 100 milyonlarla manat vəsait xərclənəcəkdir. Təqdimatda göstərildi ki, bu proses üç mərhələdən ibarət olacaqdır. Birinci mərhələnin başa çatması ilə bağlı bütün məsələlər nəzərə alınıb. Gələn ilin investisiya proqramında bunun üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bizim texniki imkanlarımız var və əminəm ki, bu işləri vaxtında görəcəyik. Beləliklə, bu liman 2014-cü ilə qədər fəaliyyətə başlayacaqdır. Birinci mərhələdə, təqdimatda göstərildiyi kimi, bu limandan 10 milyon ton əlavə yük keçəcəkdir. Gələcəkdə ehtiyac olarsa, limanın yükaşırma qabiliyyəti ən azı iki dəfə və bundan da çox arta bilər.
Mən hesab edirəm ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı, artan imkanlarımız və qonşu ölkələrdə nəzərdə tutulan layihələr bizə imkan verəcək ki, limanın tikintisində sadəcə olaraq birinci mərhələ ilə fəaliyyətimizi məhdudlaşdırmayaq. İkinci, üçüncü mərhələlər də olacaqdır. Ancaq əlbəttə ki, bunu təmin etmək üçün yüklərin həcmi daha da artmalıdır.
Xəzər dostluq, əməkdaşlıq dənizidir. Biz Xəzərdə fəaliyyətimizi bu nöqteyi-nəzərdən gerçəkləşdiririk. Əminəm ki, Xəzəryanı ölkələrin uğurlu inkişafı, eyni zamanda, bu bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcəkdir.
Bu gün doğrudan da çox əlamətdar bir gündür. Çünki biz bu gün çox böyük əhəmiyyətə malik olan layihənin başlanmasını qeyd edirik. Bu dəniz ticarət limanı əlbəttə ki, Azərbaycana xidmət edəcəkdir. Ancaq bir daha demək istəyirəm ki, bu limanın əhəmiyyəti təkcə bir ölkənin maraqları ilə ölçülmür. Bu liman əminəm ki, iqtisadi inkişafa böyük təkan verəcək, imkanlarımızı, Azərbaycanın etibarlı tərəfdaş kimi rolunu daha da artıracaq və onilliklər bundan sonra da xalqımıza xidmət edəcəkdir.
Biz vaxtilə enerji dəhlizinin açılması nəticəsində bölgədə əməkdaşlığın yeni mərhələsinə qədəm qoyduq. Bu gün Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəhəng enerji layihələri təkcə bizim üçün gəlir mənbəyi deyildir. Bu, eyni zamanda, regional əməkdaşlıq baxımından da çox böyük əhəmiyyət kəsb edir. Bu, yeni yolların, yeni xətlərin açılmasına gətirib çıxarıbdır və bir layihənin ardınca digər layihələr də həyata keçirilməyə başlanmışdır. Enerji dəhlizi açılandan sonra dərhal onun ardınca nəqliyyat dəhlizi də açılır. Beləliklə, Azərbaycanın həm enerji, həm nəqliyyat təhlükəsizliyi tam şəkildə təmin olunacaqdır.
Mən ümid edirəm ki, nəzərdə tutduğumuz bütün vəzifələr vaxtında və böyük keyfiyyətlə icra ediləcəkdir. Bir daha demək istəyirəm ki, biz bu layihəyə çox böyük diqqətlə, həssaslıqla yanaşmışıq. Bu gün Azərbaycanın tikinti sektorunda ölkə əhəmiyyətli böyük layihələrə ən müasir yanaşma tətbiq olunur. Tələsmədən, hər şey dəqiq ölçülüb-biçilir, tədqiqatlar aparılır, dünyanın aparıcı xarici mütəxəssisləri bu işlərə cəlb olunur və bütün işlər əsaslı görülür. Biz dünyada mövcud təcrübəni bilirik və öyrənirik. Ona görə mən heç şübhə etmirəm ki, burada yaradılacaq liman dünya səviyyəsində olacaq, bu gün fəaliyyət göstərən limanlar arasında öz gözəlliyi və funksional mahiyyəti ilə fərqlənəcəkdir.
Mən, əziz dostlar, bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, ölkə tarixində çox əhəmiyyətli hadisədir. Bu gün və 2014-cü ildə limanın istismara veriləcəyi gün Azərbaycan tarixinə yazılacaqdır. Biz və gələcək nəsillər bu gözəl işlərin nəticələrini görəcəyik. Azərbaycan daha da güclü dövlətə çevriləcəkdir, bizim bölgədəki mövqelərimiz daha da möhkəmlənəcək, regional əməkdaşlıq daha da sürətlə gedəcək və biz yeni qələbəni əldə edəcəyik. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Sağ olun.