Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında İlham Əliyevin nitqi

29 noyabr 2010, 14:31
Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında İlham Əliyevin nitqi

Hörmətli xanımlar və cənablar!

Hörmətli deputatlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün dördüncü çağırış Milli Məclis öz işinə başlayır. Bu münasibətlə sizin hamınızı təbrik edirəm, bütün deputatlara məhsuldar fəaliyyət arzulayıram.

Parlament seçkiləri Azərbaycanda demokratik inkişaf istiqamətində atılmış növbəti mühüm addımdır. Bildiyiniz kimi, seçkilər çox azad, ədalətli, şəffaf şəkildə, rəqabət şəraitində keçirildi. Bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdır və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirir. Mən əminəm ki, yeni tərkibdə Milli Məclis ölkəmizin gələcək inkişafı üçün dəyərli töhfələrini verəcək və Milli Məclis tərəfindən qəbul ediləcək qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl şərait yaradacaqdır. Ölkəmizdə demokratik proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycanda demokratiyanın inkişafı təmin edilir. Azərbaycanda hüquqi dövlət quruculuğu işində çox vacib işlər görülmüşdür. Demokratiya bizim şüurlu seçimimizdir. Azərbaycan müasir demokratik ölkə kimi uğurla inkişaf edir. Ölkədə bütün azadlıqlar təmin edilibdir. Söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, siyasi plüralizm təmin edilibdir. Ölkədə siyasi sistemin formalaşması işində çox vacib addımlar atılıbdır. Azərbaycanda siyasi mübarizə sivil qaydalarla tənzimlənir. Əminəm ki, yeni tərkibdə Milli Məclis bu gözəl ənənələrini daha da möhkəmləndirəcəkdir.

Azərbaycanda siyasi islahatların davam etdirilməsi üçün bütün imkanlar, siyasi iradə vardır. Biz mütərəqqi meyillərə çox müsbət yanaşırıq, Azərbaycanı müasir, güclü dövlət kimi görürük. Azərbaycanın inkişafı həm iqtisadi, həm siyasi islahatların paralel şəkildə aparılması istiqamətində mümkün olacaqdır. Biz istəyirik ki, ölkəmiz dünyanın inkişaf etmiş ölkələri sırasına daxil edilsin. Əlbəttə, bunu etmək üçün ölkədə bütün işlər müasir tələblərə uyğun şəkildə aparılmalıdır.

Ölkəmizdə son illər ərzində iqtisadi islahatlar da aparılmışdır. Azərbaycan iqtisadiyyatı artıq şaxələndirilmiş iqtisadiyyatdır. 2009-cu ilin iqtisadi və maliyyə böhranı bunu bir daha göstərdi. Böhrana baxmayaraq, Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bütün sosial məsələlər həllini tapmışdır, valyuta ehtiyatlarımız daha da artmışdır və Azərbaycan iqtisadiyyatı dayanıqlılığını sübut etmişdir. Biz elə etməliyik ki, əldə olunmuş uğurlarla kifayətlənməyək. Görüləsi işlər çoxdur. Biz iqtisadi sahədə sənayeləşmə prosesinin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi işləri ilə məşğuluq. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir və biz bunun gözəl nəticələrini görürük. Təkcə son 7 ilin statistikasına baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı haqqında hər kəsdə əyani təsəvvür yaransın.

Son 7 il ərzində Azərbaycanda maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmışdır. Yoxsulluq 4 dəfə azalmışdır, 900 minə qədər yeni iş yeri açılmışdır. Büdcə xərcləri 12 dəfə, hərbi xərclər təxminən 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artmışdır. Bütün sosial proqramlar uğurla icra edilir. Azərbaycanın uğurlu iqtisadi inkişafı üçün bütün lazımi tədbirlər görülür. Bu statistik göstəricilər özlüyündə görülmüş işlərin əyani sübutudur. Ancaq bir daha demək istəyirəm ki, əldə edilmiş uğurlar və xüsusilə iqtisadi və maliyyə böhranından şərəflə çıxmağımız bizi arxayınlaşdırmamalıdır. Biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Biz irəliyə baxmalıyıq. Beş ildən, on ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir?! Biz elə güclü iqtisadiyyat yaratmalıyıq ki, o iqtisadiyyat ölkəmizin uzunmüddətli inkişafını təmin etsin. Biz bu məsələlər üzərində çalışırıq.

Azərbaycan müasir, dünyəvi, güclü dövlət kimi özünü artıq bölgədə təsdiqləyib. Bölgədə gedən proseslər və tərəfimizdən irəli sürülmüş təşəbbüslər artıq konkret nəticələr verir. Biz regional əməkdaşlıq məsələlərinə çox böyük diqqətlə yanaşırıq və növbəti illərdə də bu, bizim üçün prioritet məsələ kimi qalacaqdır. Çünki biz bu bölgədə yaşayırıq və bölgədə gedən proseslərə təsir imkanlarımızın genişləndirilməsi, əlbəttə ki, milli maraqlarımıza tam uyğundur.

Bir sözlə, Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır və bir daha demək istəyirəm ki, diqqətimizi növbəti illərdə aparılacaq işlərə yönəltməliyik. İqtisadi sahədə bütün müsbət meyillər növbəti illərdə gücləndirilməlidir, regional inkişaf proqramının icrası təmin ediləcəkdir və buna şübhə yoxdur. 2004-2008-ci illəri əhatə edən regional inkişaf proqramı artıqlaması ilə icra edilib. Bu, bizə deməyə əsas verir ki, 2009-2013-cü illəri əhatə edən proqram da artıqlaması ilə icra ediləcəkdir. Bölgədə müşahidə olunan canlanma, əminəm ki, özünü daha da bariz şəkildə göstərəcək və beləliklə, biz ölkəmizin uğurlu iqtisadi inkişafının dinamikasına nail olacağıq.

Biz apardığımız xarici siyasətə sadiq olacağıq. Xarici siyasətimiz artıq dünya birliyində uğurlu siyasət kimi tanınır. Bizimlə ikitərəfli münasibətlərdə və dostluq münasibətlərində olan ölkələrin sayı artır. Bir sözlə, dostlarımızın sayı artır. Diplomatiyamız çox çevikdir, çox fəaldır və qarşılıqlı maraqlar üzərində, ölkələrin bir-birinə hörmət, bir-birinin işlərinə qarışmamaq prinsipləri əsasında qurulubdur. İkitərəfli əlaqələr genişlənir. Xarici ölkələrdə səfirliklərimizin sayı bir neçə dəfə artmışdır. Bu, bizə imkan verir ki, həm ölkəmizi dünyada daha da dolğun şəkildə tanıtdıraq, həm də ki, öz maraqlarımıza nail olaq, onları təmin edək.

Xarici siyasətdə qonşularla münasibətlərimiz prioritet məsələdir. Bu da təbiidir. Çünki qonşularımızla çox gözəl, faydalı əlaqələrimiz vardır. Bu əlaqələr böyük tarixə malikdir. Biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Mən çox şadam ki, tarixi əlaqələrlə bərabər, bu gün siyasi müstəvidə qonşu ölkələrlə heç bir problemimiz yoxdur. Bütün problemlər öz həllini tapıbdır və qonşu ölkələrlə münasibətlərimiz hesab edirəm ki, ən yüksək səviyyədədir. Gələcək fəaliyyətdə də bu istiqamətdəki addımlarımız məhz bir məqsədi güdəcək ki, qonşu dövlətlərlə həm ikitərəfli, həm çoxtərəfli formatda münasibətlərimiz daha da güclənsin.

Mən artıq regional əməkdaşlıq məsələləri haqqında fikirlərimi söylədim. Vaxtilə enerji, nəqliyyat dəhlizləri barədə tərəfimizdən irəli sürülmüş təşəbbüslər regional əməkdaşlığı gücləndirəcək amillər arasındadır. Bu dəhlizlər artıq reallıqdır. Bu reallıqları biz yaratmışıq. Bu işləri tərəfdaşlarımızla regional müstəvidə müştərək səylərlə davam etdirəcəyik. Azərbaycan bölgədə sülhün, təhlükəsizliyin, əməkdaşlığın dərinləşməsi və təmin edilməsi üçün səylərini qoymağa davam edəcəkdir.

Bütün başqa ölkələrlə əlaqələrimiz qarşılıqlı hörmət və qarşılıqlı maraqlar üzərində qurulur. Biz bu münasibətlərin dərinləşməsində maraqlıyıq. Biz beynəlxalq təşkilatlarda fəaliyyətimizi gücləndirəcəyik. Baxmayaraq ki, hazırda bu fəaliyyət kifayət qədər təsirlidir. Üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəliklər vaxtında yerinə yetirilir. Biz bu təşkilatlara könüllü şəkildə üzv olmuşuq və bu öhdəlikləri könüllü şəkildə üzərimizə götürmüşük. Belə olan halda əlbəttə ki, bu öhdəliklər yerinə yetirilməlidir. Ancaq biz çalışmalıyıq ki, üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda vahid meyarlar sistemi tətbiq olunsun, bütün ölkələrə eyni mövqedən yanaşılsın, heç bir ayrı-seçkilik olmasın. Bu istiqamətdə səylərimiz üzv olduğumuz təşkilatlarda öz nəticələrini verir. Elə təşkilatlar var ki, biz o təşkilatların üzvü deyilik, amma o təşkilatlarla səmərəli əməkdaşlıq edirik. O istiqamətdə də səylərimiz daha da gücləndirilməlidir. Azərbaycan etibarlı və yaxın tərəfdaş kimi bütün bu təşkilatlarda öz töhfəsini verir, sözünü deyir və deyəcəkdir.

Sosial sahədə qarşımızda duran vəzifələr əhalinin rifah halını yaxşılaşdırmaq, aztəminatlı təbəqənin sosial müdafiəsini gücləndirmək, yoxsulluğu bütövlükdə Azərbaycanda aradan qaldırmaqdır. Əgər bir neçə il bundan əvvəl bu cür fikirlər müəyyən inamsızlıqla üzləşirdisə, bu gün bu sahədə görülmüş işlər, əldə edilmiş uğurlar deməyə tam əsas verir ki, biz bu vəzifəyə nail olacağıq. Azərbaycanda yoxsullar olmamalıdır. Bu sosial bəla olmamalıdır. Buna nail olmaq üçün konkret proqramlarımız, düşünülmüş siyasət vardır. Son 7 il ərzində yoxsulluq səviyyəsinin 4 dəfə aşağı düşməsi görülən işlərin nəticələrinin təzahürüdür.

Biz növbəti illərdə bu məsələlərə həm maliyyə resurslarının istifadəsi, həm konkret sosial proqramların icrası, həm də iş yerlərinin açılması ilə nail olmalıyıq. Ünvanlı sosial yardım proqramı yüz minlərlə vətəndaşı əhatə edir. Bu da Azərbaycanın dövlət siyasətinin istiqamətlərini müəyyən edir və göstərir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. İqtisadiyyatımızın 85 faizi bazar iqtisadiyyatında, özəl sektorda formalaşır. Ancaq buna baxmayaraq, güclü sosial siyasətimiz vardır. Sosial siyasətdə heç bir geriləmə, geriyə addımlar olmayacaqdır. Nə üçün mən bunu deyirəm? Çünki keçən il və bu il dünyada hökm sürən böhran bəzi ölkələrdə xoşagəlməz hadisələrə gətirib çıxarıbdır. Bəzi ölkələr sosial ödəmələri kəsir, maaşların, pensiyaların miqdarını azaldırlar ki, böhrandan çıxsınlar. Azərbaycan da dünya iqtisadiyyatının bir parçası kimi böhrandan əziyyət çəkibdir. Amma biz çalışmışıq ki, vətəndaşlarımızı böhranın mənfi təsirindən qoruyaq. Azərbaycan postsovet məkanında nadir ölkələrdəndir ki, böhran zamanı milli valyutanın məzənnəsi sabit qaldı. Biz heç bir dəyişikliyə imkan vermədik. Azərbaycanda bütün sosial ödəmələr vaxtında verilir. Böhrana baxmayaraq, bu il minimum əməkhaqqının və pensiyanın baza hissəsi artırıldı. Halbuki Avropanın əksər ölkələrində pensiya və maaşların miqdarı azalır.

Yəni, növbəti illərdə bu sahədə çox işlər görülməlidir. Biz əlbəttə, böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın iqtisadiyyatı son 7 il ərzində təxminən üç dəfə artmışdır. Bu, doğrudan da dünya miqyasında nadir bir hadisədir. Ancaq onu da etiraf etməliyik ki, Azərbaycanda hələ də ehtiyac içində, çətin vəziyyətdə yaşayanlar, aztəminatlı ailələr vardır. Onların problemləri bizim problemimizdir. Biz onları həll edəcəyik. Bu problemi ancaq güclü iqtisadiyyat yaratmaqla həll etmək mümkündür.

Biz heç vaxt populist vədlər verməmişik. Heç vaxt qeyri-real təşəbbüslərə qoşulmamışıq. Heç vaxt borc götürüb onu sosial məsələnin həllinə yönəltmək cəhdlərində olmamışıq. Biz öz hesabımıza yaşayırıq. Bizim büdcəmiz, bütün iqtisadi və sosial siyasət daxili resurslara hesablanıbdır. Bütövlükdə ölkəmiz öz fəaliyyətini daxili resurslar üzərində qurur. Hesab edirəm ki, uğurlarımızın təməlində məhz bu amil dayanır. Çünki biz ancaq və ancaq Azərbaycan xalqının zəhmətinə, istedadına arxalanırıq. Beynəlxalq əlaqələr hər bir ölkə kimi bizim üçün də çox mühüm məna daşıyır. Biz çalışırıq ki, bu əlaqələri genişləndirək. Xüsusilə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımız çox uğurludur və artmaqdadır. Ancaq yaxşı bilirik ki, biz yalnız və yalnız daxili resurslarımız hesabına yaşamalıyıq. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik.

Nəzərə almalıyıq ki, bu gün iqtisadiyyatın qeyri-neft sektorunda çox müsbət meyillər müşahidə olunur. Hələ mən neft sektorunu qeyd etməmişəm. Bu sahə Azərbaycana böyük uğurlar, maliyyə resursları gətiribdir. Biz o resurslardan çox səmərəli şəkildə istifadə edirik. Yəni növbəti illərdə sosial məsələlərin həllinə daha da böyük diqqət göstəriləcəkdir. Elə etməliyik ki, hər bir vətəndaşa işləmək, normal yaşamaq üçün bütün şərait yaradılsın.

Mən növbəti illərdə iqtisadi, sosial və xarici siyasətlə bağlı əsas istiqamətləri və əsas fikirlərimi bildirdim. Mən bütövlükdə Azərbaycanın gələcəyinə çox böyük nikbinliklə baxıram. Çünki nikbinlik üçün əsas vardır. Azərbaycan artıq postsovet məkanında və bütövlükdə dünya xəritəsində özünəməxsus yerə malikdir. Biz müstəqil ölkəyik, sözün əsl mənasında müstəqilik. Azərbaycan xalqın iradəsi ilə idarə olunur və belə də olmalıdır. Biz çalışmalıyıq ki, maraqlarımızı maksimum dərəcədə təmin edək. Bunu etmək üçün bizdə bütün imkanlar vardır.

Ölkə qarşısında duran əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Biz bu istiqamətdə böyük səylər göstəririk ki, bu məsələ öz həllini tezliklə ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə tapsın. Bildiyiniz kimi, uzun illərdir ki, danışıqlar aparılır. On səkkiz ildir ki, Minsk qrupu fəaliyyət göstərir, ancaq heç bir nəticə yoxdur. Nəticə o zaman olacaq ki, Azərbaycan torpaqları işğalçılardan azad ediləcəkdir. Nəticə odur. Danışıqların fəallığı, yaxud da ki, müsbət istiqamətdə inkişafı nəticə sayıla bilməz. Biz nəticə görmək istəyirik. Biz istəyirik ki, məsələ beynəlxalq hüquq normaları əsasında həll olunsun, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilsin. Digər beynəlxalq təşkilatların – ATƏT, Avropa Parlamenti, Avropa Şurasının qərar və qətnamələri icra olunsun. Bu qərarlar və qətnamələr ona görə qəbul edilib ki, onlar icra olunmalıdır. Əgər onların icra mexanizmi yoxdursa, Ermənistan bu beynəlxalq hüquq normalarına məhəl qoymursa və beynəlxalq birlik öz növbəsində buna qarşı heç bir tədbir görmürsə, onda məsələ çətinləşə bilər.

Biz başa düşürük, bu gün Ermənistan çalışır ki, məsələni süni şəkildə uzatsın, özünü danışıqlarda konstruktiv tərəf kimi göstərsin. Ancaq həqiqət ondan ibarətdir ki, həlledici anlarda, həlledici məqamlarda Ermənistan daha əvvəl razılaşdırılmış məsələlərdən geri çəkilir, yenidən qeyri-real, qəbulu mümkün olmayan təkliflər irəli sürür. Beləliklə, danışıqlar prosesini müddətsiz və sonsuz etmək istəyir. Biz buna heç vaxt razı ola bilmərik. Biz danışıqları torpaqlarımızı azad etmək üçün aparırıq. Biz danışıqları Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi üçün aparırıq. Ümid edirik ki, bu məsələ ilə məşğul olan qurumlar, tərəflər, vasitəçilər nəhayət, öz kəskin sözünü deyəcəklər. Bunun vaxtı çoxdan çatıbdır. Əgər belə olmasa, onda bu danışıqların mənası tamamilə itəcəkdir. Danışıqlar nəticə üçün aparılır, sadəcə görüntü üçün deyildir. Ona görə, bir daha demək istəyirəm ki, mövqeyimizdə prioritet beynəlxalq hüquq normalarıdır, beynəlxalq təşkilatların qətnamələridir, Azərbaycanın haqq işidir və ədalətli yanaşmadır. Biz onu da bilirik ki, beynəlxalq aləm bəzi hallarda qanunlarla deyil, siyasi maraqlarla tənzimlənir. Ancaq siyasi maraqlar da bu məsələ ilə məşğul olan tərəfləri sövq etməlidir ki, məsələ tezliklə həllini tapsın. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə böyük təhlükədir. Bu, real təhlükədir. Bu münaqişə dondurulmuş münaqişə deyildir.

Biz başa düşürük, böyük dövlətlər istəyirlər ki, bu bölgədə sabitlik, sülh olsun, müharibə olmasın. Biz də bunu istəyirik. Kim istəyər ki, sabitlik pozulsun, yaxud da müharibə olsun. Ancaq bu o demək deyil ki, bu məsələ dırnaqarası dondurulmuş vəziyyətdə qalsın. Bu, mümkün deyildir. Bu gün bölgədə gedən proseslər, güclər nisbəti və əlbəttə, Azərbaycanın son illər ərzindəki uğurlu inkişafı imkan verməyəcək ki, bu status-kvo uzun müddət qalsın. Biz bununla heç vaxt razı ola bilmərik. Status-kvo dəyişdirilməlidir. Azərbaycan torpaqları azad olunmalıdır. Bizim vətəndaşlar doğma torpaqlarına qayıtmalıdırlar. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər. Helsinki Yekun Aktı da məhz bu yanaşmanı əks etdirir. Dünyada mövcud muxtariyyətlərlə bağlı olan müsbət təcrübə Azərbaycanda da tətbiq olunmalıdır.

Mən bir daha demək istəyirəm ki, Azərbaycan bu prinsipial mövqedən bir addım geri çəkilməyəcəkdir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıbdır və olmayacaqdır. Heç vaxt Azərbaycan dövləti onun əzəli torpağı olan Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir. Bu, mümkün deyildir. Qarşı tərəf bunu bilir. Ümid edirəm ki, biz danışıqların inkişafında müsbət meyilləri görəcəyik.

Ancaq bununla bərabər, başa düşürük ki, məsələni həll etmək üçün biz daha da güclü olmalıyıq. Bizim indiki gücümüz kifayət qədər böyükdür. Amma bütün mənalarda daha da güclü olmalıyıq. Azərbaycanın iqtisadi və siyasi addımları, ordu quruculuğu sahəsində atılmış addımlar bunu göstərir ki, biz hər gün həm iqtisadi, həm hərbi, həm siyasi cəhətdən daha da güclənirik. Bölgədə artan rolumuz əlbəttə ki, bizə bu məsələnin həlli üçün də imkan verəcəkdir.

Biz növbəti illərdə bütün başqa sahələrdə siyasətimizi artıq müsbət təcrübə əsasında davam etdirəcəyik. Mən bu gün əsas istiqamətlər haqqında fikirlərimi bildirdim. Bir daha demək istəyirəm, bizdə hər bir istiqamət üzrə konkret tədbirlər planı, konkret proqramlar vardır. Biz fəaliyyətimizi bu proqramlar əsasında təşkil etmişik və hər bir istiqamətdə nəticələr vardır. Biz demokratik, dünyəvi, iqtisadi cəhətdən güclü, müasir dövlət qururuq. Bu istiqamətdə yaxşı nəticələr vardır. Biz gələcəkdə hər istiqamət üzrə səylərimizi davam etdirəcəyik.

Artıq çox böyük maliyyə imkanlarımız vardır. Biz çox yaxşı bilirik ki, növbəti illərdə, xüsusilə enerji sektorunun inkişafı hesabına maliyyə imkanlarımız daha da genişlənəcəkdir. Ancaq bu o demək deyil ki, biz bundan arxayın olaq və islahatları aparmayaq. Əksinə, biz bu maliyyə resurslarından elə istifadə etməliyik ki, yeni sahələrin inkişafına təkan verilsin. Bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bəzən sual verilir ki, sizin böyük neft-qaz ehtiyatlarınız, maliyyə imkanlarınız var, nə üçün bu sahə ilə məşğulsunuz? Bu, bizim strateji xəttimizdir. Əgər biz müasir dövlət qurmaq, neft-qaz amilindən asılılığımızı azaltmaq istəyiriksə, mütləq ilk növbədə ən müasir texnologiyaları Azərbaycana gətirməliyik. Ondan sonra elmə, texnoloji prosesə qoyulan sərmayə artıq Azərbaycanda çox güclü, yeni və müasir elmi ixtiraların yaranmasına xidmət göstərəcəkdir.

Biz əgər müasir dövlət qurmaq istəyiriksə, bütün sahələrdəki işlərimiz mütləq müasir standartlar səviyyəsində görülməlidir. Biz ancaq elmə, təhsilə qoyduğumuz sərmayə ilə buna nail ola bilərik. Mən çox şadam ki, Azərbaycanda maliyyə kapitalı insan kapitalına qoyulur və bu öz bəhrəsini verir. Bilikli, savadlı, oxumaq istəyən, vətənpərvər gənc nəsil yetişir.

Əlbəttə ki, biz gələcək haqqında fikirləşməliyik. Baxmayaraq ki, təbii resurslarımız belə demək olsa, ən azı yüz il bizə yaxşı həyat təmin edəcəkdir. Ancaq ondan sonra nə olacaq?! Əlbəttə, bunu indidən proqnozlaşdırmaq çətindir. Amma hər halda biz çalışmalıyıq, 10 il, 20 il, 50 il qabağa baxmalıyıq. Dünya necə inkişaf edəcək?! Azərbaycan nəyin hesabına inkişaf edəcək?! Bölgədə vəziyyət necə olacaq?! Demoqrafik vəziyyət necə olacaq?! Biz bütün bu işləri bu gün hazırlamalıyıq. Vaxtilə - 1990-cı illərin əvvəlində, ortalarında başlanmış siyasi və iqtisadi islahatlar bu gün öz bəhrəsini verir. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin birinci mərhələsi 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tamamlandı. Ancaq bu gün aparılan işlər 10 il, 15 il, 20 il bundan sonra uğurlu inkişafımızı təmin edəcəkdir. Biz enerji resurslarımızı ölkəmizin inkişafına və dostlarımızın sayının artırılmasına yönəldirik. Bu, maraqlarımıza tam şəkildə cavab verir. Ona görə, biz gələcəyə baxmalıyıq və baxırıq. Apardığımız islahatlar həm bugünkü inkişafı təmin edir, həm də ki, gələcək inkişafımızı təmin edəcəkdir.

Mən bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə qayıtmaq istəyirəm. Əlbəttə, uzun illərdir torpaqlarımız işğal altındadır. Bu, bizim üçün çox ağırdır. Bu, ən ağır, ən ağrılı problemimizdir. Biz çalışırıq ki, soydaşlarımızın yaşayış səviyyəsini yaxşılaşdıraq. Müvafiq proqramlar qəbul edilib, şəhərciklər tikilir. Bunların hamısını yaxşı bilirsiniz. Ancaq bu, məsələnin müvəqqəti həllidir. Biz o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Baxmayaraq ki, işğal edilmiş torpaqlarda hər şey ermənilər tərəfindən dağıdılıb. Biz şəhərləri yenidən tikəcəyik, quracağıq, abadlaşdıracağıq. Biz bu məsələni həmişə diqqət mərkəzində saxlayırıq. Ancaq bu da həqiqətdir ki, biz məsələnin elə bir həllinə nail olmalıyıq ki, Azərbaycanın maraqlarını tam şəkildə təmin etsin. Hansısa yarımçıq razılaşma maraqlarımızı təmin edə bilməz. Bəlkə bu gün biz hər hansı bir güzəştə getməklə işğal edilmiş torpaqların bir hissəsini qaytara bilərik. Ancaq başqa torpaqlar nə vaxt qayıdacaq?! Ona görə biz buna əlbəttə ki, dövlətçilik, strateji seçim nöqteyi-nəzərdən yanaşmalıyıq. Hansısa konyunktura məsələlərinə çox həssaslıqla və ehtiyatla yanaşmalıyıq. Biz ərazi bütövlüyümüzü tam şəkildə bərpa etməliyik. Həm işğal edilmiş torpaqlar, həm Dağlıq Qarabağ bizim torpağımızdır və suverenliyimiz o torpaqlarda təmin edilməlidir. Əlbəttə ki, bu, mərhələlərlə həll olunan məsələdir, ancaq bu, strateji xətdir. Biz bu seçimə sadiqik. Ancaq bu gün Ermənistan ilə Azərbaycan arasındakı fərq o qədər böyükdür və bu fərqin böyüməsi üçün bütün şərait yaradılıb ki, mən heç şübhə etmirəm, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Burada artıq həm iqtisadi, həm siyasi, həm hərbi, həm də demoqrafik amillər öz rolunu oynayır. İllər keçdikcə bu amillər mövqeyimizi daha da gücləndirəcəkdir.

Ona görə işlərimizi elə qurmalıyıq ki, məqsədə çatmaq üçün ən məqbul addımlar atılsın və Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilsin. Bütün işlərimiz - həm siyasi, həm iqtisadi islahatlar bu məqsəd üçün aparılır. Əlbəttə, ölkənin inkişafı təmin edilməli idi. Hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyi əldə edəndə Azərbaycan hansı vəziyyətdə idi. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə aparılmış islahatlar bizə imkan verdi ki, çətin vəziyyətdən çıxaq.

Ancaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və məsələnin həll olunmaması bizi daha da bu işləri tezliklə görməyə sövq etmişdir. Bizim daha da səfərbər olmağımıza xidmət göstərmişdir. Bu, bizim məqsədimizdir. Bu məsələdən başqa bütün məsələlər Azərbaycanda həll olunur və həll olunacaqdır. Mən artıq bu barədə söylədim və bizim açıq siyasətimiz vardır. Ona görə bütün xalqımız, bütün cəmiyyətimiz səfərbər olunmalı, hər bir vətəndaş öz yerində elə işləməlidir ki, biz birgə səylərlə, düşünülmüş siyasətlə, dəqiq atılmış addımlarla o günü yaxınlaşdıraq. Mən ümid edirəm ki, o gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir.

Növbəti beş ildə Milli Məclis qarşısında çox mühüm vəzifələr dayanır. Bir daha demək istəyirəm ki, artıq Azərbaycanda parlamentarizmin çox yaxşı ənənələri yaranmışdır. Milli Məclis siyasi qurumdur, hakimiyyətin bir qoludur. Məclis tərəfindən qəbul edilmiş qərarlar ölkəmizin inkişafına xidmət göstərir, belə də olmalıdır. Hamımız çalışmalıyıq ki, ölkəmizi gücləndirək. Hamımız tutduğumuz vəzifədən, siyasi əqidədən asılı olmayaraq səylərimizi müstəqil Azərbaycan dövlətinin güclənməsinə qoymalıyıq. Mən çox şadam ki, Azərbaycan cəmiyyətində və son illərdə, o cümlədən siyasi spektrdə bu meyillər güclənir. Bu meyillərin daşıyıcılarının rolu artır. Azərbaycanın inkişafına əngəl yaratmaq, Azərbaycanı ləkələmək istəyən, Azərbaycanda hər hansı bir xoşagəlməz hadisəni gözləyən qüvvələrin təsiri böyük dərəcədə azalmışdır, demək olar ki, artıq hiss olunmur. Bu parlament seçkilərinin nəticələri bunu bir daha göstərdi.

Azərbaycan azad, demokratik ölkədir. Biz demokratiyanın inkişafına çox böyük diqqət göstəririk. Biz istəyirik ki, Azərbaycanda güclü siyasi sistem formalaşsın. Mən hesab edirəm ki, Milli Məclisin indiki tərkibi bu məqsədə xidmət göstərəcək, siyasi opponentlər bir-biri ilə fikir-ideya mübarizəsi aparacaqlar. Artıq Azərbaycan cəmiyyətində, xüsusilə siyasi müstəvidə bu meyillər güclənir. Mən bunu müsbət hal, cəmiyyətimizin inkişafı kimi qəbul edirəm. Əlbəttə, müasir, inkişaf edən, dünyaya inteqrasiya edən və dünyada böyük hörmətlə qeyd olunan Azərbaycanın müasir siyasi sistemi də olmalıdır. Ancaq Azərbaycan dövləti, yaxud da ki, dövlət başçısı və ya iqtidar buna təkbaşına nail ola bilməz. İqtisadi inkişafa nail ola bilər, amma siyasi sistemin təkmilləşməsi məsələsi bütün siyasi qüvvələrin işidir. Mən arzu edirəm ki, Azərbaycanda bütün siyasi qüvvələr daha da güclənsin. Bizə güclü siyasi sistem lazımdır. Azərbaycanda demokratik müzakirələr, diskussiyalar, fikir mübadiləsi, plüralizm meyilləri, azad mətbuat daha da gücləndirilməlidir. Azərbaycan dövləti bu istiqamətdə əlindən gələni etməyə çalışır ki, biz buna nail olaq. Beləliklə, Milli Məclis də öz tərəfindən Azərbaycanda siyasi mübarizənin mədəni, sivil qaydalarla aparılmasına töhfəsini verəcəkdir.

Əziz deputatlar, mən sizin hamınızı deputat vəzifəsinə seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan xalqı sizə etimad, inam göstərib. Əminəm ki, siz bu yüksək etimada layiq olacaqsınız. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06