Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən iqtisadi və energetika sahələrində uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu münasibətlərin daha da genişlənməsi ilə bağlı yaxşı perspektivlərin olduğunu dedi. Prezident İlham Əliyev əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin Avropa İttifaqı, NATO və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyevin ölkəmizə səfərinin onun azərbaycanlı həmkarları ilə məhkəmə sistemi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.
Bolqarıstan Respublikasının Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın son illər sürətlə inkişaf etdiyini məmnunluqla vurğuladı. O, Bolqarıstanın və Azərbaycanın məhkəmə sistemi arasında əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu bildirdi və bu əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə etdi.