Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında İlham Əliyevin giriş nitqi
16 yanvar 2012, 17:20
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
- Nazirlər Kabinetinin bugünkü toplantısında biz 2011-ci ilin yekunlarını müzakirə edəcəyik və əlbəttə, 2012-ci ildə görüləcək işlər haqqında fikir mübadiləsi aparacağıq. 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla icra edilibdir. Elə bir vəzifə yoxdur ki, icra olunmamış qalsın. Yəni, nəzərdə tutduğumuz bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam etmişdir.
Düzdür, bizdən asılı olmayan səbəblərə, neftin hasilatı aşağı düşdüyünə görə, ümumi iqtisadi göstəricilər o qədər də böyük deyil, ancaq bu, bizi narahat etməməlidir və narahat etmir. Çünki iqtisadiyyatımızın böyük hissəsi neft-qaz sektorunda formalaşır və beləliklə, neft hasilatının aşağı düşməsi istər-istəməz statistik göstəricilərə də təsir edir. Ancaq bir daha demək istəyirəm ki, bu templər bizi narahat etmir. Çünki ölkə iqtisadiyyatının uğurlu inkişafını şərtləndirən digər amillər, - bu gün bu barədə danışacağıq, - çox müsbətdir. Bütövlükdə iqtisadi artım 0,1 faiz təşkil etmişdir. Ancaq ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz artmışdır. Bu, gördüyümüz işlərin nəticəsidir. Çünki artıq bir neçə ildir ki, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün praktiki addımlar atılır, proqramlar qəbul edilibdir, dövlət siyasəti də bu istiqamətdə aparılır və beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün bütün gözəl imkanlar yaradılmışdır. Bunun nəticəsidir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Nəzərə alsaq ki, qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, əlbəttə ki, bu, həm iqtisadi, həm sosial inkişafa müsbət təsir göstərir.
Sənaye istehsalı yenə də neft hasilatı aşağı düşdüyü üçün 5 faiz azalmışdır. Ancaq qeyri-neft sənayemiz 11,1 faiz artmışdır. Bu çox gözəl göstəricidir. Onu göstərir ki, bir neçə il bundan əvvəl irəli sürdüyümüz sənayeləşmə təşəbbüsləri artıq öz gözəl nəticələrini verməkdədir. Nəzərə alsaq ki, əvvəlki illərdə təməlini qoyduğumuz müəssisələr bu il və gələn il istifadəyə veriləcək, görərik ki, gələcəkdə də qeyri-neft sənayesinin inkişafı üçün çox gözəl imkanlar vardır. İnflyasiya birrəqəmli səviyyədə qalmışdır - 7,9 faiz. Bu, müsbət göstəricidir. İnflyasiya birrəqəmli olduğu təqdirdə biz hesab edirik ki, bu, müsbət nəticədir. Əhalinin pul gəlirləri isə 19,6 faiz artmışdır. Bu statistik göstəricilər əyani şəkildə göstərir ki, insanların rifah halı yaxşılaşmışdır və beləliklə, inflyasiya ilə əhalinin pul gəlirləri arasındakı fərq kifayət qədər böyükdür. Əhalinin pul gəlirləri 2,5 dəfə çoxdur. Bu, iqtisadi inkişafımızı göstərən əsas makroiqtisadi göstəricilərdir. Bununla bərabər, biz 2011-ci ildə investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail ola bilmişik. İldən-ilə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi artmaqdadır, böyük templərlə artır. 2010-cu ildə 17,6 milyard dollar investisiya qoyulmuşdur. 2011-ci ildə isə ilk dəfə olaraq investisiyalar 20 milyard dollara bərabərdir. Təkcə 2 il ərzində ölkə iqtisadiyyatına 37 milyard dollar vəsait qoyulmuşdur. Əvvəlki dövrdəki investisiyaları da əlavə etsək görərik ki, Azərbaycanda nə qədər böyük işlər görülür. Həm yerli, həm xarici investorlar ölkə iqtisadiyyatına maraq göstərirlər. Xarici investorlar ölkəmizin uğurlu inkişafına bizimlə bərabər, bizim kimi inanırlar. Eyni zamanda, əlbəttə ki, bu investisiyaların təşkilində dövlət siyasəti həlledici rol oynayır.
Çünki dövlət investisiyaları kifayət qədər böyükdür, bu il də belə olacaqdır. Eyni zamanda, dövlət tərəfindən investorları stimullaşdırmaq üçün atılmış addımlar da bəhrəsini verir. İyirmi milyard investisiyanın 13 milyardı daxili investisiyalardır, 7 milyardı isə xarici investorların vəsaitidir. Burada da deyə bilərəm ki, bu tarazlıq, yəni, bu çəkilər nisbəti müsbətdir. Xarici investorlar Azərbaycana investisiyaların qoyuluşunu davam edirlər. Daxili investorlar, yerli iş adamları və Azərbaycan dövləti isə ölkəmizin hərtərəfli, şaxələndirilmiş inkişafı üçün nə lazımdırsa onu edirlər.
2011-ci ildə böyük investisiya proqramımız icra edilmişdir və dediyim bu rəqəmlərin böyük hissəsi dövlət hesabına təşkil edilmişdir, valyuta ehtiyatlarımız artmışdır. İlk dəfə olaraq Azərbaycanın bütün valyuta ehtiyatları 40 milyard dollar səviyyəsinə çatmışdır. İndiki məlumata görə bizim 41 milyard dollar vəsaitimiz vardır. Bu, bizim strateji ehtiyatlarımızdır. Biz bu ehtiyatların idarə edilməsindən gəlir götürürük. Növbəti dövr üçün yeni konsepsiya hazırlanmışdır və biz valyuta ehtiyatlarımızı daha da çoxşaxəli formada idarə etməliyik. Bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir.
Sosial sahədə bizim siyasətimiz uğurla davam etmişdir, 2011-ci ildə maaşlar, pensiyalar artırılmışdır. 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artmışdır və bu da sosial siyasətimizin əsas istiqamətlərindən biridir. İnsanların rifah halı yaxşılaşır, ünvanlı sosial yardım alan ailələrin sayı 120 min təşkil edir. Bu da onu göstərir kİ, hələ öz maliyyə vəziyyətini yaxşılaşdıra bilməyən ailələrə dövlət daim diqqət göstərir və hər bir ailəyə orta hesabla ayda 106 manat müavinət verilir.
Mən dəfələrlə demişəm, bu gün bir daha bildirmək istəyirəm, - dediyim və gətirdiyim rəqəmlər onu çox gözəl əks etdirir, - biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik, bu prinsipləri rəhbər tuturuq. Eyni zamanda, biz sosial siyasətdə də çox uğurla addımlar atırıq və sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq.
Azərbaycanda orta pensiyanın səviyyəsi hazırda təqribən 180-190 dollar səviyyəsindədir. Orta maaş 460 dollara yaxındır. Deyə bilərəm ki, MDB məkanında bu, çox gözəl göstəricidir. Ancaq əlbəttə ki, bu bizi tam şəkildə qane edə bilməz. Növbəti illərdə görüləcək tədbirlər, həm ayrılacaq vəsait, həm yaradılacaq yeni iş yerləri, həm də apardığımız uğurlu investisiya siyasətimiz bizə kömək edəcəkdir. Əlbəttə ki, həm maaşlar, həm pensiyalar daha da artmalıdır və artacaqdır.
Beləliklə, bu sahədəki işlər çox müsbətdir. Sosial obyektlərin tikilməsi prosesi davam etmişdir. Heç bir layihədə yubanma olmamışdır. Bəzi hallarda, - yəni, bu da bir yenilikdir, - müvafiq qurumlar müəyyən layihələrə ayırdığımız vəsaitdən vaxtında istifadə edə bilməmişlər. Əlbəttə ki, biz builki investisiya proqramımızda bu amili nəzərə almalıyıq, bu qüsurları aradan qaldırmalıyıq. Ancaq bunun səbəbi ondan ibarətdir ki, bizim 2011-ci il üçün o qədər böyük planlarımız olmuşdur ki, bəzi hallarda dövlət qurumları və onlarla bərabər işləyən şirkətlər bu həcmi icra edə bilmirlər. Vaxt var idi ki, hansısa işi görmək üçün vəsaitimiz yox idi. İndi isə vəsaitimiz var, ancaq əfsuslar olsun ki, bəzi hallarda bu vəsaitin düzgün istifadə edilməsi sahəsində müəyyən problemlər yaranır. Biz bu problemləri bilirik və bu il, ondan sonrakı illərdə bu vəziyyəti yaxşılaşdırmaq üçün daha da ciddi tədbirlər görəcəyik.
Ölkəmizdə səhiyyə ocaqlarının, məktəblərin tikintisi, təmiri davam etmişdir. 33 səhiyyə ocağı, 60-a yaxın məktəb tikilmiş və təmir edilmişdir, 4 olimpiya idman kompleksi, mədəniyyət ocaqları tikilir və təmir edilir. Yəni, biz bu quruculuq işlərini hər yerdə, o cümlədən bölgədə görürük. Bölgədəki vəziyyət yaxşılaşır, şəhərlərimiz gözəlləşir, abadlaşır. 2011-ci ildə 94 min yeni iş yeri açılmışdır ki, onun da 73 mini daimi iş yeridir. Bütövlükdə biz işsizliyə qarşı proqramı icra etməyə başlayandan sonra – 2003-cü ildən bu günə qədər 1 milyondan artıq yeni iş yeri açılmışdır. Hazırda Azərbaycanda işsizliyin səviyyəsi 2011-ci ildə daha da aşağı düşmüşdür və bu rəqəm 5,4 faizdir. Həmişə işsizliklə bərabər gedən yoxsulluğun səviyyəsi isə yenə də aşağı düşərək 7,6 faiz təşkil etmişdir. Bu göstəricilər həm müsbətdir, həm də ümidvericidir. Biz bilirik ki, 2012-ci il də bizim üçün uğurlu olacaqdır. Biz bu gün 2012-ci ildə görüləcək işlər haqqında danışacağıq.
2011-ci ildə xarici siyasətdə çox yaddaqalan və tarixi hadisələr baş vermişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, bizim böyük siyasi qələbəmizdir. Bu qələbə müstəqilliyimizin 20 illik yubileyinə təsadüf etmişdir. Bu da rəmzi xarakter daşıyır. 20 il ərzində Azərbaycan dünya xəritəsində nəinki özünə layiq yerini tuta bilmişdir, dünya birliyinin mütləq əksəriyyətinin rəğbətini, hörmətini, inamını qazana bilmişdir. Əks təqdirdə heç vaxt 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləməzdi. 155 ölkənin etimadını, inamını qazanmaq çox çətin və eyni zamanda, məsuliyyətli işdir. Azərbaycanın uğurlu siyasəti, müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, etibarlı tərəfdaş kimi özümüzü təqdimetmə imkanlarımız bax, bu vəziyyətə gətirib çıxarmışdır. Biz bu qələbəni rəqabət şəraitində əldə edə bilmişik və növbəti iki il ərzində dünyanın bir nömrəli, ən mötəbər təşkilatında üzv kimi öz prinsipial mövqeyimizi göstərəcəyik. Mən bu barədə artıq demişəm, bir daha demək istəyirəm ki, biz bu qurumda ilk növbədə ədaləti müdafiə edəcəyik. Buna böyük ehtiyac vardır. Ədalət bəzi hallarda pozulur, beynəlxalq hüquq normalarına hörmətsizlik edilir, onlara riayət edilmir. Azərbaycan öz imkanları daxilində ədaləti və beynəlxalq hüququ bu mötəbər təşkilatda müdafiə edəcək, əlbəttə ki, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də daim gündəlikdə saxlayacaqdır.
Bir daha demək istəyirəm ki, BMT Təhlükəsizlik Şurasına üzv olmağımız bizim tarixi qələbəmizdir. Biz haqlı olaraq fəxr edirik ki, bu qələbəyə nail ola bilmişik. Eyni zamanda, bu qələbə bizim məsuliyyətimizi də artırır və biz bu məsuliyyətə hazırıq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, 2011-ci ildə heç bir nəticə olmamışdır. Bunun yeganə və başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir, danışıqlarda qeyri-səmimi davranışıdır. Faktiki olaraq danışıqların pozulmasına, yaxud da ki, dondurulmasına Ermənistan tərəfi çox çalışmışdır.
Danışıqlar əlbəttə ki, iki tərəfin iştirakını tələb edir. Bir tərəf əgər danışıqlardan bu və ya digər formada boyun qaçırmaq istəyirsə, digər tərəfin imkanları da məhdudlaşır. Ancaq deyə bilərəm ki, 2011-ci ildə danışıqlar prosesində, bu məsələyə dair beynəlxalq qüvvələrin münasibətində müsbət hallar olmuşdur. Biz bunu inkar edə bilmərik. Deyə bilərəm ki, onlardan ən önəmlisi odur ki, üç həmsədr ölkə status-kvonun qəbuledilməz olduğunu bəyan etmişdir. Bu, birinci bəyanatdır, yəni bundan əvvəlki illərdə belə bəyanatlar verilmirdi. Bu bəyanat ədalətli bəyanatdır. Əlbəttə ki, status-kvo dəyişdirilməlidir və ümidverici bəyanatdır. Əgər bu bəyanatdan sonra həmsədr ölkələrin konkret təklifləri, addımları, hərəkətləri olarsa, münaqişəni tezliklə həll etmək mümkün olacaqdır. Əgər bu bəyanat sadəcə olaraq bəyanat kimi qalacaqsa, onda danışıqların perspektivləri ümidverici olmayacaqdır.
Bu münaqişənin həllinin iki yolu var: danışıqlar yolu və hərb yolu. Üçüncü yol yoxdur. Bu münaqişə dondurulmuş münaqişə deyildir və olmayacaqdır. Əgər kimsə fikirləşirsə ki, danışıqlarda əsas məsələ müharibənin qarşısını almaqdır, mən bununla razı deyiləm. Biz də müharibə istəmirik. Kim müharibə istəyər? Özü də bu qədər böyük uğurlara nail olan Azərbaycan dövləti. Ancaq o demək deyil ki, danışıqlar prosesi kənarda qalacaq və bütün səylər müharibənin başlanmamasına yönəldiləcəkdir. Bu olmayacaqdır! Mən nə üçün bunu deyirəm? Çünki 2011-ci ildə həmsədrlər tərəfindən, xüsusilə ilin ikinci yarısında biz daha çox etimad tədbirlərinin gücləndirilməsinə, atəşkəs rejiminin pozulmamasına yönələn hərəkətləri və təşəbbüsləri görmüşük, nəinki danışıqların mahiyyətinə yönələn diqqəti. Biz də istəmirik ki, müharibə olsun. Ancaq bunun yolu var. O yol da hamıya bəllidir. Biz əvvəlki dövrdə də bəyan etmişik ki, 2009-cu ilin sonunda ATƏT-in xarici işlər nazirlərinin toplantısında iki tərəfə verilmiş təkliflərə prinsip etibarilə razılığımızı vermişik. Bu prinsipləri biz yox, həmsədrlər ortaya qoymuşlar. Əgər o prinsiplər hələ də qüvvədədirsə, onda bu münaqişə öz həllini tapa bilər. O prinsiplər haqqında mən ictimaiyyətə kifayət qədər məlumat vermişəm. Sadəcə olaraq bir daha əsas məqamları təkrarlamaq istəyirəm. Azərbaycanın ərazi bütövlüyü şübhə altına qoyulmur, Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara qayıdırlar və gələcəkdə Dağlıq Qarabağın statusu haqqında qeyri-müəyyən vaxtda qeyri-müəyyən formada təkliflər irəli sürüləcəkdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu da təbiidir ki, Azərbaycan dövləti və xalqı heç vaxt Dağlıq Qarabağa Azərbaycanın kənarında heç bir statusa razılıq verə bilməz və verməyəcəkdir. Prinsiplər bundan ibarətdir. Biz danışıqları bu prinsiplər əsasında davam etdirməyə hazırıq və əgər qarşı tərəf də belə addımlar atarsa məsələ tezliklə öz həllini tapa bilər. Bununla bərabər, o da heç kimə sirr deyil ki, biz hərbi gücümüzü artırırıq və artıracağıq. 2010-cu ildə bu rəqəmləri mən dəqiq xatırlayıram, başqa rəqəmləri də xatırlayıram. Amma bu rəqəmləri yaddaşımda xüsusilə dəqiq saxlayıram – 2011-ci ildə hərbi məsələlərə 3 milyard 413 milyon dollar xərclənmişdir, 2012-ci ildə 3 milyard 474 milyon. Yəni, təxminən eyni rəqəmdir. İki ildə görün, biz ordu quruculuğuna nə qədər böyük vəsait sərf edirik. Əvvəlki dövrdəki vəsaiti də əlavə etsək, biz də görərik və hamı da görər ki, bu gün Azərbaycan ordusu böyük imkanlara malikdir. Biz bölgədə ən güclü orduya malikik, maddi-texniki təchizat yüksək səviyyədədir, ən müasir silahlar, texnikalar, döyüş helikopterləri, döyüş təyyarələri, raketlər, artilleriya qurğuları, - hamısını sadalamaq çətindir, - alınır və bizimlə hərbi sahədə əməkdaşlıq edən ölkələrin coğrafiyası da genişlənir. Eyni zamanda, Azərbaycanda istehsal olunan hərbi məhsulların sayı və çeşidi artmaqdadır. Biz 600-ə yaxın çeşiddə hərbi məhsul istehsal edirik. Yəni, bu gün Azərbaycan ordusu böyük qüvvədir və biz bu qüvvədən lazım olan halda istifadə edə bilərik və edəcəyik.
Qarşı tərəf də bunu bilir. Ona görə də bizdə olan məlumata görə, qarşı tərəfdə - Ermənistanda Azərbaycanın hərbi imkanları ilə əlaqədar böyük təlaş və təşviş vardır. Biz bu məlumatları müxtəlif mənbələrdən alırıq və bizim imkanlarımıza cavab vermək üçün onların heç bir imkanı yoxdur. Necə ki, BMT Təhlükəsizlik Şurasına seçkilərdə onlar döyüş meydanından qaçmışlar. Çünki bilirsiniz ki, vaxtilə, yəni əvvəlki dövrdə Ermənistan da orada namizəd idi. Sonra sakitcə oradan çəkildilər. Çünki bilirdilər ki, Azərbaycanla mübarizə apara bilməyəcəklər. Eləcə də biz əsl döyüş meydanından da onların qaçmalarını dəfələrlə görmüşük. Onlara aid olmayan torpaqlardan öz xoşları ilə çıxsınlar və beləliklə, sülh bərpa oluna bilər.
Bizim hərbi potensialımız daha da artmalıdır. Biz indi hərbi xərcləri yüksək səviyyədə saxlayırıq. Müqayisə üçün deyə bilərəm ki, Ermənistanın ümumi xərcləri 2 milyard dollardır. Bizim hərbi xərclərimiz ondan təxminən 2 dəfə çoxdur. Yəni, bu, artıq reallıqdır. İllər keçdikcə bu fərq daha da artacaq, Azərbaycanın hərbi gücü artacaqdır. Hazırda imzalanmış kontraktların icrası nəticəsində indi demək istəmirəm, amma bizim döyüş qabiliyyətimiz əhəmiyyətli dərəcədə artacaqdır və məsələnin həlli üçün biz az itkilərlə daha da böyük uğurlar əldə edə bilərik. Ancaq yenə də deyirəm, Azərbaycan sülhsevər dövlətdir. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq onu da bilirik ki, hər il və hər ay bizi qələbəyə yaxınlaşdırır. Hər il və hər ay Azərbaycan daha da güclü, Ermənistan daha da gücsüz olur.
2011-ci ildə xarici siyasətlə bağlı digər təşəbbüslər də çox müsbət olmuşdur, tərəfdaşlarımızın sayı artmaqdadır. Həm mənim xarici səfərlərim, həm xarici qonaqların - dövlət, hökumət başçılarının Azərbaycana səfərləri xarici siyasətimizin nə qədər uğurlu olduğunu göstərir. Bu təmaslar bu il də davam edəcəkdir. Yenə də deyirəm, Azərbaycan dünyada çox etibarlı tərəfdaş kimi tanınır və bu il əlavə təşəbbüslər, yeni təşəbbüslər irəli sürüləcəkdir.
2011-ci il Azərbaycanda “Turizm ili” elan edilmişdir. “Turizm ili” ərzində bu sahəyə daha da böyük diqqət göstərilmişdir. Biz Azərbaycanı müasir, yüksək səviyyəli və elitar turizm mərkəzinə çevirməliyik. Mən dünya turizm xəritəsində Azərbaycanın yerini belə görürəm. Beynəlxalq qurumlarla əlaqələrimiz güclənir. Müxtəlif tədbirlər keçirilmişdir. Bizim gözəl, təbii şəraitimizlə tanış olmaq üçün gələnlərin sayı da artmaqdadır. Keçən il təkcə Bakıda beşulduzlu 3 mehmanxana açılmışdır. Bu il ən azı yenə də Bakıda beşulduzlu 3 yeni mehmanxana açılacaqdır. Bölgələrdə də bu proses gedir. İndi bölgələrdə beşulduzlu mehmanxanalar tikilir, ən azı 4-ü tikilir. Ən vacib turizm mərkəzlərinə özüm baş çəkirəm, vəziyyətlə tanış oluram.
Şahdağ Turizm Kompleksi bu il istifadəyə veriləcəkdir. Bu da dünya miqyasında nadir xizək kurortu olacaqdır. Mən hesab edirəm ki, dünyanın ən gözəl xizək mərkəzlərindən biri olacaqdır. Çünki dünyanın ən gözəl yerlərində olan müsbət təcrübəni biz ora gətiririk, tətbiq edirik. Yəni, 2011-ci ili “Turizm ili” elan etməyimiz də hesab edirəm ki, düzgün addım idi.
2011-ci ildə gördüyümüz bütün işləri burada sadalamaq üçün bir neçə saat vaxt lazım olacaqdır. Sadəcə olaraq, mən əsas məqamları bu gün ifadə edirəm. Vacib məsələlərdən biri də ondan ibarətdir ki, biz keçən il Azərbaycan Gəncliyi Proqramını qəbul etmişik. Bu, çox konkret proqramdır. Yəni, bu, sadəcə olaraq formal xarakter daşımır. Proqramın bütün müddəaları konkret nəticələrə gətirib çıxaracaqdır. Gənclər Fondu yaradılıbdır. İndi orada təşkilatlanma prosesi gedir. Bu proses başa çatan kimi dövlət tərəfindən Gənclər Fonduna ilkin vəsaiti ayıracağıq ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin, maksimum sayda gənclərimiz müxtəlif layihələrə cəlb olunsunlar. Bu fond qrantlar verəcək, müxtəlif proqramlar üzrə vəsait ayıracaqdır. Əlbəttə ki, bu fondun fəaliyyəti haqqında danışmaq bəlkə bir qədər tezdir. Ancaq əlbəttə, biz bilirik ki, əsas istiqamətlər hansılar olmalıdır. Bu fondun hesabına və əlbəttə ki, dövlət vəsaiti hesabına biz daha da böyük sayda gəncləri quruculuq işlərinə cəlb etməliyik. Gənclərdə çox böyük potensial, böyük enerji vardır, vətənpərvərlik hissləri çox yüksəkdir. Hər bir vətəndaş kimi, onlar da istəyirlər ki, ölkə üçün yaxşı işlər görsünlər. Bu fondun və digər formatların hesabına biz gəncləri quruculuq işlərinə daha da fəal cəlb edəcəyik.
Qeyd etməliyəm ki, hazırda fəaliyyət göstərən Elmin İnkişaf Fondunun təcrübəsi də çox müsbətdir. Yəni, bu fondun xətti ilə müxtəlif proqramların icrasında, o cümlədən gənclər, gənc alimlər də çox fəal iştirak edirlər. Gənclər Fondu da fəaliyyətini bu səpkidə, yəni, bu istiqamətdə aparmalıdır.
2011-ci ildə enerji sahəsində yaxşı işlər görülübdür. Bu, iqtisadiyyatımızın aparıcı sahəsidir. Bu gün də belədir, sabah da belə olacaqdır. Bu sahəyə daim böyük diqqət göstərilməlidir. Yeni elektrik stansiyalarının fəaliyyətə başlaması, yeni stansiyaların təməl daşının qoyulması, neft-qaz sahəsində görülən işlər, - alternativ bərpa olunan enerji növlərinin yaradılması sahəsində aparılan işlər, - bütün bunlar göz qabağındadır. 2011-ci ildə bunları biz etmişik, bu işləri biz görmüşük.
Azərbaycanın zəngin qaz potensialının dünya bazarlarına çıxarılması üçün 2011-ci ildə çox vacib hadisələr baş vermişdir. Bir neçə il ərzində üzərində işlədiyimiz tranzit məsələləri öz həllini tapmışdır. Böyük Azərbaycan qazı üçün demək olar ki, indi qapılar, tranzit yolları açılır. Bu, ölkə iqtisadiyyatına, neft-qaz sektoruna əlavə investisiyaların gətirilməsinə imkan verəcəkdir. Bu investisiyalar on milyard dollarla ölçüləcəkdir. Əlbəttə ki, yeni iş yerləri, yeni iş həcmləri açılacaqdır. Yerli şirkətlər indi bu işlərə daha hazırlıqlıdırlar, nəinki 1990-cı illərdə. Çünki 1990-cı illərdə bizdə demək olar ki, elə çox ciddi şirkətlər də yox idi. İndi, o cümlədən neft-qaz sektorunda görülən işlər hesabına Azərbaycanda sahibkarlar daha da güclənmişdir. İnşaat, enerji, istehsal sahələrində bizim böyük imkanlarımız, texnoparklarımız vardır. İndi neft-qaz sənayesində istənilən vacib məhsulları, boruları, digər məhsulları özümüz istehsal edirik. Yəni ki, bu o deməkdir ki, veriləcək sifarişlərdə daha çox Azərbaycan şirkətləri iştirak edəcəklər və büdcəmizə daha çox vergilər ödəyəcək, daha çox iş yerləri açacaqlar. Əlbəttə ki, bu zəncirvarı reaksiya hər bir sahəyə öz müsbət təsirini göstərəcəkdir.
Yəni, biz 2011-ci ildə bu vacib hədəfə çata bilmişik. Tranzit məsələləri həll olunub. 2011-ci ildə yeni böyük qaz yatağı aşkarlanıb. “Abşeron” qaz yatağında uğurlu kəşfiyyat işləri aparılmışdır. İlkin məlumatlara görə “Abşeron” yatağında 350 milyard kubmetr qaz ehtiyatları vardır. Azərbaycan Dövlət Neft Şirkəti öz gücü hesabına 2011-ci ildə “Ümid” yatağını aşkar etmişdir. Orada da təxminən həcm eynidir. Bu, bizim qaz potensialımızı böyük dərəcədə artırır. 2011-ci ilin əvvəlində, düz bir il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında qaz sahəsində strateji əməkdaşlıq haqqında bəyannamə imzalanmışdır. İl ərzində çox fəal və səmərəli işlər aparılmışdır. Xüsusi işçi qrupu yaradılmışdır. İşçi qrupuna Avropa Komissiyasının enerji üzrə komissarı və bizim energetika və sənaye nazirimiz rəhbərlik edirlər. Orada bütün bu məsələ ilə bağlı maraqlı olan şirkətlər iştirak edir. Başqa ölkələrin iştirakı ilə artıq üçtərəfli formatda da görüşlər keçirilir. Bu, yenilikdir. Bu yeniliyi yaradan amillər də bizim uğurlu enerji siyasətimizdir.
2011-ci il tarixdə Azərbaycanı böyük qaz dövlətinə və qaz ixracatçısına çevirən il kimi qalacaqdır. Əlbəttə biz bu il, ondan sonrakı illərdə daha da ciddi işləməliyik və əldə edilmiş razılaşmaları artıq real layihələrə çevirməliyik. Bu layihələri real boru xətlərinə, real terminallara, real investisiyalara çevirməliyik və əminəm ki, çevirəcəyik.
Bir daha demək istəyirəm ki, keçən il gördüyümüz işlər o qədər böyükdür və o qədər vacibdir ki, bu barədə bir neçə saat danışmaq olar. Mən öz giriş sözümdə əsas məsələlərə toxundum. İndi müzakirə zamanı bu məsələlərlə bağlı daha da geniş fikir mübadiləsi aparacağıq.