İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqi

10 aprel 2015, 14:40
İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqi

- Bu gün biz birinci rübün sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik, gələcək planlar haqqında danışacağıq. Deyə bilərəm ki, birinci rübün yekunları çox müsbətdir. Biz keçən ili də uğurla başa vurmuşduq. Baxmayaraq ki, keçən ilin sonunda bölgədə artıq böhran başlamışdır, Azərbaycan iqtisadiyyatın dinamik inkişafını təmin etmişdir və biz keçən ili də çox gözəl göstəricilərlə başa vurduq.

Bu ilin birinci rübündə də bu müsbət meyillər davam edib. Mən keçən ilin sonunda əmin olduğumu bildirmişdim ki, 2015-ci il də ölkə iqtisadiyyatı üçün uğurlu il olacaq. Birinci rübün yekunları bu sözləri təsdiqləyir. Ümumi daxili məhsul 5 faizdən çox artmışdır. Bu, çox gözəl göstəricidir, həm region, həm dünya üçün. Bu gün dünyada 5,3 faiz, yaxud da ki, 6 faizə yaxın inkişaf edən iqtisadiyyatlar çox azdır.

Azərbaycanda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Çünki uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf etsin, bir sektordan – neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi bizim ümumi iqtisadi inkişafımıza təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir.

Qeyri-neft sektoru prioritet olaraq qalacaq. Çünki bundan sonra Azərbaycan iqtisadiyyatı çoxşaxəli surətdə inkişaf edəcəkdir. Şadam, artıq bir müddətdir ki, qeyri-neft sektorumuz ümumi daxili məhsulumuzun əksər hissəsini təşkil edir. Əminəm ki, bu faiz nisbəti getdikcə daha da artacaq və beləliklə, bundan sonra Azərbaycan iqtisadiyyatı neft-qaz amilindən daha da az asılı olacaq.

Bir daha demək istəyirəm ki, neftin qiymətinin iki dəfədən çox düşməsi bizim ümumi dinamik inkişafımıza təsir etməmişdir, qeyri-neft sektoru əsas iqtisadi yükü öz üzərinə götürmüşdür. Bundan sonra məhz qeyri-neft sektorumuzun inkişafı ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edəcəkdir.

Sevindirici haldır ki, sənaye istehsalı birinci rübdə artmışdır. Bildiyiniz kimi, son illər ərzində neftin hasilatının bir qədər düşməsi nəticəsində biz sənaye istehsalında artımı müşahidə etmirdik. Bu ilin birinci rübündə sənaye istehsalı təxminən 4 faiz artmışdır. Bu da görülən işlərin nəticəsidir. Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdir, bu sahəyə xüsusi diqqət göstərilmişdir. Ondan əvvəlki illərdə müasir sənaye komplekslərinin, texnoparkların yaradılması, kiçik və orta sahibkarlığın inkişafı sayəsində sənaye potensialımız böyük dərəcədə güclənmişdir. Bunun nəticəsidir ki, Azərbaycanda sənaye istehsalı artır.

Kənd təsərrüfatında da artım var. Kənd təsərrüfatı 3 faizdən çox artmışdır. Hesab edirəm ki, bizi gələcəkdə kənd təsərrüfatının əsas artımı gözləyir. Çünki hazırda aparılan islahatlar, işlərin təkmilləşdirilməsi və düşünülmüş siyasət, əminəm ki, yaxın illərdə daha da sürətli artıma təkan verəcəkdir.

İnflyasiya Azərbaycanda çox aşağı səviyyədədir. Keçən il bir faizdən bir qədər çox idi. Bu il isə 2,8 faizdir. O da çox əlamətdar hadisədir ki, manatın məzənnəsinə bu ilin fevralında dəyişikliklər edilmişdir, buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, onu göstərir ki, Azərbaycanda istehlak bazarına nəzarət tam təmin edilir, dövlət və hökumət bu məsələləri daim diqqət mərkəzində saxlayır.

İnflyasiyanın aşağı səviyyədə olması, əlbəttə ki, insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir. Eyni zamanda, onu da bilməliyik ki, inflyasiya çox aşağı səviyyədə olanda iqtisadi inkişafı bir qədər əngəlləyir. Ona görə burada əlbəttə ki, düzgün balans seçilməlidir və Azərbaycanda makroiqtisadi vəziyyət daim diqqət mərkəzindədir. İnflyasiya həm sosial funksiyalarını özündə ehtiva etməlidir, eyni zamanda, ölkəmizin inkişafını, xüsusilə ixrac potensialımızın genişləndirilməsini təmin etməlidir. Hər il olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı üstələyir. Əhalinin pul gəlirləri 5,3 faizdir, təxminən iki dəfə inflyasiyadan artıqdır.

Bax, budur bizim əsas iqtisadi göstəricilərimiz. Hesab edirəm ki, 2015-ci ildə istənilən ölkə üçün, xüsusilə neft-qaz sektoru inkişaf etmiş ölkələr üçün bu, həddindən artıq müsbət göstəricidir, deyə bilərəm ki, bizim böyük uğurumuzdur. Bu uğurları biz əldə etmişik, Azərbaycan xalqı əldə edib. Əgər biz vaxtilə ölkəmizin qeyri-neft sektorunun inkişafına bu qədər böyük diqqət göstərməsəydik, bəlkə də bu gün bu nəticələr o qədər də ürəkaçan olmazdı. Əksinə bizi staqnasiya, resessiya gözləyə bilərdi, necə ki, biz indi dünyada, bölgədə bəzi yerlərdə bunu müşahidə edirik.

Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri ondan ibarətdir ki, bu, möhkəm təməl üzərində qurulub, özünü təmin edən iqtisadiyyatdır, xarici maliyyə resurslarından asılı deyil. Əksinə, biz indi özümüz donor kimi, həm başqa ölkələrə, eyni zamanda, beynəlxalq maliyyə qurumlarına maliyyə resurslarımızı təqdim edirik. Bu da bizə əlavə mənfəət gətirir. Azərbaycan iqtisadi müstəqilliyini tam şəkildə əldə etdikdə təbii ki, siyasi müstəqillik daha da güclənir.

Regionlarda birinci rübdə müsbət meyillər müşahidə olunub. İş yerlərinin yaradılması prosesi gedir, 30 minə yaxın iş yeri, - onlardan 25 mini daimi iş yeridir, - açılmışdır. Bu, daimi prosesdir, çünki dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanda müsbət demoqrafik vəziyyət mövcuddur. Əhali artır, belə olan halda iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bizim iqtisadi potensialımız əhalinin artması ilə uzlaşmalıdır. Çünki əhalinin artması çox müsbət prosesdir, bu, ölkəmizi gücləndirir, eyni zamanda, ölkəmizin sürətli inkişafını göstərir. Çünki biz demoqrafik dinamikaya nəzər saldıqda görürük ki, məhz son illər ərzində əhalimiz kəskin şəkildə artmağa başlamışdır. İqtisadiyyat da öz növbəsində bu artım üçün gözəl imkan yaratmalıdır ki, daim iş yerləri açılsın və işsizlik aşağı səviyyədə olsun. Hazırda işsizlik və yoxsulluq ən aşağı səviyyədədir, 5 faiz səviyyəsindədir.

Sosial məsələlər öz həllini tapır. Bu sahə daim diqqət mərkəzindədir və bizim düşünülmüş iqtisadi islahatlarımız bütün dövrlərdə güclü sosial siyasətlə də tamamlanırdı. Bu il bütün sosial öhdəliklər yerinə yetirilir, sosial infrastrukturun yaradılması üçün əlavə vəsait ayrılır, məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir.Hazırda 20-dən çox tibb müəssisəsi tikilir və təmir edilir, əhalinin diaqnostikası məsələləri öz həllini tapır, müayinədən keçmə prosesi uğurla gedir. Keçən il 5 milyon, bu il isə təqribən artıq 4 milyona yaxın Azərbaycan vətəndaşı müayinədən keçmişdir. Son illərdə bütün bölgələrdə müasir tibb mərkəzləri yaradılmışdır. Yəni, indi müayinədən keçmək üçün Bakıya gəlməyə ehtiyac yoxdur. Hər bir yerdə müasir tibb ocaqları var ki, insanlara gözəl xidmət göstərməlidir.

Sosial siyasətimizin digər aspektləri də daim diqqət mərkəzindədir. Sosial sahə insanların rifah halını, rahat yaşamasını təmin edən sahədir. Ona görə Azərbaycan dövləti bu sahəni daim diqqət mərkəzində saxlayır. Təbii ki, bizim gəlirlərimiz azalıb. Çünki neftin satışından əldə edilən gəlirlər təbii olaraq azalır. Ancaq əvvəlki illərdə əldə edilmiş maliyyə resursları, eyni zamanda, düşünülmüş siyasət, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi bizə imkan verir ki, hətta azalan gəlirlərlə bütün sosial öhdəlikləri yerinə yetirək və ölkə üçün vacib olan infrastruktur layihələrini icra edək.

Bu il də dövlət investisiya proqramı kifayət qədər genişdir. Bu proqramda əsas infrastruktur layihələri öz əksini tapıbdır və bu layihələrin icrası nəticəsində ölkəmizin inkişafı üçün daha da yaxşı şərait yaradılacaq, insanların rahatlığı, eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması üçün infrastruktur layihələri əlbəttə ki, önəmli yer tutur.

Bizim islahatlar aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görübdür. İldən-ilə bizim yerimiz yaxşılaşır. Biz daha bir pillə qalxmışıq və dünya miqyasında rəqabətqabiliyyətliliyə görə 38-ci yeri tutmaq hesab edirəm ki, gənc dövlət üçün böyük nailiyyətdir və bu yeri biz neftə, qaza görə yox, məhz düşünülmüş islahatlara görə qazanmışıq. Bizim iqtisadi siyasətimiz düşünülmüş siyasətdir, milli maraqlar və daxili resurslar üzərində qurulubdur. Ona görə Azərbaycanın xarici dövlət borcu çox aşağı səviyyədədir. Dünya miqyasında biz bu göstəriciyə görə ən qabaqcıl yerdəyik. Bu, bizə iqtisadi müstəqillik verir, eyni zamanda, biz Azərbaycana istənilən məbləğdə xarici bazarlardan maliyyə resursları da cəlb edə bilərik. Sadəcə olaraq, hesab edirəm ki, buna böyük ehtiyac yoxdur. Təbii ki, müəyyən mənada biz bunu edirik. Amma daha çox öz işlərimizi, ölkədə görüləsi olan işləri daxili imkanlar hesabına təmin edirik.

Ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycan dünya birliyinin etibarlı, dəyərli üzvüdür. Bütün həmkarlarımla keçirilən görüşlərdə Azərbaycana böyük hörmət müşahidə olunur. Azərbaycanda gedən işlər dünya birliyi tərəfindən izlənilir və böyük təqdirlə qarşılanır. Bizim xarici siyasətimiz çox fəaldır, çevikdir, milli maraqlar üzərində qurulubdur və milli maraqlar bizim üçün ən prioritet məsələdir. Yəqin ki, buna görə Azərbaycan son illər ərzində bütün bölgədə yaşanan böhranlardan, əgər belə demək mümkündürsə, itkisiz çıxıbdır və şərəflə öz siyasətini aparır. Biz heç kimin təhriki ilə addımlar atmırıq, düşünülmüş addımlar atırıq. Əgər o addımlar milli maraqlara uyğundursa biz bunu edirik, deyilsə biz bunu etmirik. Elə bir qüvvə yoxdur ki, bizi nəyəsə məcbur edə bilsin, yaxud da bizi hansısa kampaniyalara cəlb etsin ki, bu da bizim maraqlarımıza uyğun olmasın. Ona görə bu mövqe, eyni zamanda, hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz təbii olaraq bizə böyük hörmət qazandırdı. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə, gözəl imicə malik olan ölkədir. Mən dünya birliyi deyəndə bütün ölkələri nəzərdə tuturam. Çünki dünya birliyi hansısa bir təşkilat deyil. Dünya birliyi bütün ölkələrdir. Bütün ölkələr BMT-də təmsil olunur və bilirsiniz ki, bizim BMT-dəki mövqelərimiz çox güclüdür. Əgər belə olmasaydı, bir neçə il bundan əvvəl 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi.

Biz öz prinsipial beynəlxalq siyasətimizi bu il də davam etdiririk. Bu ilin əvvəlindən baxmayaraq ki, cəmi 3 aydan bir qədər çox vaxt keçib, mənim çoxsaylı səfərlərim bizim beynəlxalq mövqelərimizi daha da möhkəmləndirib. İlin əvvəlindən mən Türkiyəyə iki dəfə səfər etmişəm, Almaniyaya, Bolqarıstana, Vatikana və Səudiyyə Ərəbistanına səfərlər etmişəm. Yəni, 3 ay ərzində edilən bu səfərlər artıq Azərbaycanın çoxşaxəli xarici siyasət apardığını göstərir. Səudiyyə Ərəbistanı müsəlman aləminin mərkəzidir, bizim müqəddəs ocaqlarımız bu ölkədə yerləşir, Vatikan isə xristian aləminin mərkəzidir.

Azərbaycan öz dini, milli, mənəvi dəyərlərinə sadiq olaraq müasirlik yolu ilə uğurla, inamla gedir. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətləri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurmuşuq və bizə göstərilən hörmət, əlbəttə ki, bizi sevindirir. Eyni zamanda, bu, bir daha göstərir ki, bizim xarici siyasətimiz qüsursuzdur. Mən bunu açıq bəyan etmək istəyirəm. Biz heç bir ölkə ilə əlaqələrimizi pozmamışıq. Heç bir ölkə ilə bizim aramızda heç bir gərginlik yoxdur. Əksinə, son illər ərzində biz nə qədər dost qazanmışıq, nə qədər çox ölkələr bizimlə əməkdaşlıq etmək istəyir. Dövlət, hökumət başçılarının Azərbaycana səfərləri, beynəlxalq tədbirlərdə mənim iştirakım bunu bir daha göstərir. Azərbaycan bu gün dünya miqyasında öz güclü yerini tutmuş ölkədir. Ölkəmizin dünya miqyasında hörməti getdikcə artır.

Eyni zamanda, mən ilin əvvəlində dünyanın iki aparıcı iqtisadi və siyasi forumlarında iştirak etmişəm – Davosda və Münxendə. Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı. O da sirr deyil ki, bu tədbirlərə məhdud sayda qonaqlar dəvət edilir. Bu tədbirlərdə dünyanın həm üzləşdiyi problemlər açıq və qapalı şəkildə müzakirə edilir, eyni zamanda, orada imkan yaradılır ki, hər bir iştirakçı öz baxışlarını ifadə etsin, öz fikirlərini bölüşsün. Azərbaycanın mövqeyi bir çox məsələlərlə bağlı çox böyük önəm daşıyır. Təkcə enerji siyasəti deyil, ümumiyyətlə, geosiyasi məsələlər, təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq və sabitlik. Çünki baxın, indi dünyanın hər bir yerində qarşıdurma, müharibə, ziddiyyət, böhran, çevrilişlər və digər xoşagəlməz hallar müşahidə edilir. Bir il deyil, iki il deyil, artıq 10 ilə yaxındır ki, hər tərəf yanır. Azərbaycan sabitlik adasıdır, inkişaf məkanıdır və təbii ki, bu, dünya birliyi tərəfindən yüksək qiymətləndirilir.

Əlbəttə, antiazərbaycan qüvvələri bizə qarşı durmadan fəaliyyət göstərir. Bu barədə mən öz fikirlərimi dəfələrlə bildirmişəm. Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, bizim işimizə kölgə salmaq, bizi ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər. Ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verə bilməz. Ölkəmizdən kənarda Azərbaycanın nüfuzu, beynəlxalq imici haqqında indi mən qısa da olsa çox dəqiq dəlillərlə öz fikirlərimi bildirdim. Ölkə daxilində də vəziyyət hamının gözü qabağındadır. Sabitlik, inkişaf, xalqla iqtidar arasındakı birlik bir daha onu göstərir ki, bizə qarşı aparılan kampaniyalar, yaxud da ki, burada hansısa iğtişaş yaratmaq cəhdlərinin heç bir təsiri yoxdur, ola da bilməz. Azərbaycan inamla inkişaf edir.

Ancaq əlbəttə ki, bu səylər davam edəcək. Çünki uğurlarımızı həzm edə bilməyən dairələr əlbəttə ki, bizdən əl çəkməyəcəklər. Biz isə onlara ən yaxşı cavabı öz işlərimizlə veririk və onların nə sözlərinə, nə məqalələrinə, nə bəyanatlarına heç bir əhəmiyyət vermirik və verməyəcəyik.

Bizim əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əfsuslar ki, həll olunmamış qalır. Bu barədə dəfələrlə öz fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm, bunun yeganə səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir, status-kvonu saxlamaq istəyir. Baxmayaraq, Minsk qrupuna həmsədrlik edən dövlətlərin başçıları dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymur və bu dövlətlər bu bəyanatlardan başqa heç bir konkret addımlar da atmırlar. Ona görə bu bəyanatlar havada qalır və beləliklə, münaqişə uzanır, öz həllini tapmır. Keçən ilin ortalarından həmsədr ölkələrin başçıları tərəfindən fəallıq göstərilirdi. Avqust, sentyabr, oktyabr aylarında Rusiya, Amerika və Fransa rəhbərləri zirvə görüşləri keçirmişlər ki, biz vəziyyətdən çıxış yollarını tezliklə tapaq və münaqişəyə son qoyaq. Azərbaycan əlbəttə ki, bu fəallığı dəstəkləyir. Çünki həmişə qeyd etdiyim kimi, münaqişənin həll edilməsində ən maraqlı tərəf məhz Azərbaycandır. Ancaq Ermənistan bu görüşlərdə qeyri-səmimi mövqe nümayiş etdirir, hər vəchlə çalışırdı ki, danışıqların mahiyyəti kənarda qalsın və hansısa etimad tədbirləri haqqında daha da çox söhbət aparılsın. Biz buna etiraz etmirdik. Etimad tədbirləri də önəmlidir, ancaq işin mahiyyəti işğala son qoyulmasıdır. Buna baxmayaraq,Paris görüşündən sonra biz şifahi olaraq razılaşdıq ki, hər iki tərəf təmas xəttində gərginliyi azaltmağa çalışacaq və bəlkə bu, danışıqlar prosesinə müsbət təsir göstərə bilər. Ancaq Ermənistanın riyakar siyasəti bir daha özünü büruzə verdi. İki həftə keçməmiş Ağdam rayonunda genişmiqyaslı hərbi təlimlərə başladılar. O təlimlərin bir məqsədi var idi- Azərbaycanı təxribata çəkmək və danışıqlar prosesini pozmaq. Biz bu təxribatlara bir neçə gün dözərək ondan sonra düşmənə layiqli cavab verdik və beləliklə, onlara öz yerini göstərdik. Onlar isə bundan istifadə edərək Azərbaycanı aqressiv davranışda ittiham etməyə başladılar.

Əlbəttə ki, heç kim buna, bu tezisə ciddi yanaşmırdı. Azərbaycan həmişə çox təmkinli mövqe nümayiş etdirir. Danışıqlarda 20 ildən çox iştirakımız onu göstərir ki, biz məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Məsələnin həll olunmamasını Ermənistan istəyir. Çünki torpaqlarımızdan çıxmaq istəmir. Keçən ilin sonlarından Ermənistan tərəfi daim bizim mövqelərimizə hücumlar çəkir, bu, bu il də davam edir. Bu hücumlar nəticəsində onlarla erməni öz həyatını itirmişdir. Bizdə olan məlumata görə son 3-4 ay ərzində 50-dən çox işğalçı təmas xəttində məhv edilmişdir. Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanda hökm sürən diktatura rejimidir. Bu barədə mən artıq öz fikirlərimi bildirmişəm. Əgər ölmək istəmirsinizsə, Azərbaycan torpaqlarından rədd olun.

Azərbaycan öz prinsipial mövqeyindən əl çəkməyəcək. Biz bu mövqeyi müdafiə edəcəyik. Ermənistan isə bu işğalın yüksək qiymətini ödəyir - həm iqtisadi tənəzzül, həm müstəqillik qalıqlarının tamamilə itirilməsi, təmas xəttindəki itkilər, Ermənistan ordusunda artan fərarilik halları. İndi Azərbaycan tərəfinə keçən erməni əsgərləri qeyd edirlər ki, Azərbaycan tərəfinə keçmək istəyənlərin sayı kifayət qədər çoxdur. Sadəcə olaraq qorxurlar, çünki orada əmr verilib ki, əgər kimsə Azərbaycan tərəfinə keçmək istəyərsə, onlar onu arxadan güllələməlidirlər, öldürməlidirlər. Yəni, budur reallıq. Bu, işğalçı dövlətin ödədiyi qiymətdir və nə qədər ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayıb onlar bu qiyməti ödəyəcəklər.

Biz Ermənistana qarşı daha da fəal mübarizə aparmalıyıq, aparırıq, bütün beynəlxalq, regional layihələrdən onları təcrid etmişik. Onların rəsmi statistik məlumatlarına görə əhalinin 30 faizi yoxsulluq, səfalət içində yaşayır. Amma real məlumat 50-60 faizdir. Onların rəsmi məlumatlarına görə hər il ölkədən 60-70 min insan həmişəlik köçür. Amma bizdə olan məlumat onu göstərir ki, bu rəqəm 100 minə yaxındır. Yəni, bir neçə ildən sonra artıq Ermənistan dövlətində, tarixi Azərbaycan torpaqlarında yaradılan bu dövlətdə erməni əhalisi qalmayacaq.

Mən bunu dəfələrlə demişəm, bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Bütün toponimlər Azərbaycan mənşəlidir. Bunu bilmək üçün XX əsrin əvvəllərində çar Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir. Orada bir dənə də erməni toponimi tapmaq mümkün deyil. İndiki Ermənistanda bütün kəndlərin 80 faizi Azərbaycan mənşəli adlar daşıyır. Yəni, bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və biz bu hədəfə çatmaq üçün çalışırıq, çalışacağıq. İqtisadi, siyasi, hərbi gücümüz, demoqrafik vəziyyətimiz bunu deməyə əsas verir. Maşallah, Azərbaycan əhalisi yaxın zamanlarda artıq 10 milyonu keçəcəkdir və bu, məsələnin həlli üçün az əhəmiyyət daşımır.

Bir sözlə, biz ərazi bütövlüyümüzün bərpası üçün bundan sonra da fəal səylər göstərəcəyik. Münaqişə beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu ola bilməz. İkili standartlara son qoyulmalıdır. Ölkəmizin ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyündən az əhəmiyyət daşımır. Əgər Qərb dünyası postsovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edirsə, bizim münaqişə də öz həllini bu prinsiplər üzərində tapmalıdır. Amma bizə gəldikdə görürsünüz ki, münasibət fərqlidir. Bu, riyakarlıqdır, ikili standartlardır, ədalətsizlikdir. Hər bir görüşdə, ən yüksək səviyyədə keçirdiyim görüşlərdə bu sözləri mən bax dediyim ifadələrlə tərəf-müqabillərimə çatdırıram. Bu riyakarlığa, ikili standartlara son qoyulmalıdır. Ermənistan Azərbaycanın tarixi, qanuni torpaqlarını işğal edibdir. Ancaq rəsmi bəyanatlara gəldikdə, çox mücərrəd ifadələr işlədilir. Biz öz sözümüzü deyirik, deyəcəyik. Qeyd etdiyim kimi, bizim beynəlxalq nüfuzumuz artır. Azərbaycanla hesablaşmamaq artıq mümkün deyil və ölkəmizin iştirakı, razılığı olmadan bölgədə heç bir təşəbbüs irəli sürülə və öz həllini tapa bilməz.

Birinci rübdə enerji sektorunda iki önəmli hadisə baş vermişdir. Fevralın 12-də “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclası bizim təşəbbüsümüzlə Bakıda keçirilmişdir. Bildiyiniz kimi, keçən il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur və Məşvərət Şurası iclasının keçirilməsi çox önəmli hadisə idi. Bu toplantıda “Cənub” qaz dəhlizinin bizimlə əməkdaşlıq edən bütün mövcud və gələcək üzvləri iştirak edirdi. Mətbuata verilən yekun bəyanat da çox müsbət idi, orada Azərbaycanın liderlik rolu qeyd edilib. Mart ayında Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməl daşı qoyulmuşdur. Bu hadisə əlbəttə ki, dünya birliyinin diqqətini cəlb etdi. TANAP layihəsi “Cənub” qaz dəhlizinin tərkib hissəsidir. Bildiyiniz kimi, “Cənub” qaz dəhlizi 4 hissədən ibarətdir, TANAP onun önəmli hissəsidir. Azərbaycan TANAP layihəsinin icrasında əsas, yəni, səhmdar kimi fəaliyyət göstərir. Artıq işlər başlayır və hesab edirəm ki, Azərbaycan qazı -“Şahdəniz-2”dən çıxarılacaq qaz 2018-ci ildə Türkiyəyə çatdırılacaqdır. TAP layihəsi də icra edilməlidir. Hesab edirəm ki, TAP layihəsinin icrası üçün bəzi hallarda yaradılan süni maneələr aradan qaldırılacaq və Avropa ölkələri, bu layihədə iştirak edən ölkələr və Avropa İttifaqı bu məsələləri özləri həll edəcəkdir. Hər halda Azərbaycan və Türkiyə üzərinə düşən vəzifələri, TANAP layihəsinin icrası ilə bağlı bütün vəzifələri vaxtında yerinə yetirəcək.

“Cənub” qaz dəhlizi tamamilə yeni enerji xəritəsini ortaya qoyur və Azərbaycanın rolu getdikcə artır. Bildiyiniz kimi, Avropa İttifaqı indi enerji ittifaqı haqqında bəzi təkliflər irəli sürübdür və Azərbaycan Avropa Komissiyasının sənədlərində artıq önəmli tərəfdaş kimi göstərilir. Biz əlbəttə ki, bütün bu işləri izləyirik. Biz bilirik ki, Azərbaycanın rolu nə qədər əhəmiyyətlidir. Biz bilirik ki, Azərbaycan qazı hazırda Avropa məkanı üçün yeganə yeni mənbədir. Biz öz işimizi görürük və gördüyümüz işlər nəticə verir. Biz 2012-ci ildə Prezident Ərdoğanla İstanbulda TANAP layihəsini imzaladıq və 2015-ci ildə TANAP layihəsinin təməl daşını qoyduq. Görün, qısa müddət ərzində nə qədər iş görülmüşdür. Bundan əvvəl TAP layihəsi seçilmişdir, “Şahdəniz-2” layihəsinə start verilmişdir və Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri də artıq inşa edilir. Bax, bizim işimiz bunlardan ibarətdir, boşboğazlıq yox, konkret, nəticəyə hesablanmış işlər. Biz heç vaxt populist vədlər verməmişik, konkret nəyi demişiksə onu da etmişik. Ona görə birinci rübdə ümumi iqtisadi inkişafla əlaqədar dediyim bax bu sözlər bizim uğurlu siyasətimizi bir daha göstərir. Eyni zamanda, birinci rübdə enerji siyasətimizi bundan sonra uğurla aparmaq üçün çox önəmli addımlar atılmışdır. Əminəm ki, nəzərdə tutulan bütün vəzifələr ilin sonuna qədər icra ediləcək, dinamik inkişaf təmin olunacaq, iqtisadiyyat, qeyri-neft sektorumuz artacaq və Azərbaycan 2015-ci ildə daha da böyük zirvələrə çatacaqdır.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06