Prezident İlham Əliyev İtaliya Respublikasının ölkəmizdəki səfiri Ciampaolo Kutillonun etimadnaməsini qəbul etmişdir.
Səfir Ciampaolo Kutillo fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edərək tərəfdaşlıq səviyyəsinə qalxdığını vurğuladı. İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın ölkəmizə tarixi səfərini və səfər zamanı aparılan müzakirələri məmnunluqla xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından bu səfərin önəmini qeyd etdi. Dövlətimizin başçısı iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, sərmayə qoyuluşu və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.
Səfir Ciampaolo Kutillo Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. O, öz növbəsində İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Azərbaycana tarixi səfərinin əhəmiyyətinə toxundu. Ölkələrimiz arasında əməkdaşlığın enerji, ticarət, qarşılıqlı investisiya qoyuluşu, mədəniyyət, turizm, vətəndaş cəmiyyəti və digər sahələrdə daha da inkişaf etdirilməsinin önəmini qeyd edən səfir diplomatik fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini dedi.
Görüşdə Avropa İttifaqı çərçivəsində Azərbaycan ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.